Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:13

«Bəşəriyyət donuz qripi epidemiyası qarşısında qala bilər»


Dünyanın yoxsul ölkələri virusla mübarizə üçün beynəlxalq yardıma ehtiyac duyurlar
Dünyanın yoxsul ölkələri virusla mübarizə üçün beynəlxalq yardıma ehtiyac duyurlar
«Yaponiya rəsmiləri ölkədə donuz qripinə yoluxma halının artdığını elan etdikdən sonra mayın 18-i Dünya Səhiyyə Təşkilatı bildirib ki, bəşəriyyət donuz qripi epidemiyası qarşısında qala bilər».

«Reuters» agentliyində Laura Makinisin «Donuz qripi genişlənə bilər» yazısında belə deyilir. Yazıda deyilir ki, Yaponiya hakim dairələri bildiriblər ki, ölkədə onlarla yeni donuz qripinə yoluxma halları aşkarlanıb. Yoluxanların əksəriyyəti məktəblilər və tələbələrdir. Beləliklə də bu ölkədə yoluxma halı 120-yə çatıb. Ölkənin Kobe və Osaka regionlarında məktəblər bağlanıb, ictimai tədbirlər təxirə salınıb.

Dünya Səhiyyə Təşkilatının (DST) verdiyi məlumata görə, dünyada bu virusa yoluxanların sayı 9 minə çatıb və bu virus dünyanın 40 ölkəsində qeydə alınıb. Bu xəstəlikdən 74 nəfər həlak olub. Virusun geniş yayılması DST-nı epidemiyanın yaxınlaşması həyəcanı verməyə vadar edib.

Yazıda deyilir ki, qurumun rəhbəri Marqret Çən Şimali Amerika qitəsindən vüsət götürərək Cənubi Amerika, Avropa və Asiyaya gedib çıxan donuz qripi virusunu ciddiyə almağın vacibliyini vurğulayıb.

Marqret Çən Cenevrədə keçirilən Dünya Səhiyyə Assambleyasının toplantısında deyib ki, epidemiyanım gözümüzün qarşında artdığının şahidi ola bilərik. Bu görüşdə dünyanın inkişaf etmiş və yoxsul ölkələrinin nümayəndələri bir araya gələrək virusla mübarizə aparmaq üçün peyvənd edilməsi, dərman preparatları və başqa məsələləri müzakirə ediblər.

Tədbir zamanı Marqret Çən bildirib ki, indiki vəziyyət elmi araşdırma üçün veriləcək qərarları tezləşdirməlidir. Onun sözlərinə görə, tədbirdə iştirak edən nümayəndələr vətənlərinə qayıtdıqdan sonra donuz qripi infeksiyasının monitorinqini aparmalı və bu barədə fikirləşməlidirlər.

Yazıda verilən məlumata görə, Şimali Amerikadan olan rəsmilər deyirlər ki, bu virus hələ də yayılır, özü də daha güclü formada. ABŞ-ın Xəstəliklərdən Qorunma və Nəzarət Mərkəzinin rəhbəri Riçard Besser bildirir ki, bu virus ABŞ-ın bütün ştatlarında yayılıb və dünyada da dövr edir.

Riçard Besser bildirir ki, Meksikadan başlayan bu virusu o qədər ciddiyə almasalar da, təhlükə hələ də sovuşmayıb. Meksikanın Səhiyyə naziri Xose Anqel Kordova deyir ki, ölkədə bu virusa yoluxma halları ləng olsa da dayanıb.

Yazıda bildirilir ki, Dünya Səhiyyə Təşkilatının nümayəndəsinin sözlərinə görə, əgər donuz qripi virusu dünyanın hər yerinə yayılsa bəzi icmalar təhlükə qarşısında qalacaqlar. Əsasən də yoxsulluq içində yaşayanlar, hamilə qadınlar, HİV virusuna yoluxanlar və başa sağlamlıq problemi olanlar.

Dünyanın yoxsul ölkələri bu virusla mübarizə və onun qarşısını almaq üçün beynəlxalq yardıma ehtiyac duyurlar. İnkişaf etməkdə olan ölkələr isə mübarizə üçün lazım olan avadanlıqları vaxtında əldə etməyə çalışırlar.
XS
SM
MD
LG