Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:16

Diktator arvadının 2500 cüt ayaqqabısı var


İmelda Markos
İmelda Markos
İmelda Markos Filippinin keçmiş diktatoru Ferdinand Markosun arvadıdır. Bu il «Newsweek» jurnalı xanım Markosu «Bütün dövrlərin ən tamahkar insanları» siyahısına salıb.

Onun 2500 cüt ayaqqabısı, böyük geyim və zinət əşyaları kolleksiyası var. Siyasət aləmində isə İmelda Markosa «polad kəpənək» deyirlər. Hazırda 80 yaşı olsa da, o, hələ də ölkəsinin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır.

Cavanlıqda İmelda çox gözəl olub, 18 yaşında gözəllik müsabiqəsində qalib gəlib. İmelda həmin dövrdə konqresmen olan Ferdinand Markosla tanış olur və tezliklə onlar ailə qururlar. 1966-cı ildə isə konqresmen Markosun ulduzu parlayır, o, prezident seçilir.

1972-ci ildən isə diktatora çevrilərək ölkəni 1986-c ilə qədər – devrilib ölkədən qovulanacan idarə edir. Amma əslində Ferdinand Markos ölkəni arvadı İmelda ilə birlikdə idarə edir.

«BİTLZ» QRUPUNUN BİRİNCİ LEDİYƏ «HÖRMƏTSİZLİYİ»

Dünyaca məşhur «Bitlz» qrupu Filippində olarkən İmelda Markosla səhər yeməyi yemək təklifini qəbul etmirlər. Bu xəbər televiziya və radio ilə yayılandan sonra qrupun bütün mühafizəçiləri «yoxa çıxır».

Şayiələr yayılır ki, xanım Markos musiqiçiləri öldürtdürmək istəyir. Bundan sonra qrup qorxusundan tələsik təyyarəyə minib ölkəni tərk edir, amma onların Filippində qazandıqları pulları əllərindən alırlar.

1972-ci ildə Fernando Markos ikinci dəfə prezident seçilməyə cəhd edəndə onu saxtakarlıqla qələbə qazanmaqda ittiham edirlər. Bundan sonra o, komendant saatı elan edir və hakimi-mütləq olur, konstitusiyanı ləğv edir.

Məhz həmim dövrdən etibarən İmelda da ictimai həyatda fəallaşır. Əri onu bır sıra dövlət vəzifələrinə təyin edir.

Xüsusi elçi olaraq diktatorun arvadı SSRİ, Çin, Liviya və bir çox başqa dünya ölkələrini gəzir. Həmin səfərlər böyük uğur kimi təqdim edilir, məsələn, İmelda Markosun Çindən və Liviyadan ucuz neft alınması ilə bağlı saziş imzalaması buna misal kimi göstərilir.

«DÜNYA ŞÖHRƏTLİ» SİYASİ XADİM


Amma bu xarici səfərlər zamanı İmelda Markos «həm ziyarət, həm ticarət» prinsipinə uyğun olaraq özü üçün bahalı əşyalar da almağı unutmur. Məsələn, 1983-cü ildə o, Nyu-York, Roma və Kopenhagen dükanlarında 5 milyon dollar xərcləyir.

Bundan başqa, o, yeni kurort üçün Avstraliyadan qum gətirməyə ayrıca təyyarə göndərir. 1980-ci illərdə İmelda Markos Nyu-Yorkun bahalı rayonlarından olan Manhettendə binalar alır. Buna 100 milyon dollardan çox pul xərcləyir.

Çilinin keçmiş diktatoru Pinoçet, onun arvadı Lucia Hiriart (sağda) və İmelda Markos İspaniyanın keçmiş diktatoru Frankonun dəfnində. 1975
Amma Empire State Building göydələnini 750 milyon dollara almaqdan imtina edir – deyir ki, «bu, həddən ziyadə lovğalıq» olardı.

Bundan başqa, İmelda Markos ərinin qurduğu diktaturanın müsbət imicini yaratmaq üçün dövlət büdcəsindən milyonlarla dollar pul xərcləyib. 1974-cü ilin «Dünya gözəli» müsabiqəsini Manilada keçirmək üçün üç aya 10 min yerlik teatr tikdirib.

O həmçinin «yaşıl inqilab» adlı sosial proqram həyata keçirib. Bu, ölkədə aclığın qarşısını almadı, fermerlərin torpaq problemini həll etmədi (Filippində fermerlərin çoxu torpağın sahibi deyil, icarəçisidir), proqramın nəticəsi yalnız o oldu ki, bir çox filippinlilləri öz həyətlərində daha çox meyvə-tərəvəz əkməyə həvəsləndirdilər.

«ANALOQU OLMAYAN» LAYİHƏLƏR

Ömrü qısa olan kampaniyalardan biri də milli ailə planlaşdırması ilə bağlı idi. Məqsəd ölkə əhalisinin sürətlə artmasının qarşısını almaq idi.

Bundan başqa, bahalı infrastruktur layihələrinə külli-miqdarda pul xərcləndi, amma bu, biznesin inkişafına az təsir etdi. Adi filippinlilər isə həmin layihələrdən az bəhrə gördülər. Belə layihələrə aşağıdakıları aid etmək olar:

Manila Film Mərkəzi, Filippin Mədəniyyət Mərkəzi, Filippin Ürək Mərkəzi, Filippin Ağciyər Mərkəzi, Filippin Böyrək İnstitutu, Folklor Mərkəzi, Beyəlxalq Toplantı Mərkəzi və s. Sonradan məlum oldu ki, Markosların 20 ilik hakimiyyəti dövründə ölkə 28 milyard dollar borca girib.

1986-c ildə Filippində inqilab baş verir. Dörd günlük etirazlar Markosların ölkədən qaçması ilə nəticələnir. Bu inqilab onların öz siyasi rəqiblərinin qətlində əllərinin olması şübhəsindən baş vermişdi.

Diktatorla arvadı ölkədən qaçandan sonra Malakananq sarayında İmeldanın 15 xəz şubası, 508 donu, 888 əl çantası, 1060 cüt ayaqqabısı qalır. İmelda bildirir ki, onların var-dövləti əri vaxtilə - 1959-ci illərin sonunda qızıl ticarəti ilə məşğul olan zaman yaranıb və qızıl qiymətləri qalxan zaman – 1970-ci illərdə dəyəri 35 milyard dollara bərabər olub.

KEÇMİŞ DİKTATOR ARVADI, İNDİKİ KONQRESMEN

Amma ölkəsində aparılan təhqiqat onların bu var-dövlətdən hər hansı vergi vermədiklərini aşkar edir.

İmeldanın Nyu-Yorkdakı əmlakı əlindən alınır və satılır. Onun içində Mikelancelonun da əsərləri olan bahalı rəsm kolleksiyasının (175 rəsm) da axırı belə olur.

Keçmiş diktator Markos 1989-cu ildə xaricdə ölür, amma «milli maraqları» əsas gətirib onun cənazəsinin ölkəsində dəfn olunmasına imkan vermirlər. Buna baxmayaraq, 1991-ci ildə İmelda Markosa vətənə qayıtmağa icazə verirlər.

Bundan sonra o bir neçə dəfə prezident seçkilərində iştirak etsə də, xeyli səs toplasa da, qalib gələ bilmir. Ona qarşı məhkəmə proseslərinin də çoxu nəticəsiz qalıb. İndi xanım Markos konqresmendir.
XS
SM
MD
LG