Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

«Biz də Seçki Məcəlləsiylə tam razı deyilik»


Aydın Mirzəzadə
Aydın Mirzəzadə
AzadlıqRadiosunun müsahibi deputat, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadədir.

«FƏAL PARTİYALARLA, QEYDİYYATDAN KEÇMİŞ PARTİYALAR ARASINDA FƏRQ OLMALIDIR»

- Aydın müəllim, söhbətə elə müxalifətin son təkliflərindən başlayaq. Altı müxalifət partiyası istəyir ki, bu ilin sonuna kimi Seçki Məcəlləsinə, eləcə də sərbəst toplaşmaq, siyasi partiyalar və bələdiyyələrin statusu haqqında qanuna dəyişikliklər edilsin. Bu təkliflər nəzərə alına bilərmi?

- Seçki Məcəlləsinə dəyişikliyi bu gün vacib saymıram. Məcəllə optimaldır, tərəflərin maraqlarını ümumən ifadə edir. Konkret götürsək, əlbəttə, biz də məcəlləylə tam razı deyilik. Ancaq bu o demək deyil ki, Seçki Məcəlləsi tam bizim partiyanın maraqlarına uyğun qurulmalıdır.

- Aydın müəllim, Seçki Məcəlləsində sizi qane etməyən nədir?

- Məsələn, seçki prosesinin iki aya qədər davam etməsi. Məncə, seçki gününün elan edilməsiylə başa çatması bir ay çəkməlidir. Avropa ölkələrinin hamısında bu belədir. Məsələn, İtaliyada bu müddət 30 gün çəkir. Bizdə isə 75 gün çəkir, bu da cəmiyyəti uzun müddət gərginlikdə saxlayır. İkincisi, məcəlləyə görə, komissiya üzvü heç bir səbəb gətirmədən protokolu imzalamaya bilər. Bu, düzgün deyil, mütləq bu əsaslandırılmalıdır. Üçüncü məqam. Məcəllə bütün partiyalara eyni hüquq verir. Qeydiyyatdan keçib, illərlə səsi çıxmayan bir partiya ilə nüfuzu, səsi, qəzeti, elektoratı olan bir partiyanı bərabər götürmək olarmı? Məncə, fəal partiyalarla sadəcə, qeydiyyatdan keçmiş partiyalar arasında fərq olmalıdır. Elə təbliğat məsələsinin özündə də dəqiqləşməyə ehtiyac var. Amma yenə deyirəm ümumən Seçki Məcəlləsi optimaldır.

«BİZ DƏ KÖHNƏ CAVABLARI VERƏCƏYİK»

- İndisə qayıdaq müxalifətin təkliflərinə.

- Opponentlərimizin təklif vermələrinə maraqla və hörmətlə yanaşıram. Təkliflərini versinlər, müzakirə edilsin, bizlər də dəqiq bilək nə istəyirlər. Təəssüf ki, bəzən müxalif qüvvələr təklif verəcəklərini deyir və daha çox təşəbbüsün özünü tirajlandırırlar, nəinki təklifin özünü. Ortadakı təklifdənsə ictimaiyyətin xəbəri olmur. Mən çox istərdim ki, bu dəfə həmin qüsura yol verilməsin.

- Məsələn, bu dəfə müxalifət təklif edir ki, bələdiyyə seçkilərinə kimi komissiyaların tərkibi dəyişdirilsin və təşviqat kampaniyası dövründə rəqabətə mane olan müddəalar aradan qaldırılsın.

- İkinci təklifdə heç bir konkretlik yoxdur. Mücərrəd, abstrakt, heç bir yük daşımır. «Maneələr aradan qaldırılsın…» Hansı maneələrdi? Nə səbəbdən maneə sayılır? Bayaq dediyim fikir, təklif verilir, amma yükü yoxdur. İkincisi, komissiyaların dəyişdirilməsinə qalanda, bununla bağlı iqtidar yetərincə cavab verib. Əgər opponentlərimiz köhnə təkliflərini yenidən qaldırırlarsa, biz də köhnə cavabımızı səsləndirəcəyik.

- Təklif sahibləri həm də sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına toxunurlar. Bəlkə bunu da maneələrdən biri kimi qiymətləndirirlər?

- Mən xahiş edirəm, müsahibə götürəndə maraqlanın görək, onlar maneə deyəndə nəyi nəzərdə tuturlar? Sərbəst toplaşmaqda maneə yoxdur. Yox əgər kimsə metronun və ya Prezident Adminstrasiyasının qarşısında tədbir keçirməyi azadlıq kimi qəbul edirsə, belə deyil, bu, artıq anarxiyadır. Bu gün paytaxtın hər bir inzibati rayonunda kütləvi tədbir keçirmək üçün yer ayrılıbsa və həmin yerə həm hakim, həm müxalif partiya göndərilirsə, hesab etmirəm ki, sərbəst toplaşmaq azadlığı pozulur.

- Amma Aydın müəllim, müxalifət 2006-cı ildəki qiymət artımından sonra demək olar ki, kütləvi aksiyalar keçirə bilmir. Bunu onunla izah edir ki, onlara aksiya keçirmək üçün yer ayrılmır.


- Bunların müraciəti adətən o formada olur ki, onlara imtina cavabı gəlir. Yəni nəzərdə tutulmamış, əhalinin və ya qurumların fəaliyyətinə mane olan yerdə aksiya üçün icazə istəyirlər. Buna görə də onların fikrini əsassız sayıram.

«YAP-dan DAHA CƏSARƏTLİ TƏKLİFLƏR EŞİDƏCƏYİK»

- Müxalifət bələdiyyələrin səlahiyyətinin artırılmasını istəyir. Bir qədər əvvəl parlament komitəsində də təxminən eyni məsələlər müzakirə olunurdu. Bu baxımdan, müxalifətin bələdiyyələrlə bağlı təklifi nəzərə alına bilərmi?

- Bu məsələdə müxalifətlə iqtidarın fikri üst-üstə düşür. Bələdiyyələrin səlahiyyətləri daim genişləndirilməlidir. Bu yöndə işlər aparılır. Hesab edirəm ki, bununla bağlı Yeni Azərbaycan Partiyasından müxalifətlə müqayisədə daha cəsarətli təkliflər eşidəcəyik.

- Yeri gəlmişkən, bələdiyyə seçkilərinə hakim partiya necə hazırlaşır?

- Bələdiyyə çox güclü və səlahiyyətləri günü-gündən artırılan orqandır. Hakim partiya orda daha çox nümayəndəsinin olmasında maraqlıdır. Bu, həm də yeni kadrların sınaqdan keçirilməsi dövrüdür. Yəni yeni liderlər üzə çıxacaq, yerlərdə kimlərin nüfuzlu olması yoxlanacaq. YAP-ın bələdiyyə nümayəndələri arasında xeyli yeni simalar olacaq, onlar da gələcəkdə daha yüksək orqanda təmsil olunmaq üçün ehtiyat kadrlardır.

- Müxalifət bələdiyyə seçkilərini bu dəfə boykot etmək niyyətində deyil. Əksinə bu seçkilərə ciddi hazırlaşdığını bəyan edir. Müxalifətin şansını necə dəyərləndirirsiz?

- Birincisi, onların iştirakı arzuolunandır. Mən buna çox sevinərdim. Qoy güclü rəqabət olsun, opponentlərimizlə polemika meydanında vuruşaq. Kim güclüdürsə, seçkidə bilinəcək. Mənasız, effektsiz boykot taktikasından əl çəkmək lazımdır.

«GƏNCLƏRİN AZADLIĞA ÇIXMASI UZAQDA DEYİL»

- İki gənc fəalın Adnan Hacızadəylə Emin Millinin həbsinə beynəlxalq qurumlar sərt reaksiya verdi, gənclər təşkilatları narazılıqla qarşıladılar. Siz bu həbsi necə qiymətləndirdiz?

- İzləyirəm, məlumatları oxuyuram. Əlbəttə, gənclərin enerjili günlərini həbsdə keçməsinə təəssüflənirəm. Tezliklə azadlığa çıxmalarını arzu edirəm. Amma məlumatlar göstərir ki, bunlar tərəfdən də hüquqazidd addımlar atılıb, bir qədər qanuna hörmətsizlik olub. Bu gün bunu siyasiləşdirmək, «təqib», «gənclərin sıxışdırılması» kimi qiymətləndirmək düz deyil. Mən tutaq ki, siyasətlə maraqlanıram, bu gəncləri tanıyıram. Amma Azərbaycan cəmiyyəti onları tanımırdı. Bunları təqib etməklə iqtidar nə qazanacaqdı? Bir də ki, bu günlərdə Prezident Adminstrasiyasının bir nümayəndəsi bildirdi ki, proses gedir və onların azadlığa çıxması çox da uzaqda deyil. Arzu edirəm ki, bu məsələ tezliklə qapansın.

- Gənclərin yaxın müddətdə buraxılacağını deyəndə növbəti bir-iki ayı nəzərdə tutursuz?

- Mən heç nə deyə bilmərəm. Hər şeyi qanun və məhkəmələr həll edir…

«DÖVLƏT GECƏ QAROVULÇUSUNA ÇEVRİLİR»

- Dinlə bağlı Azərbaycanda diqqətçəkən proseslər gedir. Bir yandan dindarların məhkəməsinin sayı artıb. O bir yandan Bakı İslam Universitetinin yerlərdəki filiallarına lisenziya verilmir, qanunvericilik sərtləşdirilir və sairə. Belə fikir formalaşır ki, Azərbaycan hakimiyyəti dini nəzarətə götürməyə çalışır.

- Yox, hər hansı məhdudlaşmadan, dini təsir altına götürməkdən söhbət gedə bilməz. Əksinə biz Azərbaycanda hüquqi dövlətin formalaşmasının, dövlətin tənzimləyici orqana - gecə qarovulçusuna çevrilməsinin şahidi oluruq. Təcrübə göstərir ki, dövlətin funksiyalarını onun əlindən almaq, dövləti küncə sıxmağın fəsadları cəmiyyət üçün ağır ola bilər. Ona görə qoy dövlət öz işiylə, din də öz işiylə məşğul olsun.
XS
SM
MD
LG