Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:10

Mənsurə Qaçayqızı "Qərar" (Hekayə)


Gözlərini açıb ətrafa göz gəzdirdi. Divardakı saatın əqrəbləri səkkizə yaxınlaşırdı. Baxışları bir müddət əqrəblərdə ilişib qaldı.

Yataq otağında onun ən çox sevdiyi əşyalardan biri, bəlkə də ən birincisi, hər dün yuxudan oyananda ilk dəfə gördüyü bu saat idi.

Yatağında o üz-bu üzə fırlanıb, yorğanı yenidən başına çəkdi...

Özünə söz vermişdi ki, bu gün heç yana getməyəcək...

Atası- anasının bağa getmək fikri də ürəyincə olmuşdu. Tək qalmaq istəyirdi. Ev işləri ilə məşğul olar, dincələr, son günlər onu narahat edən fikrə qərar verərdi.

Qonşu otaqdan anasının səsi gəldi. Deyəsən yol tədarükü görürdü. Çox keçmədi ki, anası ucadan səsləndi:

- Arzu, oyan qızım, gedirik.

Yorğanı üstündən kənara atıb, yatağa girərkən necə gəldi soyunub atdığı paltarlarının hərəsini otağın bir küncündən tapıb əyninə geyindi. Bu səliqəsizliyinə görə həmişə özünü danlayırdı...

Ayaqlarını sürüyə-sürüyə həyətə endi. Ata-anasını yola salıb, həyət qapısını bağladı. Otağına qayıdıb, pal-paltarlı yatağına atıldı.

İndi də gözləri tavanda ilişib qaldı. Tavanın ağ rəngi arasında rənglər axtarmağa başladı.

Ağ rəngin içində qarışıq rənglər öz çalarları ilə seçilirdi. Mobil telefonuna gələn zəng onu fikirdən ayırdı. Əlini uzadıb, kiçik masanın üzərindən mobil telefonunu götürdü.

Gülümsündü, yenə Azərselldən, Simurq quşunun göndərdiyi məktublardan idi: “Sevgilinizin bürcünü yazın, xarakterini öyrənin”.

Simurq quşuna yazığı gəldi.” Ey, Simurq quşu, onun xarakterini neçə ildir mən öyrənə bilmirəm, sən hardan biləssən? ”

Telefonu masanın üzərinə qoydu. Mətbəxə keçib çay içmək istədi, həvəsi olmadı. Otağına göz gəzdirdi. Yox, qərarı qəti idi. Çoxdan bunu istəyirdi...

Elə yatağındaca, yenidən paltarlarını soyunmağa başladı. Köynəyinin düymələrini açdı. Əli sinəsində gəzərək yavaş-yavaş ürəyinin üzərində dayandı.

Çəkisi yumruq boyda olan, lakin onun fikrincə “dünya boyda dərd daşıyan” ürəyi ilə danışmağa başladı.

Bir günlük, bəlkə elə bir neçə saatlıq ... Xahiş edirəm məni azad burax. Çox incidirsən məni.

Mənim dəlim, ağılsızım...Səni təmizləmək istəyirəm, əlçatmaz duyğularından, arzularından, kədərindən, qəmindən, səni narahat edən düşüncələrindən ...

Bax, indi, bu andan, bu saniyədən səni narahat edən nə varsa at getsin. Doğulduğun andan indiyə kimi, bütün acı xatirələri...

Unut, getsin. İndi qapını açacam, heç olmasa bu gün sözümə qulaq as...

Arzu sanki ürəyi ilə psixoloyi test edirdi. Əlinin orta, uzun barmağı ilə ürəyinin üzərindən, yuxarıdan aşağıya xətt çəkirmiş kimi çəkdi.

Dodaqları titrəyə-titrəyə : - “Açıl, ürəyim, açıl “ – deyə, pıçıldadı...

Ay aman... Bura həbsxana kamerasını xatırladır ki... Nələr həbs olunmayıb bu həbsxanada...

Duygular, hisslər, arzular, nifrət, məhəbbət və daha nələr, nələr....

Burada arzuların çarpayıları vardı, özü də həbsxana çarpayıları kimi üst-üstə düzülmüşdülər. Çarpayıların üstündə yatanlar da vardı, oyaq olanlar da...

Gözlərindən həsrət yağırdı, məhbus gözləri kimi... Baxışlarını ürəyin açılan qapısına zilləmişdilər. Təəccübləndikləri açıq-aşkar hiss olunurdu. Ürəyin qapısının açılacağı, azad olunacaqları gün deyəsən ağıllarına da gəlmirdi...

...Aha, deyəsən içərilərində ən ürəklisi odu... Arzularından biri, ən şirini uzandığı çarpayıdan hoppanıb düşdü.

Ürəyin qapısına yaxınlaşdı. Yenə də sən, yenə də sən... –deyə düşündü. Arzunun bu dəcəl arzusu ürəyin qapısından başını bayıra çıxarıb ətrafa boylandı.

Mühitin ona yad olması üz-gözündən bəlli idi. Hoppanıb sinəsinə düşdü. Hələ hoppananda həcmcə kiçik, lakin kobudlaşmış dabanları ilə yaralı ürəyin qapısının astanasına yüngülcə ilişib, ağrıtdı da...

“Eybi yox, balaca, qayıdarsan geriyə. Ölmüşün hərəkətinə, hikkəsinə bax. Geri qayıdanda sənin qulaqlarını çəkib yerindən çıxaracagam”. - Bu hədəsi ona gülməli gəldi. “Geri qayıdanda”, – bəyəm onları geri qaytarmaq üçünmü azad edirdi? Bütün varlıgı ilə hiss elədi ki, keçirdiyi bütün əzablar nə qədər şirin imiş.

Yox, onlarsız yaşaya bilməz. Ən azından onları sahibsiz qoymağa haqqı yoxdu - bunu bir daha ozü üçün təsdiq elədi.

Onlar ürəyində yaşayırdılar, yenə heç olmasa gözü üstlərində idi. “Balaca”nın arxasınca deyinib qurtarmamışdı ki, ürəyindəkilərin qarışqa qoşunu kimi sinəsindən üzüaşağı yeridiklərini gördü...

Ürəyinin içinə baxdı, tərtəmiz idi. Çarpayılarını elə təmiz yığmışdılar ki, bir damcı toz zərrəsi də qalmamışdı.

Dərindən nəfəs aldı. “Qoşun” Arzunun bədənini əzə-əzə, tapdalaya-tapdalaya, əsgər sayağı yeriyə-yeriyə, bəlkə də hərəsi öz dilində “əsgər marşı” oxuya-oxuya ayaqlarına gəlib çıxdılar. Ayaqlarından barmaqlarına, barmaqlarından çarpayıya, çarpayıdan döşəməyə düşdülər, sıralandılar...

Bunlar Arzunun ömür payının yükü idi, boy-boya vermişdilər. Kənardan baxıb gülümsündü.

Onların əlləri, otağın qapısına çatmadı. Bir-birinin çiyninə çıxıb qapını açdılar, o biri otaga, ordan da o biri otaga, ordan da eyvana, eyvandan da pillələrlə həyətə endilər. Addım səsləri yavaş-yavaş uzaqlaşırdı....

Yenidən əlini ürəyinə çəkdi.Yaralı ürəyinin qapısı ağır-ağır bağlandı. Ayaga qalxıb geyindi. Indi ürəyi hissiz, duyğusuz, tamam boş idi. Eyvana çıxdı. Həyətdə o qədər səs - küy vardı ki...

Nə vaxtdandı həyət belə səsli-küylü olmamışdı. Uşaqlığı yadına düşdü. Tək olduğundan qonşu uşaqları həmişə onun başına yığışardılar.

Onda da bax beləcə oynayardılar. Əllərini qoynuna qoyub eyvanın dirəyinə söykənmişdi.

Ürəyinin oynaşan sakinlərinə baxırdı. Necə də xoşbəxt görünürdülər. Nədənsə onları balaca qız uşaqlarına oxşatdı. Göyçək, şirin, günahsız, məsum...

Hamısından doğması isə “balaca” imiş... Elə ən gözəli də, ən dəcəli də... Hələ “balaca”nın gülüşləri...

Elə bu zaman Arzunun gözlərinə həyətin bir tərəfində ağzı bağlı qutu göründü. Qutu çox böyük idi.

Baxışları qutunun içərisinə nüfuz etdi. Ay, aman... Qutunun içərisində yeni arzular, yeni istəklər... O qədər mehriban gözləri var ki...

Əyləşib, sakitcə öz növbələrini gözləyirlər... Maraqla qutuya baxmağa başladı... Hələ qarşıda nələr varmış...

Həyətin lal sükutunu qəflətən hiss etdi. “Dəcəl”lər oyunlarını saxlayıb Arzuya baxırdılar, onun baxışlarını tutmuşdular.

Bir an içində qaçaraq qutuya yaxınlaşdılar, dövrəyə aldılar. Nəsə pıçıldaşlılar, məsləhətləşdilər, qutunu xırda əlləri ilə itələyə-itələyə Arzuya tərəf gətirməyə çalışdılar.

Sanki qutunu Arzunun ürəyinə yerləşdirmək istəyirdilər. Arzu kövrəldi : - Sizləri sevirəm.....

“Dəcəl” lərin qutuya gücləri çatmadı. Günahkarcasına Arzuya baxdılar. Arzu dayandığı yerdən tərpəndi. Üşüdüyünü hiss etdi.

Havanın rəngi də bir balaca tutulmuşdu. Buludlar göy üzündə bir-birini qovurdu, yağış iyi gəlirdi. Bayaqdan hisslərinə o qədər qapılmışdı ki, bunu hiss etməmişdi.

Tələsmək lazım idi.Yağış duyğularını islada bilərdi, xəstələnərdilər. Hələ də naməlum qutunun yanında günahkarcasına dayanan “dəcəl” lərə baxdı. Baxışları ilə mehribancasına onlara “haydı, yuvanıza” - işarəsi verdi...

Otağına qayıtdı. Paltarını soyunub, yenidən yatagına uzandı. Addım səsləri yaxınlaşırdı. Otağın qapısı açıldı.

Döşəmədə addım səsləri eşidildi. Dırnaqları, ayaqları gizildədi, duyguları dırnaqlarında, ayaqlarında gəzdilər.

Ayaqlarından bədəninə, ordan da ürəyinə doğru yol aldılar. Sinəsində dayanıb üzünə baxdılar. Əllərini uzadıb hər birinin telini oxşadı, sinəsinə basdı, dodaqlarından öpdü.

... Ayrılıq məqamı yetişmişdi, əlini ürəyinin üzərində gəzdirdi. Bu dəfə ürəyinin qapısı ağır-ağır açıldı. Duyğular bir-bir ürəyinə keçdilər. Lap axıra “balaca” qalmışdı. Arzu “balaca”nın əllərindən tutdu.

Deyəsən buraxmaq istəmirdi. “Balaca “ əllərini Arzunun əllərindən çəkərək, dostlarının ardınca getdi. Ürəyə keçəndən sonra başını çıxarıb, Arzuya gülümsündü.

Əllərini dodaqlarının üstünə qoyub öpücük göndərdi, göz vurdu və göz önündən itdi. Arzu sinəsini ovuşdurdu. Sinəsi od tutub yanırdı.

Əlini ürəyinin üstündə saxladı. Ürəyinin qapısı örtülmüşdü. İçəridə sakitlik idi...
XS
SM
MD
LG