Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:15

İqtisadi böhran fonunda fahişəlik çiçəklənir


Qızlar deyirlər ki, böhrana baxmayaraq qiymətlərin 80 avrodan aşağı düşməsinə imkan vermirlər
Qızlar deyirlər ki, böhrana baxmayaraq qiymətlərin 80 avrodan aşağı düşməsinə imkan vermirlər
İQTİSADİ BÖHRAN BERLİNDƏ HƏR YERDƏ HİSS EDİLİR

Berlinin mərkəzindəki mağazaların vitrinlərinə baxanda, klublara, restoranlara gedəndə iqtisadi böhranın əlamətlərini görürsən. Hər yerdə 40-50 % endirimlər, barlarda, gecə klublarında güzəştli qiymətlərlə giriş biletləri, ucuzlaşdırılan içkilər və müştəri cəlb eləmək üçün fərqli kampaniyalar.

Gecə yarısını keçən kimi Berlinin bəzi küçələrindəki bu mağazaların, məsələn Hakeşer Markt mağazalar zəncirinin qarşısı gecə «quşları»yla (küçə fahişələriylə) dolur. Arxa fonda, vitrinlərdə müştəri cəlb eləmək üçün 40-50 faizli endirim rəqəmlərini önlərində isə gecə quşlarını görürsən. Sanki endirimlər onlara tətbiq olunur.

KÜÇƏ FAHİŞƏLƏRİNDƏ ENDİRİMLİ KAMPANİYALAR

Amma dərindən maraqlananda görürsən ki, bu, doğrudan da belədir. İqtisadi böhran gecə quşlarından da yan keçmir. Bütün başqa biznes sahələri kimi iqtisadi böhran Avropanın ən iri leqal fahişəlik biznesinə - Almaniya fahişələrinə də təsir eləyib. Müştərilər daha simicləşib, rəqabət artıb, klublar və bardellər qiymətləri ucuzlaşdırmağa və cəlbedici yeni yollar tapmağa məcbur olublar. Səbəbləri isə çox sadədir.

ƏLİAÇIQ XARİCİ TURİSTLƏRİN AYAĞI KƏSİLİB

Almanlar, Mərkəzi Avropanın bir çox ölkələri kimi özləri fahişələrə elə də çox pul xərcləməyi sevmirlər. Əsas pul həmişə daha çox turistlərdən gəlib. Böhranla birgə isə Avropaya gələn daha imkanlı, əliaçıq turistlərin - ingilis və amerikalıların sayı azalıb.

Hakeşer Marktın qarşısında dayanan qızlar belə deyir. 20 yaşlarında olan, ingiliscə birtəhər danışan və adını çəkməyən qızlardan biri deyir ki, «düzdür, müştəriləri indi də var, amma daha onlara əlavə kef verməyə görə artıq pul vermirlər, adi seksin qiyməti isə elə də çox olmur».

BÖHRAN FAHİŞƏLƏRİ DAHA DA AQRESSİV ELƏYİB

Bu küçədə artıq 3 ildi işlədiyini bildirən orta yaşlı qadınsa deyir ki, «böhran başlayandan daha aqressiv olmağa məcbur olublar. Əvvəllər müştərilər özləri kimi istəyirdi ona yaxınlaşırdı, indisə burda dayanan qızlar özü müştərinin üstünə cumub, xidmətlərini təklif eləməyə məcburdur. Yoxsa, səhərə kimi «siftə» eləməyə də bilərsən. Çünki müştərilərin sayı artıq əvvəlkitək çox deyil».

AMMA ÖZLƏRİNİ 80 AVRODAN AŞAĞI SATMAĞA RAZILAŞMIRLAR

Amma burda dayanan qızlar deyirlər ki, böhrana baxmayaraq qiymətlərin 80 avrodan aşağı düşməsinə imkan vermirlər. Pulu da əvvəlcədən alırlar. Çəhrayı cins şalvar və qara korset geyən qadın deyir ki, «Qayda belədir, pulu almayınca, müştəriylə heç yerə getmirik. 80-dən aşağı isə özümü satmaram».

LEQAL FAHİŞƏNİN TİBBİ SIĞORTASI, PENSİYASI, MÜAVİNƏTLƏRİ VAR

Almaniyada fahişələr polisdən qorxmurlar. Çünki onların işi leqallaşdırılıb. Hətta Almaniya fahişələrinin həkimlər, müəllimlər və başqa peşə sahibləri kimi tibbi sığortası, sosial işsizlik müavinəti, pensiyaları, həmkarlar ittifaqı da var.

ALMANİYADA 450 MİN LİSENZİYALI FAHİŞƏ VAR

Bu gün Almaniyada 450 min lisenziyalı fahişə var, onlardan 10 mindən çoxu Berlindədir. İndi söhbət elədiyim qızlar, yəni küçədə dayananlar və ya
Almaniya fahişələrinin başqa peşə sahibləri kimi tibbi sığortası, sosial işsizlik müavinəti, pensiyaları, həmkarlar ittifaqı da var
gecəquşları 450 minin ancaq 3 faizini təşkil eləyir. Qalan 97 faizi isə gecə klublarında, masaj salonlarında və bardellərdə çalışır.

BÖHRAN ONLARIN SAYINI DAHA ARTIRIR

Üstəlik son illər bu yola baş vurmaq istəyənlərin də sayı artır. Almaniya Fahişələrin həmkarlar ittifaqlarından biri – Hidranın fəallarından biri Marion Deflets belə deyir və əlavə edir ki, bu da rəqabətin artmasına səbəb olur.

MÜŞTƏRİ CƏLB ELƏMƏK ÜÇÜN FƏRQLİ KAMPANİYALAR

Berlinin ən böyük bardellərindən biri, artan rəqabət və kasıblaşan müştərilərini itirməmək üçün kompleks xidmətlər təklif eləyir. 80 avro giriş haqqı müqabilində müştərilər idman zalından, hovuzdan və saunadan istifadə edə bilər, 2 erotik kinoya baxır və sərbəst bufetdə ürəyi istədiyi qədər yeyir. Yarım saatlıq seksə görə 60 avro da ödəməlidirlər. Ancaq seksin növünə heç bir məhdudiyyət qoyulmur.

YÜKSƏK QAZANC BAŞQA PEŞƏ SAHİBLƏRİNİ DƏ BU YOLA GƏTİRİR

Burda çalışan 30 yaşlı Sarışın Cina deyir ki, 2 il əvvəl kluba gəlib. Əvvəllər mehmanxanada katibə işləyirmiş. Cinanın sözlərinə görə klubda gündə 60-90 arasında fahişə çalışır, hərəsi gün ərzində təxminən 10 müştəriyə qulluq göstərir. Amma yaşlarından və klassından asılı olaraq günə 200-300 avro arasında pul qazanır deyə, bu, onlara sərf edir.

MÜŞTƏRİLƏR KASIBLAŞIB, SİMİCLƏŞİB

Ancaq Cina son dövrdə biznesmen müştərilərin sayının azalmasından şikayətlənir. Deyir «əvvəllər yanımızdakı Konfrans mərkəzi və biznes mərkəzində çalışanlar da tez-tez bizə qonaq gəlirdilər, amma son vaxtlar gəlmirlər».

Menecer Vanessa Ran da Cinanın sözlərini təsdiqləyir. Əlavə eləyir ki, müştərilərin sayı sanki eyni səviyyədə qalıb, təklif elədikləri müxtəlif xidmətlər sayəsində. Ancaq, onlar artıq əvvəlki kimi bir gündə 3-4 dəfə qızların otaqlarına getmirlər, bir dəfəylə kifayətlənirlər.

KASIBLAR ÜÇÜN «NƏ QƏDƏR BACARSAN» KAMPANİYASI

Berlinin bir başqa iri bardeli olan Pussy Klubun isə bir neçə məhəllədə filialı var. Bu klub müştəri itikisiylə üzləşməmək üçün başqa kampaniya təklif eləyir. 2008-ci ilin ortasından təklif olunan «Nə qədər bacarsan» paketinə 70-100 avro ödəməklə istədiyin sayda qadınla əlaqədə ola bilirsən.

Burda qızlara klassından asılı olaraq günə 100-250 avro arasında maaş ödəyirlər. Klubun meneceri Patrisiya Floruanın sözlərinə görə, sabit maaşı və bütün digər sığortaları, sosial təminatı olduğu üçün qızlar da həvəslə bu sistemdə işləyir. Çünki müştərilərin sayından asılı olmadan maaşlarını alırlar. Xüsusən də, başqa yerlərdə iqtisadi böhran üzündən ixtisar təhlükəsinin olduğu və maaşların azaldığı bir vaxtda.

BAXIMLI İŞ ADAMLARINI HİSLİ-PASLI FƏHLƏLƏR ƏVƏZ ELƏYİB

Florua onu da etiraf eləyir ki, indi onların xidmətlərindən daha çox kostyumlu, özünə baxan, yaraşıqlı müştərilər yox, daha kasıb və daha pinti müştərilər istifadə edir. Taksi sürücüləri, fəhlələr, satıcılar və s. Amma klubda çalışan qızlar üçün pul-puldu, kimin verməsi fərq eləmir.

BURDA 7-8 MÜŞTƏRİDƏN QAZANILAN PULU, BAŞQALARI SOYUNUB OYNAMAĞA VERİR

Ancaq söhbətimizə başladığımız Hakeşer Markt mağazasının qarşısında dayanan bəzi qızlar üçün deyəsən fərq eləyir. Çünki onlardan bəziləri deyir ki, hətta peşəsini dəyişməyi də düşünür. Deyirlər ki, burda küçədə dayanıb, kimin oldu üstünə cummaqdansa, kimlə gəldi yatmaqdansa, Amerikaya gedib barlarda striptizçi işləmək artıq daha sərfəlidir. Çünki Almaniyada bədənini gündə 7-8 dəfə satıb qazandığı pulu, Amerikadakı gecə klublarında bir gecə soyunub oynamaqla qazana bilirlər.
XS
SM
MD
LG