Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Zahid Oruc: «Onlar sanki siqnal verirlər…»


Zahid Oruc
Zahid Oruc
«Azərbaycanın müstəqilliyi, sabitliyi elə bil ki, kimlərinsə hədəfindədir. Sanki bunun siqnallarını verirlər…»

Bunu parlamentin təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc deyir. Millət vəkili aprelin 30-u Neft Akademiyasında baş verən olayları «qanlı terror» adlandırır. O yada salır ki, Azərbaycan təqribən 15 il əvvəl də belə qanlı terror hadisələrinin hədəfinə çevrilmişdi.

Söhbət həmin vaxt bir-birinin ardınca Bakı metrosunda baş verən partlayışlardan gedir. O vaxt Azərbaycan böyük iqtisadi layihələrin astanasında idi. Bəs görəsən, indi Azərbaycanda gedən hansı proseslər kimlər üçün maneə sayıla bilər?

Zahid Oruc:

- Biz dünyada aparıcı resursların sahibiyik. Bu resurslar uğrunda savaşın da şiddəti artıb. Region böyük siyasət içindədir. Bunun alt qatında təxribatlar ola bilər. O vaxt neft marşrutları üstündə savaş gedirdi. İndi insanlar hədəf seçilib. Məqsəd eynidir. Onlar sanki siqnal verirlər, onlarla hesablaşmağın vacibliyini nümayiş etdirmək istəyirlər.

Z.Oruc deyir ki, faciədə günahkar sayılan Fərda Qədirovun Azərbaycana gəliş marşrutu da xeyli düşündürücüdür. Hüquq-mühafizə orqanlarından «Azadlıq» radiosuna verilən məlumata görə, artıq F.Qədirovun yaxınlarının da istintaqa cəlb ediləcəyi gözlənilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə düşünür ki, istintaq bütün inandırıcı versiyaların üzərində işləməlidir. Ə.Kərimliyə indilikdə daha inandırıcı görünən versiyalar hadisənin terror olması, onun məişət zəminində baş verməsi və qatilin psixikasındakı problemlərdir. Ancaq o düşünür ki, bu hadisə Azərbaycanın hüquq-mühafizə orqanlarının səriştəsizliyinin göstəricisidir.
Əli Kərimli
AXCP sədrinin fikrincə, ölkənin güc orqanları ictimai məsələlərdə fəallıq göstərsələr də, ağır təxribatların qarşısını almağa hazır deyillər. Son illər ölkədə baş verən sifarişli qətllərin üstünün açılmadığını yada salan Əli Kərimli, hesab edir ki, sivil ölkələrdə çoxdan hüquq-mühafizə orqanlarının rəhbərləri istefa verərdilər. Ancaq o, bunun indi baş verəcəyini inandırıcı hesab etmir:

- Bunlar hakimiyyəti qəsb ediblər. Seçkiləri saxtalaşdırıb siyasi hakimiyyətin ömrünü uzadan bir qüvvə, belə bir hadisədən mütəəssir olarmı? Peşman olarmı? Yox!

Zahid Oruc isə düşünür ki, indi hüquq-mühafizə orqanlarının istefa vermələri terrorun öz məqsədinə çatması olardı. Baş verən qanlı olayın daha da genişlənməməsini hüquq-mühafizə orqanlarının xidməti ilə izah edən millət vəkili, bununla belə, təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinin tərəfdarıdır.

Bəs görək sıravi vətəndaşlar bu məsələ ətrafında nə düşünürlər?

- Kif atıb onlar. Hamısı çoxdanın akulalarıdır. Çoxdan dəyişməlidirlər.

- Yox, istefa lazım deyil. Sadəcə, təhlükəsizlik tədbirləri güclənməlidir.

- Hadiəsnin məsuliyyəti onların üzərinə düşür. Gərək xalqdan üzr istəyəydilər. Mən dövlətin matəm edəcəyini gözləyirdim.

- Söz veriblər, demək bundan sonra ölüm-itim olmayacaq.
XS
SM
MD
LG