Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:33

BMT Azərbaycan hökumətini kəskin tənqid edib...


BMT-nin İnsan Haqları Şurasının iyulun 31-də Cenevrədə keçirilən sessiyasında açıqlanan Azərbaycanla bağlı hesabatda bu yaxınlarda həbsə alınan iki İnternet yazarı – Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıq bildirilir – deyilir ki, onların hücuma məruz qalmaları ilə bağlı polisə məlumat vermələrindən sonra niyə həbs edilmələrinə aydınlıq gətirilməyib.

Ümumiyyətlə, komitə jurnalistlərə qarşı xuliqanlıq ittihamlarının irəli sürməsindən narahatlığını bildirib. Bundan başqa hesabatda Azərbaycanda söz azadlığına qoyulan məhdudiyyətlər, müstəqil qəzetlərin bağlanması, xarici radiostansiyaların FM tezliyindən çıxarılması, jurnalistlərin qətli və döyülməsi haqda xəbərlərdən narahatlıq ifadə olunur.

Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, söz azadlığına qoyulan birbaşa və dolayısı məhdudiyyətlərin aradan qaldırılması, jurnalistlərin zorakılıqdan qorunması üçün tədbirlər görsün. Hesabatda deyilir ki, hökumət müstəqil mətbuatın fəaliyyəti və radiostansiyaların yerli yayımına heç bir səbəb olmadan məhdudiyyət qoymamalıdır.

"MTN-NİN TƏCRİDXANASI BAĞLANMALIDIR!"

Azərbaycan polisi Bakıda gül bayramına etiraz aksiyası keçirməyə cəhd edən gəncləri saxlayır. 10 may 2009
BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda istintaq zamanı insanlardan işgəncə yoluyla ifadə alınması, işgəncə ilə alınan ifadələrdən məhkəmələrdə istifadə edilməsi, işgəncə ilə bağlı şikayətlərin araşdırılmaması, polis məntəqələrində ölümlər haqda xəbərlərdən də narahatdır.

Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, hüquq-mühafizə orqanları haqqında şikayətləri araşdırmaq üçün müstəqil orqan yaratsın, günahı olanlar cəzlandırılsın. Bundan başqa hesabatda bildirilir ki, Milli Təhlükəszlik Nazirliyindəki təcridxana ya bağlanmalı, ya da Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməlidir.

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ HANSI PRİNSİPLƏRLƏ İŞLƏYİR?

BMT-nin İnsan Haqları Komitəsi həm də insanların sərbəst toplaşmasına məhdudiyyət qoyulması, dinc nümayişlərin həddən ziyadə zor tətbiq etməklə dağıdılması haqda xəbərlərdən də narahatlıq keçirir. Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, sərbəst toplaşma ilə bağlı qaydaları yenidən nəzərdən keçirsin, həmin qaydalar insanların sərbəst toplaşmaq hüquqlarından yararlanmasına şərait yaratsın.

Hesabatda deyilir ki, Azərbaycan hökumətinin təmsilçiləri dini azadlıqların məhdudlaşdırılmadığını bildirsələr də, dini icmalar sərbəst fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyə məcbur edilirlər. Bundan başqa Komitə ondan da narahatdır ki, müsəlman icmaları dövlət qeydiyyatından keçməmişdən qabaq Qafqaz Müsəlmanları İdarəsindən ilkin razılıq almalıdırlar. Amma həmin təşkilatın hansı prinsiplər əsasında müraciətləri qiymətləndirməsi haqda məlumat yoxdur.
XS
SM
MD
LG