Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:25

Mətbuatı senzuradan da qorxulu bir məsələ gözləyir


«Bundan sonra nə yeni qəzet, nə də digər media qurumları təsis olunacaq»
«Bundan sonra nə yeni qəzet, nə də digər media qurumları təsis olunacaq»
Mətbuatı senzuradan da qorxulu bir məsələ gözləyir. «Kütləvi informasiya vasitələri haqqında» qanuna təklif edilən əlavə və dəyişiklikləri müzakirə edən media qurumları bu fikirdədirlər. Qanunun 14-cü maddəsinə təklif edilən dəyişikliyə görə, məhkəmənin təqsirli hesab etdiyi KİV təsisçisi azadlığa çıxandan sonra 5 il müddətinə yeni qəzet və ya jurnal aça bilməz. Misal üçün parlamentə təklif edilən dəyişikliklər qəbul edilsə, «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev həbsdən çıxandan sonra əvvəlki qəzetləri bərpa etmək və ya yeni qəzet açmaq üçün düz 5 il gözləməlidir.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli bunu senzuradan da betər bir sədd hesab edir. Onun sözlərinə görə, hakimiyyət məhkəmələr vasitəsilə istənilən redaktor və təsisçi haqqında məhkəmə hökmünün çıxarılmasına nail ola bilər. Bununla da həmin şəxslər 5 il qəzet aça bilməzlər:

«Bundan sonra nə yeni qəzet, nə də digər media qurumları təsis olunacaq. Mövcud qəzetlər isə daxili senzuranı daha da gücləndirəcəklər ki, hər hansı problemlərlə üzləşməsinlər».

E.Hüseynli bunun da son olmayacağını düşünür. O hesab edir ki, bu yaxınlarda internetin tənzimlənməsilə bağlı tədbir də onu deməyə əsas verir ki, qəbul olunan normalar internet nəşrlərinə də tətbiq ediləcək.

MƏTBUAT AZADDIR, AMMA BUNU QİYMƏTLƏNDİRƏ BİLMİR

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə «KİV haqqında» qanuna təklif edilən dəyişikliklərin hamısını qəbul edir. Deyir ki, bu, jurnalistlərin məsuliyyətini daha da artıracaq. Baş redaktora görə, jurnalistlərə verilən azadlıqlardan bəzən sui-istifadə olunur, bəzənsə onlar bu azadlıqları kifayət qədər qiymətləndirə bilmirlər. Bu da başqalarının hüquqlarının pozulmasına gətirib çıxarır:

«Ona görə də mən hesab edirəm ki, bu dəyişikliklər mütərəqqi xarakterlidir. Əgər bunlar qəbul olunarsa, mətbuatla vətəndaşlar, o cümlədən mətbuat nümayəndələrinin özləri arasındakı münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət yaradacaq. Ona görə hesab etmirəm ki, burda hansısa məhdudiyyətdən söhbət gedə bilər».

«OLMAZ» - TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRDƏ ƏN ÇOX İŞLƏNƏN SÖZDÜR

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, iyunun 19-da parlamentin müzakirəsinə çıxarılacaq 5 qanuna təklif edilən dəyişikliklərin hamısı («Qrant haqqında», «KİV haqqında», «QHT-lər haqqında», «Dini etiqad azadlığı haqqında», «Dövlət rüsumu haqqında» qanunlar və İnzibati Xətalar Məcəlləsi) azadlıqların məhdudlaşdırılmasına yönəldilib:

«Altı səhifəlik qanun layihəsinin hər abzasının sonu «olmaz», «məhdudlaşdırılır» və ya «verilmir» kimi ifadələrlə bitir».

Hüquqşünas deyir ki, o, iyunun 19-nu gözləyir ki, görsün qanunvericilik təşəbbüsü ilə çıxış edənlər ifadə və birləşmə azadlığı ilə bağlı beynəlxalq konvensiyanı ciddi şəkildə məhdudlaşdıran dəyişiklikləri necə əsaslandıracaqlar:

«Təklif edilən dəyişikliklərin hər biri beynəlxalq konvensiyaya ziddir. Çünki konvensiyanın 10-cu maddəsi olan ifadə azadlığında məhdudlaşdırmanın hansı hallarda və hansı həddə olduğu göstərilib. Birinci növbədə, bu, demokratik cəmiyyət üçün zəruri olmalıdır, ikincisi də qanuni mənafelər qorunmalıdır. Burda isə nə qanuni mənafenin qorunmasından söhbət gedə bilər, nə də ki, bunun normal demokratik cəmiyyət üçün zəruriliyini heç kim əsaslandıra bilməz».

Ə.Məmmədli deyir ki, 2008-ci ildən üzü bəri qanunlara edilən bütün dəyişikliklər məhdudlaşdırmaya yönəlib. O düşünür ki, bununla Azərbaycan demokratiyadan üz döndərib hələ məlum olmayan istiqamətə getməkdədir.
Hüquqşünas hesab edir ki, bu dəyişikliklərin yeganə məqsədi idarəetmədəki nöqsanları, ölkədəki korrupsiyanı ört-basdır etməkdir.

BANK AÇMAĞA 200 MANAT, QƏZET AÇMAĞA İSƏ 1000 MANAT

KİV-in dövlət qeydiyyatına alınması üçün ödənilən rüsumun 1000 manat müəyyən edilməsi barədə təklif edilən dəyişiklikləri Ələsgər Məmmədli dolayı yolla ifadə azadlığına məhdudiyyət sayır. Onun sözlərinə görə, bank və böyük kommersiya qurumlarının təsisi üçün ödənilən qeydiyyat rüsumu heç 200 manatı keçmir. Digər qurumlar üçünsə bu məbləğ cəmi 11 manatdır. Ə.Məmmədli hesab edir ki, məhkumluğu olan birisinin 5 il ərzində mətbu nəşr təsis etməsinə qoyulan qadağa da ikiqat cəzalandırmadır:

«Ola bilər ki, kimsə bilmədən bir nəfərin ölümüylə nəticələnən avtomobil qəzasına düşsün. Sonradan həmin şəxsin ifadə azadlığı niyə məhdudlaşmalıdır?»

AZƏRBAYCANIN BAŞI AĞRIYA BİLƏR

Ələsgər Məmmədli deyir ki, onsuz da son 2 ildə birləşmə azadlığını pozduğuna görə, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı 3 qərarı olub. Belə olan halda qanunvericiliyi yenidən sərtləşdirmək cəhdi çox ciddi şəkildə Azərbaycana başağrısı gətirəcək.

İyunun 19-da parlament bir sıra qanun layihələrinə dəyişiklikləri müzakirəyə çıxaracaq.
XS
SM
MD
LG