Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:02

«Beş il bundan əvvəl Azərbaycan daha azad ölkə idi»


Andreas Herkel
Andreas Herkel
Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Andreas Herkel 2004-cü ildən bəri get-gedə problemli olan bir ölkəni müşahidə edir: Avstriyanın «Der Standart» qəzetinin müxbiri Marku Bernada verdiyi müsahibəsində estoniyalı siyasətçi bildirir ki, neft və qaz biznesi ölkədə dövlət hakimiyyətini ancaq gücləndirib. İki gənc fəalın həbsi kimi son hadisələr isə bu güclənmənin siyasi azadlıqlar hesabına baş verdiyini deməyə əsas verir.

«MƏN BUNU GÖZLƏMİRDİM»

- Azərbaycan hökumətinin indi də gənc vətəndaş cəmiyyəti fəallarını, ənənəvi müxalifət partiyaları və onların qəzetləri ilə əlaqədar olmayan bloq yazarlarını hədəfə alması Sizi təəccübləndirir?


- Mən bunu gözləmirdim. Azərbaycanda KİV-lərin üzləşdikləri çətinliklər təzə bir şey deyil. Avropa Şurasında Azərbaycan üzrə məruzəçi kimi deməliyəm ki, beş il bundan əvvəl ölkə daha azad idi. Belə bir hadisə Azərbaycan jurnalistinin başına gələ biləcək tipik bir haldır.

-Emin Milli və Adnan Hacızadə ilə bağlı iclasda Apellyasiya məhkəməsinin hakimləri iki aylıq həbs qətimkan tədbirini qüvvədə saxlamağa qərar verdilər. Bundan sonra daha bir proses gözlənilir. Bütün bunlar nə ilə qurtaracaq?


-Bunu demək çətindir. Ölkə üçün bu cür mənfi reklamdan vaz keçmək yaxşı olardı. Hər hansı bir hökumət üçün jurnalistin azadlıqda olması və fəaliyyəti daha yaxşıdır nəinki onun həbsdə olması. Azərbaycanda bu cür hallar digər jurnalistlərin başına gəlib artıq - məsələn, Azərbaycanda ən tanınmış jurnalistlərdən olan Qənimət Zahidova küçədə hücum edilmişdi. Bu hadisə çox şübhə doğururdu. Rəsmi orqanlar isə belə hallarda ancaq bir cavab verirlər ki, onların tutulması jurnalist fəaliyyəti ilə əlaqədar deyil. Jurnalisti çox asanlıqla «xuliqanlıqda» ittiham etmək olar.

100 İL BUNDAN ƏVVƏL VƏ İNDİ

-Bütün ölkə ərazisində prezident İlham Əliyevə dəstək ötən illərdə bir dəfə də olsun ciddi zərbə altında olmayıb. Amma buna baxmayaraq, idarələr çox ucuz üsullara əl ataraq səsvermələrin nəticələri düzəltməyə, tənqid edənlərin isə ağzını yummağa cəhd edir. Siz bunu necə izah edə bilərsiniz? Rejim özünə inanmır?

-Bu suala cavab vermək üçün məsələyə geniş çərçivədən yanaşmaq lazımdır. 100 il bundan əvvəl Azərbaycan bugünkü qərb standartlarına uyğun demokratiya quran ilk müsəlman ölkəsi olub. Doğrudur, bu quruluşun ömrü az oldu, amma cəmiyyət o zamankı şəraitə görə kifayət qədər qabaqcıl idi. 1991-ci ildə qazanılan tarixən ikinci müstəqillik vaxtı Azərbaycanın həqiqətən də bütün imkanları var idi. Amma ilk illərdə Ermənistanla müharibə və daxili qeyri-sabitlik məyusluğa səbəb oldu. İndi hökumət neft və qaz gəlirlərindən istifadə edir, amma eyni zamanda iqtisadi vəziyyət o qədər yaxşı deyil.

Amma Azərbaycanın problemi daha böyükdür. Rusiyanı nəzərdən keçirəndə görürük ki, bu, həlledici məqamdır. Rusiyadakı kimi «nəzarət altında olan demokratiya» həm Azərbaycanda, həm də postsovet məkanının bir sıra dövlətlərində var. Azərbaycanın 2001-ci ildən üzv olduğu Avropa Şurasında isə vəziyyət mürəkkəbdir, belə ki burada daha böyük, daha güclü bir üzv dövlət var. Bu üzv dövlət təcavüz edir, Gürcüstana qarşı müharibə aparıb. Bu amillər siyasi standartları aşağı salır.

BƏS DƏYƏRLƏR?

-Bəs bu Avropa Şurasının və ATƏT-in etibarlılığını aşağı salmır?

-Müəyyən mənada salır. Amma tarixi perspektivi də nəzərə almaq lazımdır. Berlin divarı söküləndən sonra Avropa Şurasına çoxlu yeni üzvlər daxil oldu. Bu, hər hansı bir beynəlxalq təşkilat üçün həmişə problem yaradır. Biz ölkələrdə müşahidə üçün bir mexanizm yaratdıq. Biz qanunun aliliyi istiqamətində islahatların keçirilməsini nəzarətdə saxlayırıq. Şərqi Avropada bu islahatlar uğurlu oldu, Cənubi Qafqaz və Rusiyada isə yox. Azərbaycan üzrə məruzəçi kimi deyə bilərəm ki, bu ölkədə müşahidə missiyasının yekunlaşdırılmasından hələ çox uzağıq. Siyasi məhbusların əksəriyyəti ötən illərdə buraxılsa da, neft və qaz gəlirləri sayəsində dövlət get-gedə güclənmişdir. Bunun mənfi effekti: azad fikir ifadə edilməsi üçün bu gün beş il əvvəl mən Azərbaycan üzrə məruzəçi mandatımı alarkən olduğundan daha az imkan var. Cəmiyyət get-gedə daha qapalı olur və nəzarət altına düşür.

Azərbaycan Avropa Şurasının konvensiyalarını ratifikasiya edir, amma irəliləyiş daha çox formal səciyyə daşıyır. Bu baxımdan ən xoşagəlməz sürpriz keçən mart ayında Konstitusiya dəyişikliklərinə dair referendum oldu. Biz hökumətdən soruşduq: Niyə siz Venesiya Komissiyasının rəyini nəzərə almadınız? Konstitusiya məsələləri üzrə ixtisaslaşmış hüquqşünaslardan ibarət bu komissiya qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklərlə dair çox tez bir zamanda bir rəy hazırladı - mənfi rəy. Amma bu rəy dərc ediləndən cəmi bir neçə gün sonra referendum keçirildi. Dəyişikliklər üçün artıq çox gec idi. Bakıya səfərlərimdən birində mən Parlamentin rəhbərinə dedim ki, əvvəlcədən məsləhətləşmək daha yaxşı olardı.

ƏVVƏL RUSİYA, SONRA AZƏRBAYCAN

-Əgər bu prosesdə ölkənin nəsə öyrəndiyi nəzərə çarpmırsa və vətəndaş azadlıqları get-gedə daha çox məhdudlaşdırılırsa, Avropa Şurası üçün bundan nəticə çıxarmaq vaxtı gəlib çatmayıbmı? Məsələn hər hansı bir ölkənin üzvlüyünün ləğvi barədə söz gedə bilməzmi?

-Bu çox həssas məsələdir. Rusiyaya münasibətdə bu məsələ gündəmdə olub və 1999-cu ildə ikinci Çeçenistan müharibəsindən sonra bir müddət həyata keçirilib. Üzvlüyün ləğv edilməsi bir az çox güclü səslənir. Söhbət daha çox hər hansı ölkənin nümayəndə heyətinin AŞPA-da səs hüququnun dondurulmasından gedir. Azərbaycanda 2005-ci ildə çox problemli parlament seçkilərindən sonra bu ölkənin də Avropa Şurasında səs hüququnun dondurulması məsələsi gündəmə gəldi. Şəxsən mən fikirləşirəm ki, xüsusən də Gürcüstan müharibəsindən sonra, biz öz əsas prinsiplərimizi daha ciddi müdafiə etməliyik. Mən istisna etmirəm ki, biz Rusiyaya münasibətdə belə bir addım ata bilərik. İlk növbədə ona görə ki, bir sıra qətnamələrə əməl olunmayıb. Bundan sonra biz Azərbaycan kimi digər üzv dövlətlərin məsələsi ilə məşğul ola bilərik. Belə olduqda bizim öz dəyərlərimiz və standartlarımız uğrunda fəaliyyətimiz daha inandırıcı və təsirli olar.

46 yaşlı Andreas Herkel 2004-cü ildən bəri Azərbaycan üzrə məruzəçidir. 1999-cu ildən Estoniya Parlamentinin və sağçı mühafizəkar Vətən ittifaqının üzvüdür.

Müsahibənin azərbaycanca mətnini Elnurə Qurbanova hazırladı.
XS
SM
MD
LG