Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

Moskva və Vaşinqton arasında ən mübahisəli məqamlar hansılardır?


Obama və Medvedev matryoşkaları

STRATEJİ SİLAHLARA NƏZARƏT

Obama administrasiyasının məqsədi odur ki, nüvə silahlarına nəzarətə dair yeni pakt razılaşdırsın. Bu razılaşma iki nəhəng atom dövləti arasında münasibətləri düzəldərdi.

Obama rusiyalı həmkarı Dmitri Medvedevlə apreldə razılaşıb ki, 1991-ci ildə qəbul olunmuş Strateji Silahların İxtisarı Müqaviləsini dəyişdirmək üzrə danışıqları sürətləndirsinlər. Müqavilə dekabrda bitir.

Gözlənir ki, iki lider iyulun 6-8-də həmin danışıqlarda irəliləyiş olduğunu, güman ki, yeni razılaşmanın çərçivəsinin mövcudluğunu elan edəcəklər. Hazırkı müqavilələr hər iki tərəf üzərinə öhdəlik qoyur ki, 2012-ci iləcən arsenalını 1700 və 2200 nüvə başlığına qədər azaltsın.

ABŞ-ın silah nəzarəti ekspertləri proqnozlaşdırırlar ki, yeni hədəf 1500 nüvə başlığı ola bilər.

Ancaq yekun razılaşmaya maneələr də çıxa bilər. Belə ki, Rusiya nüvə danışıqlarında tələb eləyə bilər ki, Vaşinqton Avropada Raket Əleyhinə Müdafiə Sistemindən əl çəksin.

Rusiya bu sistemi təhlükəsizliyinə hədə hesab edir. Vaşinqtonun fikrincə, sistemin məqsədi İran kimi düşmən ölkələrin hücumundan qorunmaqdır.

GÜRCÜSTAN

Ötən il Rusiyanın Gürcüstana təcavüzü 1991-ci ildən bəri Qərblə Sovet İttifaqı arasında ən ciddi gərginliyi yaratdı. İndi gərginlik bir az səngiyib, ancaq Moskva Gürcüstanın iki separatçı regionunu tanıdığına görə Rusiya ilə Birləşmiş Ştatlar arasında soyuqluq hələ də qalır.

Vaşinqton təkid eləyir ki, Qərb Rusiya sərhədlərində sovet təsirinə qayıdışı qəbul etməyəcək. Hələ ki, Birləşmiş Ştatlar və Rusiya Gürcüstandakı gərginliyin əməkdaşlığın digər sahələrinə yayılmamasında maraqlıdır.

NATO-NUN GENİŞLƏNMƏSİ

Rusiya keçmiş Sovet respublikalarının - Gürcüstan və Ukraynanın NATO-ya cəlb edilməsinə qəti etiraz edir. Keçmiş Buş administrasiyası bu isə rəhbərlik edirdi. Kreml hər iki regionda «üstün maraqları» olduğunu deyir və Qərblə yaxınlaşmaya mane olmaq istəyir.

NATO bildirir ki, Gürcüstan və Ukraynanı üzv edəcək, ancaq hələlik onlara üzvlük üçün konkret plan verməyib.

NATO üzvlərindən bəziləri bu məsələylə Moskvanı qəzəbləndirmək fikrində olmadığı üçün Obama Buşa nisbətən NATO-nun Şərqə doğru genişlənməsi məsələsində daha ehtiyatlı mövqe tutub.

İRAN

Obama administrasiyası İranın nüvə maraqlarının qarşısını almaqda Rusiyanın köməyini istəyir. Ancaq Tehranın əsas ticarət partnyoru olan Moskva Qərbin sanksiyalarına qoşulmağa həvəs göstərmir.

Ancaq Obama Rusiya liderlərini inandıra bilər ki, Tehranla diplomatik dildə danışmaq istəyir, ancaq İrana təzyiq üçün birgə cəbhənin yaranmasında da təkid eləyə bilər. Xüsusilə də nəticələri mübahisəli olan prezident seçkisindən sonra.

Moskva isə İranın nüvə silahı hazırlamasına dair Qərbin iddialarına şübhəylə yanaşır. Ona görə də təhlilçilər bu məsələdə Moskvada razılaşma olacağına az ümid edirlər.

ƏFQANISTAN

Moskvada inananlar çoxdur ki, Rusiya liderləri bu ölkənin ərazisindən Əfqanıstana Amerikadan daha çox hərbi yükün tranzitinə icazə verəcək. Vaxtilə bu ölkədə Sovet İttifaqının işğalı uğursuz olmuşdu deyə, Rusiya da Birləşmiş Ştatlar kimi Əfqanıstanda sabitliyin olmasında maraqlıdır.

Rusiya əməkdaşlığı artırsa, Obama hökuməti Amerikanın hərbi diqqətini İraq müharibəsindən Əfqanıstana yönəldər.

RUSİYA VƏ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI

Sammitdə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi də müzakirə obyekti sırasındadır. Rusiya 16 ildir ÜTT üzvlüyünə can atır. Bu mübarizədə Moskva Birləşmiş Ştatlar və Avropa Birliyini ittiham edir ki, onun bu təşkilata üzvlüyü müqabilində məntiqsiz tələblər irəli sürür. Məsələn, təkid olunur ki, Rusiya ancaq Belarus və Qazaxıstanla birlikdə təşkilata girə bilər.
XS
SM
MD
LG