Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

Parlament prezidentdən alimlərin maaşının artırılmasını xahiş edəcək


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Elmlər namizədi Müşfiq Şükürlü: «Mən o fikirlə razı deyiləm ki, elm ancaq fanatiklərin çiyinləri üzərində dayanır»


Parlamentin İqtisadiyyat Komissiyası təklif edir ki, elmlər namizədləri və doktorlarının maaşları 350-550 dolara qədər qaldırılsın. Hazırda elmlər namizədi elmi adına görə maaşdan əlavə 30 yeni manat, elmlər doktoru isə 50 manat alır. Söhbət elmi tədqiqat institutlarında tam ştat işləyənlərdən gedir. Milli Elmlər Akademiyasında çalışan elmlər namizədi Müşfiq Şükürlü ailəlidir, 2 övladı var. Deyir ki, aldığı maaş normal dolanışığa bəs etmir: «Bir adamın gündəlik dolanışıq xərci 5 manatdan ucuz başa gəlmir. 100 dollar bir ailəyə necə bəs edə bilər?»


Akademiyada aldığı maaş bəs etmədiyi üçün Müşfiq Şükürlü özəl ali məktəblərin birində saathesabı dərs deyir. 100 dollarlıq maaşından əlavə bir 20 dollar da bundan qazanır. Cənab Şükürlü deyir ki, dolanışığın çətinliyi dərdi alimin elmi araşdırmalara kifayət qədər vaxt ayırmasına imkan vermir: «Mən gərək yeni çıxan kitabları alıb oxuyum, tədqiqatlarla bağlı kargüzarlıq xərcləri də olur. Mən o fikirlə razı deyiləm ki, elm ancaq fanatiklərin çiyinləri üzərində dayanır. Bu, qeyri-ciddi söhbətdir. Hətta Nyuton da Kral Akademiyasının üzvü olmasaydı, elmə kifayət qədər vaxt ayıra bilməzdi. Əgər sən dolanışıq üçün pul axtarırsansa, elmi həqiqət axtara bilməzsən».


Milli Məclisin Elm və Təhsil Məsələləri Komissiyasının sədri Şəmsəddin Hacıyevsə, deyir ki, maaşların artırılması təklifi alimlərdən aldıqları çoxsaylı müraciətlərin nəticəsidir. Onun sözlərinə görə, həmin müraciətlər əsaslıdır. Komissiya sədri deyir ki, dövlət büdcəsinin gəlirləri xeyli artıb və artıq alimlərin maaşının bir neçə dəfə artırılması üçün imkanlar var.


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Samir Əliyev də vətəndaşların maddi vəziyyətinin yaxşılaşmasına yönələn təşəbbüsləri alqışlayır. Amma hesab edir ki, maaş artımları büdcəni yükləmək hesabına aparılmamalıdır: «Attestasiya aparılmalı və alim kontingentinin bir hissəsi ixtisar edilməlidir. Bu zaman qənaət edilən vəsaiti isə, maaşların artırılmasına yönəltmək olar».


Amma Şəmsəddin Hacıyev məsələnin bu cür qoyuluşuna etiraz edir: «Təhsil sahəsində islahatlar aparılır, bu sahədə uğurlar da var. Bizim alimlərin də əksəriyyəti savadlı insanlardır».


İqtisadçı ekspert Samir Əliyev isə, hesab edir ki, neft gəlirlərinin artmasını bir neçə qat maaş artımlarına sərf etmək effektiv siyasət sayıla bilməz. Onun fikrincə, bu, ölkədə inflyasiyanı sürətləndirir və nəticədə əhalinin kasıb təbəqəsinin dolanışığını pisləşdirir. Bundan başqa, onun fikrincə, dünya bazarlarında neftin qiymətinin bahalaşması hesabına əldə olunan gəlirləri maaş artımlarına sərf etmək risklidir, qiymətlər sonradan düşə də bilər.


İndi Azərbaycanda 10 minə yaxın alim var. Parlament üzvlərinin hesablamalarına görə, elmlər doktoru və professorların maaşının 500 yeni manata, elmlər namizədi və dosentlərin maaşının isə 350 yeni manata qədər artırılması üçün ildə 22 milyon manat lazımdır.


Milli Məclisin Elm və Təhsil Məsələləri Komissiyası alimlərin maaşlarının artırılmasıyla bağlı yaxın günlərdə prezidentə müraciət edəcək.


XS
SM
MD
LG