Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:59

Hüseyn Arabul ittihamnaməni oxuyanda dəhşətə gəlib


Hüseyn Arabul 2 il əvvəl mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli bilinərək 5 il şərti cəzaya məhkum edilmişdi

ARABUL İFADƏSİNİ TƏRCÜMƏÇİ VASİTƏSİLƏ VERDİ


«Barmek-Azərbaycan» enerjipaylayıcı şirkətinin rəhbəri Hüseyn Arabul Azərbaycan-Gürcüstan sərhədini necə keçdiyini xatırlamır. O, bunu avqustun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə verdiyi ifadəsində söyləyib.

Arabulun sözlərinə görə, sərhəddə saxlanan zaman o, izahatını vəkilsiz, zor altında yazdığı üçün indi ondan imtina edir və məhkəmə ifadəsinin əsas götürülməsini istəyir. O, məhkəmə ifadəsini də tərcüməçi vasitəsilə verdi.

Hüseyn Arabul ölkə sərhədini qanunsuz keçməkdə ittiham olunur. İttihamnamədə göstərilir ki, Arabul sərhəddən keçirilməsi üçün bir neçə yerli və Türkiyə vətəndaşlarının köməyindən istifadə edib və onlara 8 min dollar civarında pul təklif edib.

ARABUL İTTİHAMNAMƏNİ OXUYANDA DƏHŞƏTƏ GƏLİB

İttihamnamədə deyilir ki, Arabul şəxsiyyətini gizlətmək üçün saçlarını rəngləyib və istirahət edən adam təsiri bağışlamaq üçün balıqçı paltarı geyinib və özüylə tilov gəzdirib.

Məhkəmədə ifadə verən Hüseyn Arabul bildirdi ki, ittihamnaməni oxuyanda dəhşətə gəlib, çünki orda yazılanların bir çoxu ona tanış deyil.

«Mən Azərbaycanın bir çox yerlərini gəzdim, Qubada, Xızıda, Qusarda oldum» - deyən Arabulun sözlərinə görə, Şəmkirə onu peşə marağı aparıb. O, əvvəldən tanıdığı, Türkiyə vətəndaşı İrfan Altıbarmaqla iyunun axırlarında Ağstafaya da gəzməyə getdiyini söylədi.

Arabulun sözlərinə görə, burda o, münasib otel tapmadığı üçün geriyə qayıtmaq istəyib, amma bir də gözünü açıb özünü Azərbaycan-Gürcüstan sərhədinin neytral zonasında görüb:

«BİLMİRƏM, MƏNƏ NƏ VERDİLƏR, AMMA BUNDAN SONRA OLANLARI XATIRLAMIRAM»

«Bir gecə mənə dedilər ki, abi, hazırlaş, gedək. Mən Bakıya gedəcəyimizi güman edirdim, bir «KAMAZ»a mindik, bir də baxdım ki, «Həsənsu» deyilən ərazidəyəm. «Biz Bakıya getmirikmi» deyə soruşdum».

Arabul deyir ki, diabetli şəkər xəstəsi olduğundan özünü pis hiss edib və su istəyib: «Bilmirəm, mənə nə verdilər, amma bundan sonra olanları xatırlamıram».

«Barmek» rəhbəri sürücünün «Biz Azərbaycan sərhədini keçdik» dediyini eşidəndə özünə gəldiyini və təkidlə onu maşından düşürmələrini istəyini söyləyir. Bundan sonra öz yaxınları və Türkiyədəki vəkiliylə əlaqə saxlayıb və ona problem yaranmaması üçün Azərbaycana qayıtmağı məsləhət bildiklərini dedi:

«Mən sərhəd xidmətinə gəlib özümü təslim etdim, istəsəydim, gedərdim. Türkiyə məni verməzdi, amma Azərbaycanla Türkiyə arasında bir çiban olacaqdım».

Hüseyn Arabul ittihamnamədə onun neytral zonada şübhəli şəxs kimi saxlanmasıyla bağlı göstərilənlərə etiraz etdi. O, bir kimsəyə pul vermədiyini, o cümlədən, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına ittihamnamədə yazıldığı kimi 30 min dollar təklif etmədiyini söylədi.

İRFAN ALTIBARMAĞIN PLANI?

Hüseyn Arabul sərhədə aparılmasını İrfan Altıbarmağın qurduğu plan saydığını və ona yaşatdığı problemlərə görə vəkillərinin Türkiyədə Altıbarmağa qarşı iddia qaldıracaqlarını söylədi.

Saçını boyamasına gəlincə, Arabul bunu ona olan marağın və hal-əhval tutmaq istəyənlərin çoxluğu ilə əlaqələndirdi.

Hüseyn Arabulun vəkili Abbas Atakişi də deyir ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmir:

- Biz hesab edirik ki, hazırda onun hərəkətlərində hər hansı cinayət tərkibi olmasını cinayət təqibini həyata keçirən orqanlar sübuta yetirə bilmirlər. Qaldırdığımız bütün vəsatətlər təmin olunmayıb. Xüsusən də bu adamların həbsdə saxlanmasıyla bağlı. Biz düşünürük ki, az əhəmiyyətli cinayətə görə, insanları istintaq təcridxanasında saxlamaq düzgün deyil.

Hüseyn Arabulla yanaşı daha 5 nəfər ittiham olunur.

«Barmek Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabul 2 il əvvəl mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli bilinərək 5 il şərti cəzaya məhkum edilmişdi. Bu müddət ərzində o, Azərbaycan ərazisini tərk edə bilməzdi.
XS
SM
MD
LG