Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:57

Düzəlişlər olduğu kimi qəbul edilərsə…


«Bu o deməkdir ki, bütün QHT-lər hökumətin çətiri altına yığışsın. Bunun başqa adı yoxdur»
«Bu o deməkdir ki, bütün QHT-lər hökumətin çətiri altına yığışsın. Bunun başqa adı yoxdur»
Vətəndaş cəmiyyətinin təmsilçiləri «QHT-lər haqqında» qanuna təklif edilən dəyişikliklərdən ciddi narahatdırlar. Yerli və beynəlxalq təşkilatların nümayəndələri bu narahatlıqlarını iyunun 11-də keçirdikləri iki qapalı toplantıda dilə gətiriblər.

İMZATOPLAMA KAMPANİYASI BAŞLAYACAQ

Müzakirələrin sonunda qərara alınıb ki, yerli və beynəlxalq təşkilatlar, ictimai xadimlərin təmsilçiliyilə işçi qrup yaradılsın, beynəlxalq tərəfdaşlar və səfirliklər məlumatlandırılsın. Müzakirələrdə imzatoplama kampaniyasına başlanması da qərara alınıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayevə görə, bu, son illər ictimai-siyasi institutların fəaliyyətini məhdudlaşdıran çoxsaylı dəyişikliklər içərisində ən pisidir.

«Bu dəyişikliklərin bircə adı var, Azərbaycanda qeyri hökumət təşkilatlarının fəaliyyətini qadağan etmək».

Rövşən Ağayevə görə, QHT-lərin əmlakının, aldığı qrantların yarısının yerli donorlar hesabına formalaşdırılması təklifi fəal təşkilatlarla xarici donorlar arasındakı əlaqələri zəiflətməyə yönəlib: «Tutaq ki, bizim ideyamız 50 min avroluq ideyadır, amma hökumət deyəcək ki, 5 min verirəm. Onda məcbursan 10 min alasan. Yəni bununla QHT-nin alacağı maliyyə vəsaitinə məhdudiyyət qoyulacaq. İkincisi isə ümumiyyətlə verilməyəcək. Yəni bu açıq aşkar o deməkdir ki, bütün QHT-lər hökumətin çətiri altına yığışsın. Bunun başqa adı yoxdur».

Cənab Ağayevə görə, QHT-in xarici donordan 50 faizdən artıq qrant alması onun ölkə qanunları ilə cəzalanmasına səbəb olacaq.

«BURDA TƏƏCCÜBLÜ BIR ŞEY YOXDUR»

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev isə səslənən fikirlərlə razı deyil. Onun sözlərinə görə, üzvü olduğu komissiyadan təklif olunan bu dəyişikliklər əslində QHT-lərin müstəqilliyinin artırılmasına yönəlib. Cənab Quliyev deyir ki, əksər xarici ölkələrdə QHT-lərin büdcəsinin 50 faizi dövlətin ayırdığı, 30-40 faizi özəl sektor nümayəndələri, xeyriyyəçilərdən yığılmış vəsaitlərdən, qalan 10 faiz isə xarici donorlardan alınan vəsaitlərdən formalaşır:
«Burda təəccüblü bir şey yoxdur biz istərdik ki, Azərbaycanda QHT sektorunun ehtiyaclarını yerli resurslar ödəsin. Amma hazırda bu mümkün deyil və buna müəyyən vaxt lazımdır».

Rövşən Ağayevə görə, qapalı müzakirə keçirən QHT-lərin narahatlığı odur ki, siyasi partiyaların və medianın fəaliyyətini xeyli məhdudlaşdıran hökumət indi də vətəndaş cəmiyyətinin məsələsini bitirmək istəyir.

O, vəziyyətin bu həddə çatmasında müəyyən qədər də özlərinin günahkar sayır. Deyir əslində QHT-lərə Dövlət Dəstəyi Şurası yarananda onlar həmin qurumun bu formada yaradılmasına kəskin etiraz etməli idilər ki, indi belə problemlər olmayaydı.

QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyev isə bu iradları qəbul eləmir. Deyir sadəcə çalışmaq lazımdır ki, bura üçüncü tərəf kimi özəl sektordan da maliyyə cəlb olunsun. Onun fikrincə, bu daha ədalətli bir addım olardı.

DÜZƏLİŞLƏR QƏBUL OLUNSA…

Qanuna təklif edilən düzəlişləri parlament olduğu kimi qəbul eləsə, onda bu qanunun 6-cı maddəsinin 2-ci bəndinə təklif edilən düzəlişə görə, paytaxt Bakıda qeydiyyatda olan təşkilat ölkə ərazisinin üçdə bir hissəsini əhatə edən filiala malik deyilsə o zaman onun bölgələrdə fəaliyyətinə imkan verilməyəcək.

Rövşən Ağayev deyir ki, indiyə qədər Milli Büdcə Qrupu, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası və ayrıca təşkilat kimi regionlarda filialı olmaya-olmaya onlarla layihə həyata keçiriblər. Bölgələrdə həmin filialların olmaması onların bu işinə mane olmayıb:

«Mütləqmi sənin regional şəbəkən olmalıdır. O qədər məntiqsiz bir təklifdir ki, bunu qanunverici orqana təklif edənlər Azərbaycanda demokratiyanın son damlalarını da boğmaq istəyən adamlardır».

Qanuna təklif edilən dəyişikliklərdə QHT-lərin qeydiyyatsız fəaliyyətinə də qadağa qoyulur. Belə ki indiyə qədər qeydiyyata alınmayan bir sıra QHT-lər xarici fondlardan maliyyə vəsaiti alaraq fəaliyyət göstərə bilirdi. Dəyişikliklərlə bağlı təkliflər iyunun 19-da parlamentdə müzakirəyə çıxarılacaq.

QHT-LƏR QARŞISINDA İKİ YOL QALIR

Qeydiyyatı olmadığından, yalnız xarici donorlardan alınan maliyyə vəsaiti hesabına fəaliyyət göstərən Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Təşkilatının rəhbəri Anar Məmmədli hesab edir ki, bu dəyişikliklər qəbul olunarsa Azərbaycan demokratikləşmə yolunda ciddi zədə ala bilər:
«Bu sənəd Azərbaycanda analoqu olmayan bir mürtəce sənəddir. Mən belə bir sənədi Türkmənistan, Belarus və Afrikanın geridən qalmış ölkələrinin qanunvericiliyini oxuyan zaman rastlaşmışam».

ABŞ Açıq Cəmiyyət İnstitutuna Yardım Fondunun icraçı direktoru Fərda Əsədov deyir bu dəyişikliklərlə bağlı iki fikir var. Bunlardan biri təklif olunan dəyişikliklərin QHT müstəqilliyinin artırılmasına yönəldildiyi, digərisə onların fəaliyyətinin məhdudlaşdırlması barədədir. Fərda Əsədov ikinci fikri bölüşür: «Mən güman edirəm ki, ikinci fikir daha doğrudur».

Fərda Əsədova görə, bu həm də QHT sektorunda problemlərin olmasından xəbər verir. Bu səbəbdən o hesab edir ki, belə hallarda bu cür layihələr, dəyişikliklər məhz QHT nümayəndələrinin iştirakıyla keçirilməli və onların təkliflərinin nəzərə alınmalıdır.
Müstəqil ekspertlər bir fikri də vurğulayırlar ki, «QHT-lər haqqında» qanuna təklif olunan dəyişikliklərlə hakimiyyət QHT-lər qarşısında iki yol qoyur ki, ya hakimiyyətlə olsunlar, ya da küçələrdə siyasi fəaliyyətə keçsinlər.
XS
SM
MD
LG