Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:58

Yetişdi istirahət vaxtı...


Ölkə daxilində 200 000 nəfər dincəlib
Ölkə daxilində 200 000 nəfər dincəlib
Turizm mövsümü yaxınlaşdıqca, «harada dincəlməli» sualı çoxlarını düşündürür. Bakı sakini Gülər Əliyeva da neçə ildir həyata keçirə bilmədiyi arzusunu reallaşdırmaq istəyir - yay məzuniyyəti vaxtı ailəsi ilə birlikdə istirahətə getməyi planlaşdırır. Deyir ki, həm ölkə daxilindəki, həm də xaricdəki turizm yerləri ilə maraqlanır. Ölçür - biçir ki, görsün, dincəlmək arzusunu həyat keçirə biləcəkmi:

«Elə Azərbaycanda da çox gözəl yerlər var. Ancaq maraqlanıram, deyəsən bahadır, görək, qismət» .

DUBAY, AZƏRBAYCAN - EYNİ QİYMƏTƏ

Gülər kimi istirahət yerlərinin bahalığından şikayətlənənlər çoxdur. Keçən il istirahətini Dubayda keçirmiş Xalid Məmmədov isə deyir ki, Dubaydakı birhəftəlik istirahətlə Azərbaycandakı istirahət az qala eyni qiymətə başa gəlirmiş. Ona görə də o, Dubayı seçib:

«Fikirləşdim ki, elə ora gedərəm, dünyanın başqa bir şəhərini görərəm».

Azərbaycanın istirahət yerlərində qiymətlərin baha olması fikriylə bu sahə ilə məşğul olanlar özləri də razıdır. Lerikdə turizmlə məşğul olan sahibkar Əhmədağa Ağayev deyir ki, bahalığın səbəbi daha çox xərclərlə bağlıdır:

«Bizdə qiymətlər bir gün üçün 50 manatdan 100-120 manata qədərdir. Mən razıyam ki, Azərbaycanda bu sahədə qiymətlər bahadır. Ya gərək bunu özləri tənzimləsin, ya da kömək olunsun. Çünki xərclər
Məhəmməd Talıblı
çoxdur».

İqtisadçılar da sahibkarlar kimi deyirlər ki, turizmin inkişafı üçün bu sahəyə güzəştlər olmalıdır.

VERGİ TƏTİLİ

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı deyir ki, bu sahəyə kreditlərin verilməsi mümkündür. Həm də adi kreditlər yox, güzəştli və dövlət zəmanəti ilə verilə bilər:

«Eyni zamanda vergi tətili tətbiq oluna bilər. Belə bir metod mümkündür. Dünyanın inkişaf etmiş ölkələrində hər hansı bir sektorda inkişafın birinci mərhələsində dövlət onlara dolayı subsidiyalaşma siyasəti tətbiq edir. Bu zaman həmin şirkətlər hər hansı bir zaman kəsiyi üçün vergilərdən tam azad olur, ya da çox rəmzi vergi ödəyirlər».

Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev isə bildirir ki, Azərbaycanda turizm yeni bir sahədir. Bu sahəyə hər hansı güzəştlər isə hələlik nəzərdə tutulmur:

«Belə məsələlərə baxılmır. Güzəştlər məsələsi gündəlikdə deyil. Gələcəkdə ola bilər».

Bahalığa gəldikdə isə, nazirlik rəsmisi deyir ki, bazar iqtisadiyyatı olduğu üçün dövlət bu işə qarışa bilmir:

OTEL ÇOX OLARSA...

Aydın İsmiyev
«Azərbaycanda qiymətlərin bahalığına gəldikdə, iş ondadır ki, bu, turizm şirkətlərindən asılı deyil. Dubayda 1500 - 2000-ə yaxın otel var. Azərbaycanda isə hazırda 500-ə yaxın otel fəaliyyət göstərir. Yay mövsümü vaxtı regionlarda yer çatışmazlığı müşahidə olunur. Dəfələrlə qiymət məsələsini müzakirə etmişik. Lakin mehmanxana biznesi özəl sektordur. Dövlət olaraq onların işlərinə, qiymətlərinə müdaxilə etmək düz olmaz. Çünki hər otel öz işini özü planlaşdırır. Bu, bazar iqtisadiyyatı, rəqabətdir. Otel nə qədər çox olsa, qiymətlər də yavaş-yavaş düşər».

Bu yaxınlarda «Bakı Tur» şirkətinin rəhbəri Faiz Məmmədov bildirib ki, turizm obyektlərində müxtəlif dövlət qurumlarının apardığı yersiz yoxlamalar bu sahədə qiymətlərin 20-30 faiz artmasına səbəb olur. Aydın İsmiyev deyir ki, belə yoxlamalar mümkün deyil, olsa-olsa monitorinqlər keçirilə bilər. Turizmlə məşğul olan Əhmədağa Ağayev isə deyir ki, belə yoxlamalar əvvəllər olub:

ÖZ ÖLKƏMİZDƏ DİNCƏLƏK?


«Əvvəl olub, ancaq indi yox. Allaha şükür, sakitçilikdir. Korrupsiya qarşı mübarizə ilə bağlı cənab prezidentin göstərişindən sonra hər şey yaxşıdır».

Mədəniyyət və Turizm Nazirliyi isə bu il ölkəyə daha çox turistin gələcəyinə, həm də yerli turistlərin daha çox ölkədaxili istirahət yerlərində dincələcəyinə ümid edir. Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev bunun səbəbini belə izah edir ki, Azərbaycan əcnəbi vətəndaşlara vizanın verilməsi prosesini bir qədər də sadələşdirib. Təkcə bu il ölkədə 6 yeni beşulduzlu mehmanxana istifadəyə veriləcək.

Nazirliyin məlumatına görə, keçən il yay istirahət mövsümündə 60-70 min Azərbaycan vətəndaşı xarici ölkələrdə istirahət edib. Ölkə daxilində isə 200 000 nəfər dincəlib.
XS
SM
MD
LG