Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:46

Mətbuatdan bloqa


Bloqçu burda şəxsi fikirlərini yayır, qonaqlarını qarşılayır, dostlarının fikirlərinə yer verir, bir sözlə, cəmiyyətin həyatını öz virtual məkanına daşıyır
Bloqçu burda şəxsi fikirlərini yayır, qonaqlarını qarşılayır, dostlarının fikirlərinə yer verir, bir sözlə, cəmiyyətin həyatını öz virtual məkanına daşıyır
Azərbaycanda 25 minə yaxın Azərbaycandilli bloq var. Ötən il isə bu rəqəm 6 mindən çoxuydu. Bloq – internet məkanında hər kəsin şəxsi «mənzili»dir. Bloqçu burda şəxsi fikirlərini yayır, qonaqlarını qarşılayır, dostlarının fikirlərinə yer verir, bir sözlə, cəmiyyətin həyatını öz virtual məkanına daşıyır. İnternetə, xüsusilə bloqçulara nəzarət isə bəzi hakimiyyətlərin sevimli mövzusudur.

İRANDA «AZƏRİ» ADLI BLOQ SİSTEMİ YOXDUR

İran azərbaycanlısı Heydər Bayat deyir ki, onun bloqu ədəbi yönümlü olsa da, üzərində nəzarət hiss edir:

- Bizdə siyasi bloqlar yoxdur. Kiminsə öz adıyla siyasi çıxışlar eləməsi çətindir, rejim buna imkan vermir. Adətən siyasi yazıların müəllifi qondarma adlarla özünü təqdim eləyir. İrandan kənarda yaşayanlar öz bloqlarında çəkinmədən yaza bilirlər.

Heydər Bayat deyir ki, İran bloqçularında daxili senzura var. Amma o hesab edir ki, bloqçuların cəmiyyətdəki ictimai-siyasi proseslərə təsiri mətbuatın imkanlarıyla müqayisədə azdır:

- Məsələn, mənim bloqum ən çox ziyarət olunan bloqlardandır, gündə 150 ziyarətçim olur. Amma qəzetin milyonlarla tirajı var. Biz daha çox mətbuata ehtiyac duyuruq, bir də «azəri» adıyla bloq sistemimiz yoxdur. Biz öz bloqumuzu «fars» adlı bloq sistemləriylə tanıda bilirik.

Azərbaycandakı «azəri» adlı bloq sistemlərinə qoşulmağa gəlincə, Heydər Bayat deyir ki, bu sistemlərdə bloq açmağa əlifba mane olur.

«İNTERNETƏ TAM NƏZARƏT MÜMKÜN DEYİL»

Politoloq, virtual məkanda öz bloquyla da tanınan İlqar Məmmədov isə deyir ki, internetdən baş çıxaranlar bloq yazarlarının baxışları ilə də tanış ola bilirlər:

- Məsələn, mənim ay ərzində 3 min nəfərlik auditoriyam olur. Bu o deməkdir ki, yüzlərlə adam yazdıqlarımı oxuyur, fikirlərimi bilir. Gələcəkdə internetə çıxış artdıqca, bu proses daha da güclənəcək, oxucuların sayı artacaq.

İlqar Məmmədov hesab edir ki, nə qədər istəsələr də, interneti tam nəzarətə götürmək mümkün olmayacaq. Onun fikrincə, milli bloq sistemindən qovulan bloqçular başqa sistemlərdə öz baxışlarını yayacaqlar.

MƏTBUATDAN BLOQA

Bir müddət əvvəl «azeribloq» sistemində bloqu bağlanan Elmin Həsənli isə deyir ki, o, hər zaman nəzarət hiss edib:

- Mən yazılarımda ateizmi təbliğ edirdim, buna görə də sistem rəhbərliyi bloqumu bağladı.

Elmin Həsənli deyir ki, Azərbaycanda bloqçularla mətbuat arasında bir əlaqə yaranıb: bloqçular həm də ayrı-ayrı yazıların təbliğatçılarına çevrilirlər:

- Məsələn, elə olur ki, maraqlı yazıdı, amma aztirajlı qəzetdə çıxıb, ya gözdən qıraqda qalıb. Bloqçular bu yazıları öz bloqlarında yerləşdirirlər, daha çox adam oxuyur.

Azərbaycanda ilk milli «azeribloq» sisteminin rəhbəri, əslən iranlı Fərhad Əsgərzadəylə əlaqə saxlayıb bloqa nəzarətlə bağlı onun da fikirlərini öyrəndik.

Fərhad Əsgərzadə deyir ki, Elmin Həsənli yazılarında dini, peyğəmbəri təhqir edən ifadələr işlətdiyi üçün onun bloqunu bağlayıblar:

- Ateizmi təbliğ edirsə, bu, onun fikirləridir. Buna qarışa bilmərik. Amma bizim qaydalarımız var ki, dinləri, peyğəmbərləri təhqir eləmək olmaz.

AZƏRBAYCAN BİR ADDIM İRƏLİDƏ

İranda «azəri» adıyla blok sistemi yaratmaq imkanlarına gəlincə, Fərhad Əsgərzadə bunda problem olmadığını düşünür:

- Mən «azeribloq»u Azərbaycanda yaradanda fikirləşdim ki, İrandakı azərbaycanlılar da orda yaza biləcəklər. Həm də latın əlifbasını mənimsəmələrini istədim. Amma görünür, bu, çətinlik yaradırmış.

Bloqçulara nəzarətə gəlincə, Fərhad Əsgərzadə deyir ki, İranda rejim hakimiyyət əleyhinə ictimai-siyasi fikirlərin yayılmasının əleyhinədir:

- Azərbaycan bu mənada İrandan irəlidədir.

Bəs Azərbaycanda da belə nəzarət tətbiq olunsa, «azeribloq» rəhbərliyi qapısını hakimiyyətin əleyhinə yazan bloqçuların üzünə bağlayacaqmı?

Fərhad Əsgərzadə deyir ki, o, belə bir nəzarəti gözləmir:

- Axı mən hansısa bloqçuya deyə bilmərəm ki, mənim, ya hakimiyyətin fikirlərini yay. Müəlliflər bloqlarda öz fikirlərini yayırlar. Ümid edirəm ki, «azeribloq» nə bloqçuların, nə də özünün fəaliyyətini dayandıracaq.
XS
SM
MD
LG