Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:17

Fətullah Gülən kimdir?


Fətullah Gülən
Fətullah Gülən
Britaniyanın Financial Times qəzeti dini lider Fətullah Gülənin kimliyini, ideyalarını, nüfuzunun səbəblərini araşdırmağa çalışıb.

GÜLƏN VƏ MƏKTƏBLƏR

Qəzet yazır ki, Gülən Amerikanın Pensilvaniya ştatında yaşayır.
Bir çox ölkələrdə məktəblər şəbəkəsi yaradıb.
Bu məktəblərdə məqsəd dünya iqtisadiyyatında uğur qazana biləcək əqidəli “qızıl gənclik” yetişdirməkdir.
Məktəblərdə həm elmi biliklər, həm də mənəvi təhsil verilir. Mənəviyyat islam dəyərlərinə əsaslanır.

Diyarbakırdakı 20 məktəbdən birinin direktoru deyir ki, “Bu məktəblər təkcə riyaziyyatı və ya ingilis dilini öyrətmək üçün deyil. Burda yaxşı adam və pis adam nədir? – izah olunur. Bu məktəblərin heç birində din tədris olunmur. Biz tələbələrə yalnız onu deyirik ki, nə düzdür , nə səhvdir. Biz onlara yaxşını, pisi göstəririk, nəticəni özləri çıxarır”.

Türkiyənin özündə Fətullah Gülənə münasibət ikilidir. Bəziləri onu tolerantlığın və çevikliyin nümunəsi hesab edirlər, bəziləri isə fikirləşir ki, Gülən Türkiyənin dünyəvi dövlətçiliyinin əsaslarını dağıtmaqla məşğuldur.

Güləni və onun tərəfdarlarını “islam yezuitləri” adlandırırlar.

İstənilən halda, onun ruhlandırdığı hərəkat indi Türkiyədə əhəmiyyətli gücə malikdir.

GÜLƏN VƏ BİZNES

Keçən əsrdə Türkiyədə iqtisadiyyat bir neçə iri şirkətin əlində idi. Bu şirkətlərin sahibləri də İstanbulun biznes elitasını təşkil edən dünyəvi düşüncəli bir neçə ailə idi.

İndi isə orta sinifdə mühafizəkar, dinə meyilli əyalət biznesmenlərinin sayı qat-qat artıb.
Financial Times qəzetinin fikrincə, orta sinfin tərkibindəki bu dəyişiklik 25 minlik Gülən icmasının nüfuzunun artmasına zəmin yaradır.

TUSKON

Tuskon belə mühafizəkar iş adamlarını birləşdirən assosiasiyalardan biridir.

Tuskonun prezidenti Rizanur Meral Financial Times qəzetinə deyir ki, “ Tuskonda müxtəlif düşüncəli adamlar var, ancaq onların əksəriyyəti Gülənin ideyalarını dəstəkləyir”.

Bu o iş adamlarıdır ki, kommunizm dağılanda Gülən Balkanlarda və Orta Asiyada məktəblər yaratmağa və biznes qurmağa çağıranda onun çağırışına səs verdilər.

Tuskon indi Afrikanın Böyük Səhra ölkələri və Yaxın Şərq bazarlarına girməkdə Türkiyənin səylərini genişləndirir. Əslində Tuskon bir növ çətir rolunu oynayır.

Hərçənd Türkiyənin xarici işlər nazirliyinin rəsmiləri Gülənin ruhlandırdığı layihələrdən məsafə saxlayırlar, ancaq nazirlər bu layihələri Türkiyənin nüfuzunun yumşaq şəkildə genişləndirilməsinin yaxşı nümunəsi sayırlar.
Nazirlər xaricdə olanda Tuskon onları Türk məktəblərinə aparır.

Keçən şənbə günü Meral Financial Timesla səhər tezdən olmalı müsahibəni güclə vaxt tapıb, gecə yarıya keçirtdi. Çünki bərk məşğul idi.

Tuskon baş nazir Ərdoğanı Rusiya səfərində müşayət edirdi.
Tuskon Türkiyə prezidenti Abdulla Gülün Qanaya və Qabona səfərlərinin təşkilinə kömək edib.

Meral təkid edir ki, Tuskon siyasətdən uzaqdır, Tuskon hökumət siyasəti ilə konfliktə getmək istəmir.

Ancaq Tuskonun nümayəndələri Afrikada da var. Onlar burda səfirliklərin və Türk Hava yollarının yeni yollarının açılmasına uğurla lobbilik etdilər.

Meralın sözlərinə görə, Tuskonun əsas vəzifəsi qlobal iqtisadiyyatı anlamaqda xırda və orta biznesə kömək etməkdir və onları yeni bazarlara çıxarmaqdır.
Tuskon Türkiyə daxilində xeyriyyə tədbirlərində də iştirak edir və kürd regionlarına investisiya qoyur. Meral deyir ki, ölkənin şərqindən çıxan iş adamlarının çoxusu hesab edir ki, bu kasıb regionlara pul qoymaq onların mənəvi borcudur.

Meral: “Tuskon yeni üzvlər seçməkdə ehtiyatlıdır. Əsas meyar odur ki, bu adamlar düz adam olsunlar, biznes etikasına riayət etsinləır”.

HİZMƏT

Hazırda Pensilvaniyanın Saylorsburg şəhərciyində yaşayan Gülənin sağlamlıq problemləri var. O öz tərəfdarları ilə çap olunan yazıları və çıxışları ilə əlaqə saxlayır.

Tərəfdarlarının “Hizmət”, yəni xidmət dediyi bu işin nədən ibarət olması Türkiyə sərhədlərini
aşıb-keçib.
Gülənin çağırışı ilə türk biznesmenləri Azərbaycandan , Qazaxıstandan tutmuş Kambocayacan, Amerikadan tutmuş İraqacan türk məktəbləri açdılar. İndi də Şimali Afrikada açırlar.

Gülənin ruhlandırdığı biznesmenlər yeni bazarlara çıxan türk biznesmenlərinin önündə gedirlər. Ankara dünya işlərinin mərkəzində özünə yer qazanmaq istədiyi vaxt onlar Türkiyəyə yeni imic qazanmasına kömək edirlər.

Gülənpərəst Zaman qəzetinin köşə yazarı Kərim Balçı deyir ki, Hizmət insanlar arasındakı qeyri-bərabərliyi aradan qaldırır.
Onun özü kənddən gəlib.
“Hizmət mənə təhsil verdi, ali məktəbi qurtardım. Hizmət mənə öz qurumunda iş verdi. Ancaq məni burda saxlayan real hərəkətdir. Mən onu nəzərdə tuturam ki, burda qarşıma vəzifələr qoyuldu”.

İcmaya belə bağlılıq və icmaya belə qarışma gülənçilər üçün səciyyəvidir. Demək olar ki, icmanın hər bir üzvü öz gəlirinin 20 faizinə qədərini icmaya ianə verir.

İMAMIN ORDUSU

Gülənin gördüyü işlər bir tərəfdə heyranlıq doğurur, o biri tərəfdə isə narahatdırlar ki, islamçı AK partiyanın hakimiyyəti dövründə əl-qol açan gülənçilər bütün dövlət qurumlarına sirayət edəcəklər.

Bu qorxuların əsası var. Keçən ay polis İstanbul nəşriyyatlarının birində “İmamın ordusu” adlı kitabın əlyazmasını müsadirə etməyə gəldi.

Həmin kitabı yazan jurnalist Əhməd Şık bir neçə həftə əvvəl həbsə atılıb. O hökuməti devirmək planında ittiham olunan Ergenekon şəbəkəsinin üzvü olmaqda təqsirli bilinib.
“İmamın ordusu” kitabı polisdəki Gülən tərəfdarları haqdadır.

Maraqlıdır ki, prokuror İlhan Cihaner Gülən icmasının yerli təşkilatlarını araşdırdı, onu Ergenekonun üzvü olmaq ittihamı ilə tutdular.

Keçmiş polis rəisi Hənəfi Avçı Gülən hərəkatından kitab yazdı, onu da tutdular.

Jurnalist Nədim Sener isə fevralda həbs olunub.
O Hizmət üzvlərinin gənclərə necə nüfuz qazanmağından və kommersiya işlərinə necə sirayət etmələrindən araşdırma aparmışdı.

Jurnalst Şıkı polis maşına basanda o qışqırıb ki, “ona kim toxunursa, yanır”.

“İmamın ordusu” kitabı internetə qoyulan kimi 24 saat ərzində onu 100 min dəfə yükləyiblər.

GÜLƏN KİMDİR?

Gülən 1941-ci ildə Ərzurumda anadan olub.
Həmişə çox mütaliə etməyi ilə diqqəti çəkib.
Onun özü Səid Nursinin təsiri altında olub.
Nursi həmişə siyasətdən uzaqlığı, tolerantlığı təbliğ edirdi.

Gülən Dövlət xidmətində imam kimi fəaliyyətə başlayıb. Bu o vaxtlar idi ki, Türkiyə ifrat dünyəviliklə ifrat mühafizəkarlıq arasında seçim edirdi.
Gülən İslamı tolerant, zorakılığı pisləyən və müasirliyə çağıran din kimi təbliğ edirdi. O kasıblığı aradan qaldırmaq üçün hərəkət etməyə, təhsilə, dinlər arasında dialoqa çağırırdı.

Londondakı Bill Park Kral kollecində çıxış edərkən Gülən öz ideyalarını belə təsvir edib ki, bunlar “inamın, mənliyin, maddi tərəqqinin, demokratikləşmənin və dialoqun qarışığı” idi.
Belə mesajlar Gülənin Qərbdə yerləşməsinə imkan verdi.

O Türkiyəni isə 1999-cu ildə tərk edib. O vaxt islamçıları sıxışdırırdılar və Güləni məhkəmə gözləyirdi.

Jurnalist Balçı deyir ki, o vaxtki islamçı partiyalar seçkilərə qatıldığı vaxt “Gülən siyasi ambisiyalarının olmadığını bildirirdi. O həmişə hakimiyyətə hörmət etməyə çağırırdı. O deyirdi ki, lazım gəlsə dindar dünyəvi məktəbdə oxumalıdır.”

Başqa jurnalist, dini məsələlər üzrə şərhçi Mustafa Akyol deyir ki, “Nursi-Gülən ənənəsi islamçı dövlət yaratmağı nəzərdə tutmur. O daha çox liberal-demokratik dövlət istəyir ki, öz missioner işini görə bilsin”.

GÜLƏN ÖZ FİKİRLƏRİ HAQDA

Gülən nadir hallarda müsahibə verir. Onun sözçüsü yoxdur. O sadəcə olaraq öz vebsaytında 80-dən çox sual-cavab siyahısını dərc etməklə kifayətlənir.

O təkid edir ki, məktəblərin maliyyələşməsi və idarə olunması ilə heç bir əlaqəsi yoxdur. Kitabdan və paltardan başqa heç nəyi yoxdur.

Dövlət qurumlarına nüfuz etmək fikri yoxdur.

O Hizmətin “hərəkat” sözü ilə təsvir olunmasının əleyhinədir, çünki hərəkatda siyasət məqsəd olur.
O “ardıcıllar” və ya “üzvlər” sözlərini də rədd edir.

Ancaq Gülənpərəst media həmişə siyasi gündəlikdədir.
Zaman qəzeti hərbçilərin siyasətə qarışmasına son qoymaq yolunda əlindən gələni etdi, Ergenekon istintaqının işıqlandırılmasına da geniş yer verir.

SİYASƏTƏ QARIŞDI...

Gülənin özü siyasətə birbaşa müdaxiləni keçən il etdi. Hərbi era konstitusiyasını dəyişmək üçün keçirilən referendumda “hə” deməyə çağırdı.

Gülən dedi ki, “ mən arzulayıram ki, imkanımız olaydı, qəbirdə yatanları da oyadıb, “hə” deməyə çağıra biləydik”.

Gülənin belə deməyi hətta onun ardıcılları üçün gözlənilməz oldu. Hətta yozumlar var ki, Gülən seçkilərdə iştirak edə bilər.

İstanbuldakı şərhçi Gareth Jenkins hesab edir ki, əgər Ərdoğanla Gül arasında rəqabət güclənsə, gülənçilərin dayağı həlledici ola bilər.

“Gülən tərəfdarlarının fikrincə, AK partiya Türkiyə üçün ən yaxşı variantdır. Ancaq heç bir siyasətçi qarşı tərəfdə güc mərkəzinin yaranmağını xoşlamır- ona görə Ərdoğanla Gül arasında bir problem görünən kimi Gülənpərəst media Gülü dəstəkləyir”.

GÜLƏNDƏN DANIŞMAQ TƏHLÜKƏLİDİR..

Bəziləri Hizmətin ideoloji nüfuzunun əslində zəif olduğunu, şəxsi əlaqələrin mühüm rol oynadığı deyirlər.

İstanbulun Bahçeşehir Universitetindən Binnaz Toprak əyalətlərdəki yerli biznesmenləri danışdırmaqla ətraflı araşdırma aparıb.

İş adamları deyirlər ki, icmada birləşmək işini qabağa aparmağın yeganə yoludur. Üzv olmasan, tenderlərdən qıraqda qalacaqsan və s.
Çoxları Zaman qəzetini də belə təzyiqlərə görə alır və yaxud yerli iclaslara buna görə gedir, əqidəyə görə yox.

Diyarbakırda çoxları Hizməti yerli kürd qruplarına rəqib sayırlar.
Onlar adlarının çəkilməsini istəmirlər, çünki “Gülən haqda danışmaq təhlükəli işdir. Onun haqda danışanda nəsə olmalıdır”.

Hizmətin kimlərdən ibarət olmasını demək çətindir.
Gülənpərəst təşkilatlar öz işləri haqda həvəslə danışırlar. Adamlara gəldikdə, onlar Gülənə öz simpatiyalarını gizlədirlər.

Hərəkatın sərhədləri qaranlıqdır. Hizmətin üzvlər siyahısı və ya maliyyə hesabatları yoxdur.
Bir biznesmen Qırğızıstanda məktəb aça bilər, bir nəfər bir tələbəyə kömək göstərə bilər.

Houston Universitetində Gülən təşkilatlarının maliyyəsini öyrənən Helen Ebau deyir ki, Hizmətdə nə qədər adamın birləşdiyini demək olmaz, çünki burda aşağıdan yuxarıya tabeçilik yoxdur. Bu, mərkəzləşməmiş qurumdur.

Tərəfdarları deyirlər ki, Hizmətin gücü onun qeyri-müəyyənliyindədir.

Ancaq Hizmət genişlənməkdə davam edir və nüfuzu artır. Onun strukturunun olmaması təsadüfi adamlara yol açmırmı?

Gülən Şıkın kitabı ilə bağlı bəyanat verib ki, o bu kitabın sıxışdırılmasını istəmir.

Ancaq belə fikirlər var ki, nəşriyyata polis reydini təşkil edən elə polisdəki gülənçilərdir.
XS
SM
MD
LG