Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Ölkədə hələ istifadə olunmayan 4 milyona yaxın özəlləşdirmə payı var


Azərbaycanda özəlləşdirmə prosesinin 10-cu ildönümü qeyd olundu
Azərbaycanda özəlləşdirmə prosesinin 10-cu ildönümü qeyd olundu

İyulun 12-də Bakı Əyləncə Mərkəzinə Azərbaycanda özəlləşdirmə prosesinə başlanmasının 10-cu ildönümü yaşını qeyd edildi. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov 10 il ərzində özəlləşdirmənin hüquqi bazasının yaradılması üçün 50 normativ-hüquqi sənədin qəbul olunduğunu, 30 nazirlik, dövlət şirkəti və konsernin ləğv edildiyini, 1500 səhmdar cəmiyyəti yaradıldığını bildirdi. Kərəm Həsənovun sözlərinə görə, 10 il əvvəl buraxılan özəlləşdirmə paylarıyla 35 min kiçik müəssisə və obyekt özəlləşdirilib, 120 min vətəndaş səhmdar, 300 min nəfərdən çoxu isə kiçik müəssisə payçısı olub. Dövlət Komitəsinin sədri onu da dedi ki, 1996-cı ildə buraxılan 8 milyon özəlləşdirmə payının bu günə kimi ancaq yarısından istifadə olunub və 1 milyona yaxın insan özəlləşdirmədən bu və ya digər dərəcədə yararlanıb. Dövlət Komitəsinin rəhbəri bildirdi ki, hələ istifadə olunmayan 4 milyona yaxın özəlləşdirmə payı var.


Müstəqil ekspertlərin hesablamalarına görə, bu payların 3 milyona qədəri xarici sərmayədarların, qalan 1 milyonu isə sıravi vətəndaşların əlindədir. "Turan" İnformasiya Agentliyinin eksperti Hafiz Babalının fikrincə, bu günə kimi çeklərindən istifadə eləməyənlər artıq nəsə böyük gəlirə ümid eləməsə də olar, çünki özəlləşdirmənin qızıl dövrü artıq çoxdan arxada qalıb.


Özəlləşdirmənin qızıl dövrü 1997-1998-ci illərdə olub. Yeni formalaşdırılan səhmdar cəmiyyətlərin yarıdan çoxu həmin vaxt özəlləşdirilib. O vaxtı bir paya görə alınan səhmlərin real dəyəri bu gün 1000-5000 yeni manatdır. İndiki çekləri isə səhmə dəyişəndə nominal dəyəri 20-50 manat arasında olur.


Prezident Aparatının İqtisadiyyat Şöbəsinin müdiri Mayıl Rəhimov bu günə kimi istifadə olunmayan özəlləşdirmə çekləriylə bağlı deyir: «Dövlət şərait yaratmışdı ki, vətəndaşlar dövlət obyektlərinin özəlləşdirilməsində çeklərindən istifadə eləsinlər. İstifadə edənlər də oldu, etməyənlər də. Kimin haqlı olduğunu isə ancaq zaman göstərə bilər».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov özəlləşdirmə prosesinin hələ tamamlanmadığını və bəzi obyektlərin də 2008-ci il yanvarın birinə kimi özəlləşdirməyə açılacağını dedi. Amma qalan il yarım müddət ərzində hansı proqram üzrə işlərin aparılacağını və müəssisələrin profillərini açıqlamadı. Kərəm Həsənov iki ay bundan öncə isə 2008-ci ilə qədər qüvvədə olacaq çeklərdən rabitə, hava, su nəqliyyatı, maşınqayırma və başqa sahələrdəki iri müəssisələrin özəlləşdirilməsində istifadə etməyin mümkün olacağını bildirmişdi. Amma artıq 7 ayı geridə qalan 2006-cı ildə cəmi iki çek hərracı keçirilib ki, bu hərraclarda da dövriyyədəki 4 milyon paydan ancaq 30 min özəlləşdirmə payı silinib.


Ekspert Hafiz Babalının fikrincə, özəlləşdirmə prosesi heç də göstərilən müddətdə - 2008-ci ilin yanvarın 1-ə kimi başa çatmayacaq: «Çünki Dövlət Komitəsinin gördüyü tədbirlər və aparılan işlərin tempi belə deməyə əsas verir».


Azərbaycandakı özəlləşdirmə prosesinin 10 illiyinə həsr olunan mərasimə qatılan beynəlxalq maliyyə qurumlarının nümayəndələri də özəlləşdirmənin tempindən heç də razı görünmürdülər. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Reymond Konvey prosesi stimullaşdırmaqdan ötrü, özəlləşdirmədən öncə və sonrakı dövrlərdə özəlləşdirilən müəssisələrin maliyyələşdirilməsində iştirak etməyə hazır olduqlarını dedi.
XS
SM
MD
LG