Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:49

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək


İlham Əliyev və xanımı B.Britaniyanın Baş naziri Qordon Braun və xanımıyla birgə. London, 13 iyul 2009
İlham Əliyev və xanımı B.Britaniyanın Baş naziri Qordon Braun və xanımıyla birgə. London, 13 iyul 2009
Azərbaycan prezidenti Böyük Britaniyaya səfəri zamanı bildirib ki, siyasi səylərə rəğmən, Dağlıq Qarabağ münaqişəsinin hərbi üsulla həllini istisna etmək mümkün deyil.

«QARABAĞ PROBLEMİNİN HƏRBİ YOLLA ÇÖZÜMÜ İSTİSNA EDİLMİR»

İlham Əliyev Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitutunda (Chatham House) çıxışında bildirib ki, Azərbaycan 15 ildir danışıqlar prosesində iştirak edir. «Bu, bizim sülhsevər siyasətimizin parlaq göstəricisidir. Çünki 15 ildir ki, bizim torpaqlar işğal altındadır, bizim qaçqınlar və məcburi köçkünlər bu işğalın əzab-əziyyətini çəkirlər, amma biz əvvəlki tək danışıqlar aparırıq. Bu, açıq-aydın göstərir ki, Azərbaycanın məsələyə yanaşması siyasi nizamlamaya əsaslanır. Eyni zamanda, təəssüflər olsun ki, bu gün mən məsələnin hərbi üsulla həllini istisna edə bilmirəm».

Prezident deyib ki, BMT-nin xartiyasına əsasən, Azərbaycanın özünü müdafiə etməyə qanuni hüququ var. Onun sözlərinə görə, digər ölkələr kimi, Azərbaycanın da öz «ərazi bütövlüyünü bərpa etmək» legitim hüququ var. «Biz tarixdən bilirik ki, bəzən ölkələr özlərinin yerləşdiyi məkanlardan uzaqlardakı ərazilərdə də öz suverenliyini bərpa edirlər. Dağlıq Qarabağ isə Azərbaycanın lap mərkəzində yerləşir, bu, Azərbaycanın tarixi torpağıdır. Və ermənilər Dağlıq Qarabağda 19-cu əsrdə məskunlaşıblar. 1978-ci ildə onlar ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsinin 150 illiyini tərənnüm edən bir abidə ucaltmışdılar. Ona görə də, sülh danışıqlarında irəliləyiş əldə olunan kimi, şübhəsiz, gücdən istifadə etməmək və məsələnin sülh yolu ilə həll etmək öhdəliyi tətbiq ediləcək».

Azərbaycan liderinin sözlərinə görə, bu, ümumi paketin bir tərkib hissəsidir. «Lakin indiki anda biz bunu edə bilmərik, çünki əgər biz indi bunu etsək, onda Ermənistanın işğal edilmiş torpaqlardan çıxması üçün hansı əlavə stimulu ola bilər? Fikrimcə, bu gün iki mühüm alət var - birincisi, bizim müstəqilliyimizi bərpa etməyə qadir olan ordumuzun artan potensialıdır və bu il bizim hərbi xərclər Ermənistanın ümumi büdcəsinə bərabər olub. Və ikinci stimul iqtisadi amildir».

İlham Əliyev Ermənistanı təcrid etməkdə günahlandırıldığını deyərək, hansısa ayrı seçimə malik olduğunu sual edib. «Bizim hansı ayrı seçimimiz var? Və əgər Ermənistan bu dəmiryolunun keçdiyi ərazilərdən öz qoşunlarını çıxarsa, biz Ermənistanla dəmiryolu əlaqəsini açmağa hazırıq. Və hətta təklif də olmuşdu ki, əgər onlar Dağlıq Qarabağın cənubunda yerləşən 5 rayondan qoşunlarını çıxarsalar kommunikasiya yollarının açılmasına dərhal başlayaq. Azərbaycanla Ermənistanı bu gün müqayisə etmək olmaz, həm iqtisadi, həm də siyasi mənada vəziyyət müxtəlifdir. Və getdikcə, 10 ildən, 20 ildən sonra bizim aramızdakı fərq artacaq. Ona görə, onlar seçim etməlidirlər. Əvvəl-axır Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır. Və bundan sonra gücdən istifadə etməmək bizim öhdəliyimizə çevriləcək».

AZƏRBAYCAN «NABUCCO» LAYİHƏSİNİ DƏSTƏKLƏYİR

Böyük Britaniyaya səfər edən prezident İlham Əliyev deyib ki, Azərbaycan «Nabucco» ilə qərb istiqamətində nəql edilməsi üçün kifayət qədər təbii qaz ehtiyatlarına malikdir.

BBC radiosunun məlumatına görə, dövlət başçısı Azərbaycanın həmişə «Nabucco» layihəsini dəstəklədiyini bildirib. «Ümumiyyətlə, «Nabucco» bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər 1996-cı ildə Azərbaycan BP və digər şirkətlərlə Şahdəniz qaz yatağının istismarına dair saziş imzalamasaydı və partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün «Nabucco» layihəsinə dair sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan «Nabucco»nun təşəbbüskarı olmaqla yanaşı, eləcə də əməldə diversifikasiya və nəql infrastrukturunun yaradılmasını dəstəkləyən ölkədir».

İ.Əliyev deyib ki, «Nabucco» layihəsi ortaya çıxan dövrdə Azərbaycan bu layihə çərçivəsində potensial qaz təchizatçısı kimi qəbul edilmirdi, başqa dövlətlər potensial qaz təchizatçısı kimi çıxış edirdi. Onun sözlərinə görə, sonradan Azərbaycan qazın ixracatçısı olub. «Bu il, misal üçün Azərbaycan Türkiyəyə 7 milyard kub metr qaz, Gürcüstana - 1 milyarda yaxın qaz ixrac edib, Türkiyə bu qazın bir qismini Yunanıstana re-eksport edib, Azərbaycan qazını İrana da nəql edir. «Qazprom»la da bu yaxınlarda imzalanmış qaz sazişi Azərbaycanın diversifikasiya siyasətinə tam uyğundur. Nə qədər çox bazar olsa, o qədər də çox mənfəətli şərtlər olacaq. Mən çox şadam ki, «Nabucco» layihəsi çərçivəsində tranzit ölkələr arasında saziş əldə edildi. Ümidvaram ki, Azərbaycanla Türkiyə arasında da tranzit sazişi tezliklə imzalanacaq».

Azərbaycan liderinin fikrincə, Türkiyədə «Nabucco»ya dair imzalanmış saziş ədalətli şərtlərə və beynəlxalq səviyyədə tanınan prinsiplərə söykənməlidir. «Bu ilin may ayında Azərbaycan «Nabucco»nu dəstəkləyən siyasi qətnaməyə imza atdı. Və biz həmişə deyirik ki, əgər «Nabucco» inşa edilsə və kommersiya baxımından şərtlər bizi qane etsə, Azərbaycan məmnuniyyətlə öz qazını bu kəmərlə də nəql edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qaz ehtiyatları indi minimum 2 trilyon kub metrdir, maksimum isə bu 5 trilyon kub metr ola bilər - və yeni kəşfiyyat yataqları bu göstəriciləri yalnız artıra bilər - Azərbaycanın «Nabucco» istiqamətində nəql edilməsi üçün kifayət qədər qaz ehtiyatı var».

İLHAM ƏLİYEV: «BİZ KİV AZADLIĞINI MƏHDUDLAŞDIRMIRIQ»

Rəsmi Bakı xarici radioların Azərbaycanın milli tezliklərində yayımı ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil. Bazar ertəsi axşam dövlət başçısı İlham Əliyevin Londonda çıxışından belə bir nəticə çıxarmaq olar.

Ona verilən: Cənab prezident siz ölkənizin Britaniya ilə münasibətlərindən çox ətraflı danışdız, sizin ölkəniz ATƏT, Avropa Şurası kimi təşkilatların üzvüdür, Avropa İttifaqının isə partnyorudur. Belə olan halda, Britaniyanın ən nüfuzlu təsisatlarından biri sayılan BBC-nin Azərbaycanda FM tezliyində yayımına icazə verilməməsi ziddiyyət təşkil etmirmi? - sualına cavabda Əliyev bildirib:

«Hər bir ölkə, o cümlədən yeni müstəqil dövlətlər, «ilk növbədə öz qanunvericiliyinə hörmətlə yanaşmalıdırlar». Sonra Əliyev bildirib ki, söhbət tək bir BBC dən yox, 4 xarici radiostansiyadan gedir.

Əliyev təkrar edib ki, əgər bu xarici radiolar və Azərbaycan arasında tərəfdaşlıq davam etməlidirsə, yayımın başqa üsulları tapıla bilər - misal üçün, internet, qısa dalğalar. «Yəni, biz medianı məhdudlaşdırmaq istəsəydik, bütün bunları etməzdik. Bizim yeganə niyyətimiz - öz qanunvericiliyimizə hörmətlə yanaşmaq və digər inkişaf etmiş və demokratik ölkələr kimi hərəkət etməkdir», deyə Əliyev bildirib.
XS
SM
MD
LG