Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:58

«Musəvi uduzulmuş oyunda qəhrəmancasına oynayır»


Mirhüseyn Musəvinin tərəfdarları, 18 iyun 2009
Mirhüseyn Musəvinin tərəfdarları, 18 iyun 2009
İranda seçkilərin saxtalaşdırıldığını iddia edən Musəvi tərəfdarları mübarizələrini sonadək aparmaqda israrlı görünürlər. Ölənlər, yaralılar, həbslər olsa da... İnformasiya çıxışlarına qadağalar qoyulsa və ya buna cəhdlər göstərilsə də...

Bəs bu mübarizənin sonu hara varacaq? İranın bir addımlığındakı Azərbaycanda bu suala hansı cavablar verilir? Siyasi kəsimin təmsilçisi olmayan, Bakıdakı ziyalılar Tehranda baş verənləri necə dəyərləndirilər?

Oqtay Mirqasımov (kinorejissor, xalq artisti)

- İranda baş verənlərdən bir o qədər də başım çıxmır. Amma arzu edərdim ki, tezliklə barış və sakitlik bərpa olsun.

«BUNUN BİZƏ DƏ XEYRİ VAR…»

Musa Yaqub (şair)

- İrandakı hadisələri həyəcanla izləyirəm. İstərdim ki, İranda qan tökülməsin, dinclik olsun. Amma bu da var ki, demokratik mübarizə, xalqın haqqını tələb etməsi məni həmişə sevindirib. İstərdim İranda demokratik qüvvələr qalib gəlsin, sivil dövlət qurulsun. İran nəhəng dövlətdir. Azərbaycanın da maraqlarına cavab verər ki, İran sivil ölkə olsun, bizimlə dinc və dostluq şəraitində yaşasın. Düzü, İranda bu gün baş verənlər bir az da bizim maraqlarımıza uyğun gəlir. Bizim də arzumuzdur ki, ordakı azərbaycanlıların hüquqları təmin edilsin, otuz milyonluq azərbaycanlının da erməni kimi ana dilində məktəbi açılsın.

«BU MOLLA REJİMİNİN SONUNUN BAŞLANĞICIDIR»

Akif İslamzadə (müğənni)

- İranda xalq ayağa qalxıb, azadlıq istəyir. Bu əslində, gözlənirdi, geci-tezi vardı. Mən özüm 1993-cü ildə İranda olanda camaatın gözündə narazılıq oxuyurdum, xüsusən də qadınların. Bu günsə xalq öz müqəddəratını həll etmək üçün küçələrə çıxıb. Bu rejimə qarşı mübarizədir. Bu molla rejiminin sonunun başlanğıcıdır. Məncə, bu məqamda xarici ölkələr düz eləyib seyrçi mövqe tuturlar. Amma beynəlxalq təşkilatlar susmamalıdırlar.
Yəqin ki, bu hadisələrdən sonra Azərbaycan və İran cəmiyyəti arasında müqayisələr də aparılacaq. Yaddan çıxarmayaq ki, İran xalqı həmişə oturuşmuş dövlətdə yaşayıb. Azərbaycan isə 200 il müstəmləkə altında olub. Buna görə müstəmləkə altında olan millətin psixologiyası da fərqlidir…

«ƏZİYYƏT ÇƏKƏN AZƏRBAYCANLILAR OLACAQ»

Hamlet İsaxanlı (professor, Xəzər Universitetinin rektoru)

- İranda baş verənlərlə maraqlanmamaq olarmı ki? Mən şəxsən bu ölkədə baş verənlərdən çox narahatam. Ona görə ki, həmişə bu cür qarşıdurmalar pis qurtarır və üstəlik də belə hadisələrdən sonra adətən İrandakı azərbaycanlılar daha çox əziyyət çəkirlər, incidilirlər. Hakimiyyət adətən baş verənləri etnik separatizm kimi yozmağa çalışır. Bu baxımdan, Təbrizin ehtiyatlı davranışını başa düşürəm. Yəqin ki, hadisələrə etnik don geydirilməməsi, ümummilli hərəkat olduğunu göstərmək üçün təbrizlilər diqqətli olmağa çalışırlar. İranda indi seçkiləri udduğu və uduzduğu deyilən tərəflər arasında siyasi mübarizə gedir. Bu mürəkkəb cəmiyyətdir. Əslindəsə, təkcə mövcud hakimiyyətlə müxalifət arasında yox, İrandakı ikiyə haçalanmış cəmiyyət arasında mübarizə gedir. Bütün bunların Amerikaya və ya Avropaya dəxli yoxdur. Məsələn, mən keçmiş prezidentlərdən birinin fikrini bəyəndim. İndiki məqamda bu məsələlərə qarışmaq lazım deyil.

«MUSƏVİ DƏ HÜMMƏTÇİDİR, NƏİNKİ MİLLƏTÇİ»

Niyazi Mehdi (fəlsəfə elmləri doktoru, professor)

- Bu etiraz nümayişi mənim üçün bir məsələni ortaya çıxardı. Bütün hicab repressiyalarına baxmayaraq İranda yetərincə gənc qız siyasi fəallıq göstərdi. Bu gözlənilməziydi. Sonra bir məsələ aydın oldu, demokratik dünya İran kimi repressiv rejim qarşısında acizdir deməzdim, amma dişsiz görünür. Bəzi məqamlara da toxunmaq istərdim. Musəvi azərbaycanlı kimi bizdə rəğbət hissi doğurur. Amma o da İran elitasının təmsilçisidir, o da hümmətçidir, nəinki millətçi. Aydındır ki, bu halda onun islahatçılığı da demokratiyanın tələblərinə tam uyğun deyil, bir az başqa tip islahatçılıqdır. Ancaq bu hadisələr göstərdi ki, İranda etirazçıların elita arasında da dəstəyi var. Məsələn keçmiş prezidentlər, namizədlər Musəvinin yanında durdular. Bununla belə, mən inanmıram ki, bu hadisələr uğurla bitəcək. Əslinə baxsan, Musəviyə hörmətim ona görə artır ki, irəlicədən uduzulmuş oyunu hələ ki, qəhrəmancasına oynayır. İş bundadır ki, bu qədər polisi, ordusu olan İran rejiminə qalib gəlmək mümkün görünmür. Əslində bu çox kədərli haldır.

«BU SEÇKİ MƏSƏLƏSİ DEYİL»

Oqtay Haqverdiyev (iqtisadçı, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri)

- Əlbəttə bir azərbaycanlı kimi, bir qonşu dövlət kimi İrandakı hadisələrin bizə də təsiri var. İndiki mitinqlərin iştirakçıları özlərini qorumaqdan ötrü Azərbaycan sərhədini keçməyə çalışa bilərlər. Belə bir şey ötən əsrin 40-50-ci illərində olub. Məncə, bu seçki məsələsi deyil. Yığılıb qalmış problemlər artıq üzə çıxıb, bütün ölkə ayağa qalxıb. Məncə, bunun sonu repressiya ilə bitəcək. İndiki rejim bir-iki həftə gözləyib, nəzarətin əldən getdiyini görəndə repressiya aparatını işə salacaq.
XS
SM
MD
LG