Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:18

«Orada başıma yüz cür oyun açdılar»


Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir
Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir
«Atamla, anam məni qovandan sonra atamın dostuna ilişdim, apardı məni «Mama Rozaya» satdı. O adam da məni Türkiyəyə apardı, orada başıma yüz cür oyun açdılar. Onların əlindən çıxa bilmirdim, zülm, işgəncə verirdilər, səhərə qədər soyuq suyun içində saxlayırdılar. 8 ay onların əlində qaldım, onların əlindən qaçmaqda bir ingilis vətəndaşı kömək oldu».

QIZLAR ÖLKƏLƏRİNƏ GETMƏK İSTƏYƏNDƏ BAŞLARINI KƏSİRDİLƏR

Mənimlə söhbətdə adını dəyişdirməmi xahiş etdiyindən, onu şərti olaraq Xatirə adlandırmağa qərara gəldim. Xatirənin indi 20 yaşı var, 4 il əvvəl isə aldadılaraq insan alveri qurbanına çevrilib. O, bir çox qızın aldadılaraq Türkiyəyə gətirildiyini, onlara rəhbərlik edənin isə azərbaycanlı qadın olduğunu xatırlayır:

«Deyirdilər ki, bu gün səhərdən-axşama kimi bizim 3-4 min dollar pulumuz olmalıdır. Gündə 7-8 nəfərə çıxardırdılar. Məcbur olurduq onlar deyəni edək, etməsək döyülürdük.

Gözümün qabağında baş kəsdilər, neçə qızın qulağını kəsirdilər. Qızlar öz ölkələrinə getmək istəyirdilər, evlərinə yola salıram adı ilə aparırdılar çöllük-biyabana, bir yerdə başlarını kəsirdilər. Səhər-səhər xəbərlərdə görürdük ki, Tatyana, Kristinanın başları kəsilib qalıb bir yanda. Cəsədlərini valideynlərinə göndərirdilər...»

Xatirə kimi hər il Azərbaycandan iş, yaxud ailə qurmaq adıyla yüzlərlə qız xaricə aparılır, insan alverinin qurbanına çevrilir.

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN HESABATI

Ancaq Azərbaycan tək insan alverinin mənbəyi yox, həm də tranziti və daşınma ölkəsidir. Artıq bir neçə ildir ABŞ Dövlət Departamenti insan alverinin vəziyyəti haqda illik hesabatında Azərbaycanın mövqeyini bu cür dəyərləndirir. Departament Azərbaycandan qadın və uşaqların cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparıldığını, gənclər və kişilərin isə Rusiyaya aparılaraq əmək istismarına məruz qaldığını yazır.

Hesabatda deyilir ki, Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir. Naxçıvan isə artıq Türkiyəyə aparılanlar üçün tranzit nöqtəsinə çevrilib. Və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq üçün cəhdləri etsə də bunun qarşısını ala bilmir. Digər tərəfdən Departament hesab edir ki, hökumət bu cür halların araşdırılması, məhkəməyə cəlb edilməsi və cəzalandırılması üçün kifayət qədər iş görməyib.

HESABATA MÜNASİBƏT

Ancaq hesabata münasibətlər fərqlidir. Məsələn, «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bəzi problemlər olsa da, bütövlükdə bu sahədə Azərbaycanda xeyli işlər görülüb. Bu il həm də 2009-2013-cü illəri əhatə edən İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul olunub. Mehriban Zeynalova hesab edir ki, hesabat obyektiv deyil:

«Biz fərqli bir hesabat gözləyirdik, bu qeyri-obyektiv yanaşmadır. Ötən illər ərzində Azərbaycan həqiqətən ciddi tədbirlər edib, bu cür yanaşma qeyri-obyektiv qiymətləndirilə bilər.

DİN-nin insan alverinə qarşı mübarizə idarəsi isə bildirir ki, hökumət bütün işləri insan hüquq və azadlıqlarını rəhbər tutmaqla həyata keçirir. İdarənin mövqeyi isə belədir ki, hesabat ikili xarakter daşıyır. Nazirliyin insan alverinə qarşı mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev:

«Çox müəyyən edirsən, deyirlər ki, insan alveri artıb, az müəyyən edirsən, deyirlər ki, mübarizə zəifləyib. Bu latent cinayətdir, təbii ki heç bir insan alverçisi, ya qurbanı ölkə ərazisini tərk edərkən demir ki, məni aparırlar – hansısa məqsəd üçün».

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə hesab edir ki, ötən illər ərzində insan alveri ilə mübarizə sahəsində müəyyən irəliləyişlər olub, ancaq Azərbaycan qarşısına qoyduğu vəzifələrin icrasına cəhd etmir:

«Azərbaycanda bu vaxtacan cinayət məsuliyyətinə qadınların cəlb olunması, vəzifəli şəxslərin bu cinayəti himayə etməsinə, uşaq əməyinin istismarına görə məsuliyyətə cəlb edilməməsi, dövlət tərəfindən insan alveri qurbanlarına kompensasiya ödənilməməsi və s. bu sahədə ciddi problemlərin hələ də davam etməsinin göstəricisidir».

Ötən il Azərbaycanda 76, 2007-ci ildə isə 74 insan alveri faktı aşkarlanıb, bütün faktlar məhkəməyə göndərilib.

Azərbaycanda insan alveri qurbanlarına qanunla birdəfəlik yardım kimi 33 manat müavinət nəzərdə tutulur. Rəsmilər yeni milli fəaliyyət proqramında bu vəsaitin mərhələlərlə artırılacağını deyir.
XS
SM
MD
LG