Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:25

«Bloqçuları həbs etmək asan olmamalıdır»


Hendrik Hertzberq
«Artıq vaxt gəlib çatıb ki, biz bloqçular təşkilatlanaq, bloqçuların da özünün Human Rights Watch kimi bir hüquq müdafiə təşkilatı olsun». Bu sözləri AzadlıqRadiosuna müsahibəsində internet fəalları Adnan Hacızadə və Emin Millinin həbsini şərh edərkən nüfuzlu «New Yorker» jurnalının redaktoru Hendrik Hertzberq deyib.

Jurnalda öz siyasi bloqunu aparan Hertzberqin sözlərinə görə, Azərbaycanda bloqçuların həbsi barədə eşitdikləri onu bu məsələni başqa bloqçularla müzakirə etməyə sövq edib. Onun fikrincə, həbsdə olan bloqçuların məsələsi liberal bloqçuların Netroots Nation adı altında keçirilən forumunun nəzərinə çatdırılmalıdır.

«Azərbaycandakı kimi bloqçuların hüquqlarının müdafiəsi Netroots Nationun missiyasına çevrilməlidir. Onlar elə etməlidirlər ki, hökumətlər üçün bloqçulara təzyiq göstərmək bu qədər rahat olmasın. Çünki bu yaxınlarda İranda da gördüyümüz kimi, əgər həvəsləri olsa, kompyuter, mobil telefon, blackberrisi olan adamlar çox iş görə bilərlər. Və bir bloqçu kimi mənim də üzərimə düşən vəzifə budur ki, hökumətlərin bloqçuları əzməsini çətinləşdirim» Hertzberq deyib.

OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli bu il iyulun 8-də Livan restoranındakı münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda ittiham olunurlar. Gənclər özlərisə bu ittihamı qəbul etmirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG