Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

Hacı Məmmədovun dəstəsinin hazırlıq iclası iyulun 5-də davam etdiriləcək


İyulun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərlik etdiyi 26 nəfərlik dəstənin işi üzrə məhkəmənin hazırlıq iclası başladı. Təqsirləndirilənlərin arasında həmçinin DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov, polkovnik Kamil Sədrəddinov, Nərimanov Rayon Mühafizə İdarəsinin eks baş inspektoru Eldar Rəhimov və Daxili Qoşunların keçmiş yüksək vəzifəli şəxsləri də var. Təqsirləndirilənlərin dörd nəfəri Çeçenistandan olan Rusiya vətəndaşlarıdır.


Dəstə çoxsaylı qətllər və adam oğurluğu törətməkdə ittiham olunur.


Qrupun qətlə yetirdiyi iddia olunan AFFA-nın keçmiş vitse-prezidenti Fətulla Hüseynovun oğlu Tahir Hüseynov cinayət işinin təkrar istintaqa qaytarılmasını istədi: «Mənə iş materialları ilə tanış olmaq üçün şərait yaratmayıblar, istintaqın qurtarması haqqında xəbərdarlıq etməyiblər. Cinayət-Prosessual Məcəlləsinin normaları pozulduğu üçün iş ibtidai istintaqa qaytarlımalıdır».


Zakir Nəsirovun vəkili Adil İsmayılov da istintaqın yenidən aparılmasını istədi: «İstintaq natamam və birtərəfli aparılıb, bütün məsələlər araşdırılmayıb. Bu vəziyyətdə işə məhkəmədə baxmaq mümkün deyil. Bir sıra adamlar - Baş prokuror, müavinləri və başqaları şahid kimi dindirilməliydi».


Hazırlıq iclası iyulun 5-də davam edəcək.


Hacı Məmmədovun rəhbərlik etdiyi deyilən bu qrup 10 il ərzində sifarişli qətllər törətməkdə və adam oğurluğu ilə məşğul olmaqda günahlandırılır. Qrupu 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Beynəlxalq Bankının prezidentinin həyat yoldaşının azad edilməsi ilə bağlı keçirdiyi «Qara kəmər» adlı xüsusi əməliyyatdan sonra zərərsizləşdirib.


XS
SM
MD
LG