Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:00

ATƏT «Yeni Fikir»çilər haqda hökmün sərt olduğu qənaətindədir


ATƏT-in Bakı Ofisi iyulun 13-də bəyanat yayıb
ATƏT-in Bakı Ofisi iyulun 13-də bəyanat yayıb

ATƏT-in Bakı Ofisi «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və onun müavinləri Səid Nuriyevlə Ramin Tağıyev haqqında çıxarılmış məhkəmə hökmünün həddindən artıq sərt olduğu qənaətindədir.


İyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə «Yeni Fikir» GT-nin sədri Ruslan Bəşirli, onun müavinləri Ramin Tağıyev və Səid Nuriyev 4 ildən 7 ilədək azadlıqdan məhrum olunublar.


ATƏT-in Bakı Ofisi iyulun 13-də yaydığı bəyanatında hökmü sərt hesab etməklə yanaşı, məhkəmə prosesinin beynəlxalq öhdəliklərə və yerli qanunvericiliyə uyğun şəkildə keçirilmədiyini bildirib. Ofis Azərbaycan hökumətini məhkəmə prosesləri zamanı fərdi azadlıqların tam təmin olunması yönündə təcili addımlar atmağa çağırır.


Hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, ATƏT-in Bakı Ofisinin Azərbaycan məhkəməsinin çıxardığı hökmə münasibət bildirməsi qurumun prinsiplərinə ziddir: «ATƏT-in bəyanatı siyasi təzyiq vasitəsi sayıla bilər və yolverilməzdir».



ABŞ-ın Azərbaycandakı səfirliyi də «Yeni Fikir»çilər barədə çıxarılan hökmə münasibətini açıqlayıb. Səfirlik bildirir ki, qanun qarşısında bərabər müdafiə hüququ, qərəzsiz mühakimə bütün demokratik cəmiyyətlərin təməl prinsipləridir. Bu, Azərbaycan qanunlarında da, beynəlxalq sənədlərdə də əksini tapıb. Amma sözügedən iş həmin prinsiplərə riayət olunmamasına dəlalət edir. Məhkəmə qərarını öyrənən səfirlik məsələylə bağlı dərin narahatlıq keçirdiyini bildirir və hökuməti kriminal ədalətin ən yüksək standartlarına və insan hüquqlarına riayət etməyə çağırır.


Müxalifət partiyalarının birləşdiyi «Azadlıq» seçki blokuna yaxın olan «Yeni Fikir» Gənclər Təşkilatının rəhbərləri 2005-ci ilin avqustunda həbs olunublar. Onlar hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunurlar.


XS
SM
MD
LG