Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:13

«Eurovision» Azərbaycanı demokratiyaya qovuşdura bilər?


Azərbaycan təmsilçiləri Aysel və Araş finalda. Moskva, 16 may 2009
Azərbaycan təmsilçiləri Aysel və Araş finalda. Moskva, 16 may 2009
Mübahisə-müzakirə-polemika varsa, son ünvan nədən demokratiya olmasın ki? Bu musiqi yarışmasının nə qədər söz-söhbət doğurmasının fərqindəsiniz? Mahnını bəyənməyənlər, ifaçını yerdən-yerə vuranlar, ən pessimist proqnozlar nədən qaynaqlanır? Görəsən, inkişaf etmiş ölkələrdə də belə fikirlər olurmu? Bilirsinizsə, bizə yazın. Mən də sizə Bolqarıstanla bağlı eşitdiyimi deyərəm: Onların mahnısı və ifaçısı da ölkədə birmənalı qarşılanmamışdı. İfaçıya hətta Moskvada məşq vaxtı zərər də yetirmişdilər. Daha düzü, naməlum birisi başını yarıb qaçmışdı…

Şükürlər olsun ki, biz bu səviyyəyə enmədik. Ara-sıra pessimist notlar səslənsə də, ifaçının milliyyətinə yönəlik etirazlar olsa da, lap başda mahnının milliliyinə qarşı şübhələr cücərsə də, müsabiqə öncəsi durum normal idi. Hamı nəticəni gözləyirdi! «Eurovision» olay yarada bilmişdi! Zatən, onun ən ümdə vəzifəsindən biri də buydu: Şou yaratmaq, insanların dünyasını gözəlləşdirmək, dünyaya rəng qatmaq, həm də dünyanı kiçiltmək, daraltmaq, onu hamının evinə çevirmək, daha doğrusu, hamını dünyalı - avropalı etmək! Bu nəcib istəyi niyə xofla qarşılayaq ki?...

Üstəlik, «Eurovision» hər il, ənənəvi olaraq, may ayında keçirildiyindən, fəslin gözəlliyi yarışmaya xüsusi rəng qatır. Dünyanın neçə-neçə ölkəsindən gəlmiş ifaçılar bir dam altında toplaşıb fərqli mədəniyyətlər nümayiş etdirirlər. Buna səsvermənin gətirdiyi həyəcanı da əlavə etsək, yarışmanın niyə belə səs-küy doğurduğu bəlli olar…

Builki «Eurovision» siyasilikdən xeyli uzaqlaşmışdı

Bu, açıq-aydın gözə çarpırdı. Yoxsa elə də çox tanınmayan Azərbaycan 3-cü yerdə olardımı? Mahnının duet oxunması, əbədi mövzuya - sevgiyə həsr olunması, ifaçıların səmimiyyəti Avropaya düzgün seçim etmək imkanı verdi və bəzi SMS-çilərimizin «hay-küyçü», «atılıb-düşən» adlandırdıqları, «yəhudilərin duetini örnək götürün!» - məsləhətini verdiyi təmsilçilərimiz ilk üçlükdə qərar tutdular!

Aysel «Göyçək Fatma»ya bənzəyirdi…

Hə, geyimini nə qədər çək-çevir etsələr də, «mentalitetə» heç uymasa da, Aysel yarışmanın şahzadəsiydi. Yəni, nağıl diliylə desək, «Eurovision»un Göyçək Fatmasıydı! Yaşının azlığı, özünün saflığı, oxuduğunun doğruluğuna inanması və gözəlliyi sonda nəticəyə təsir etməliydi. Həm də ikili bir-birinə yaraşırdı. Üstəgəl, Araşın populyarlığı da öz rolunu oynadı… Və sonda «Tarzan dilində mahnı oxumaqla qazancımız nə olacaq?», «Azərbaycanda oynaq mahnılarla nəyəsə ümid etmək olmaz» söyləyənlər yanıldılar!

«Eurovision» bizi demokratiyaya yaxınlaşdıracaq?

Nə deyirsiniz-deyin, mən bunun doğruluğuna inanıram. «Əvvəlcə özlərini demokratik, sivil ölkə kimi tanıtsınlar, «Eurovision»da qalib gəlməsələr də olar» - deyənlərdən fərqli olaraq, mən bu gör-götür yarışmasının faydasına inanıram. Avropa dəyərlərinə, demokratik dəyərlərə gedən yolda hərdən bir az çal-çağır yapmağın nəyi pisdir ki? Bəlkə, elə «Eurovision» bizi demokratiyaya alışdırar, həm də yaxınlaşdırar, nədən olmasın?!.

«Eurovision»un «işıqsız, qazsız, ümidsiz» vətəndaşa nə xeyri?

Var! Sizi inandırıram ki, var! Ən azından həmin işıqsız, qazsız, dərdi başından aşan, ümidsiz zavallılar 3 gün xoşbəxtlərin şousunu izlədilər. Dünyada sivil, sanki dərdsiz-qəmsiz, ən böyük qayğısı-qlobal istiləşməylə mübarizə olan xalqların (Norveç) olduğunu bildilər! Elə onların əsl qalib olmasının qanunauyğunluğunu da anladılar! Gerisini - onlara bənzəmək canatımını da ümidsizlərin özünə buraxaq! Əsas görüb-götürmək, bilgilənməkdir. Bax bunlardan məhrum olmaq fəlakətdir… Axı bir dəfə yaşamışıq bunu - Sovetlərdə…

P.S. «Eurovision»dan 2-3 gün öncə, radiomuzun təmizlikçisi (həmin o təmizlikçi xanım) işdən yorulub, qəzetləri vərəqləyirdi. Birdən başını qaldırıb, Hadisənin dünyaya səs salan «Düm tək-tək» mahnısını zümzümə etməyə başladı. Nə qədər güldüyümüzü təsəvvür edə bilməzdiniz… Niyə gülürdük ki? «Eurovision»un da istədiyi elə bu deyildimi?...
XS
SM
MD
LG