Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:12

Rusiya mediasının başlıca strategiyası sual verməməkdir


Dövlət TV və radiolara əla maaş verir və Rusiya mətbuatı bu prinsipə söykənir – «beş dəqiqə üzüqara ol, bütün həyatın boyu rahat yaşa»
Dövlət TV və radiolara əla maaş verir və Rusiya mətbuatı bu prinsipə söykənir – «beş dəqiqə üzüqara ol, bütün həyatın boyu rahat yaşa»
Teleekranda təxminən 80 yaşlı bir qadın görünür, çox kasıbyana geyinib. O, Tsxinvalidə yaşayan osetiyalıdır, ötən ilki Rusiya-Gürcüstan müharibəsini öz gözləri ilə görüb. O, gürcü qoşunlarının evinin yanından ötməsi ilə bağlı xatirələrini danışır. Deyir ki, onlar Amerikanın hərbi formasını geyiniblərmiş və əllərində də Amerika silahı olub. Qarının dediyinə görə, onların yanında başçıları da var imiş, ingilis dilində əmrlər verirmiş.

Rusiyanın «Exo Moskvı» radiostansiyasının əməkdaşı Matvey Qanapolski Rusiya mediasının bu günü ilə bağlı məqaləsini bu təsvirlə başlayır. Daha sonra yazır. Kamera fokusda danışan qadını saxlamaqda davam eldir. Jurnalist onun sözünü kəsmir. Soruşmur ki, ömrüboyu kənd həyatı yaşamış bir qadın əsgərlərin geyimindən və silahından necə baş çıxara bilib və ya necə əmin olub ki, onların komandiri ingilisdir.

MƏLUM MƏSƏLƏDİR

Müəllif yazır ki, jurnalistin niyə qadının sözünü kəsmədiyi məlum məsələdir. O və onun komandası Rusiyanın dövlət telekanallarında bəh-bəhlə göstərilən bu cür yalan informasiyaların müəllifidir.

Ekrandakı yaşlı qadın isə deməli olduqlarını deyir, başqa sözlə nə deməli olduğunu ona əvvəlcədən öyrədiblər. Jurnalist isə öz üzünü gizlətmir, dövlət TV və radioları əla maaş verir və Rusiya mətbuatı bu prinsipə söykənir – «beş dəqiqə üzüqara ol, bütün həyatın boyu rahat yaşa».

Matvey Qanapolskiyə görə, Vladimin Qusinskinin NTV-si artıq sarı mətbuatın elektron variantıdır. Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın yeni prezidentinin artıq 4 deyil, 6 il müddətinə seçilə bilməsi ilə bağlı seçki haqqında qanuna dəyişiklik edəndən sonra hər şey bütün eybəcərliyi ilə aydın oldu.
Matvey Qanapolski
Medvedev öz vəzifəsində 2012-ci ilədək qalacaq, daha sonra 12 illik müddətdə ölkəni yenidən Putin idarə edəcək. Bu isə o deməkdir ki, 2024-cü ilədək hakimiyyət dəyişməyəcək, heç bir real dəyişiklikdən söhbət belə getməyəcək.

GƏRƏK ÖLÜMÜNÜ GÖZ ÖZÜNƏ ALASAN

Müəllif ölkədə müxalif medianın olduğunu da yazır, amma qeyd edir ki, əgər burda işləyirsənsə gərək ölümünü göz özünə alasan.

Müəllif yazır ki, Rusiya mətbuatının görünən üzü budur. Dünən ədalətli siyasət yürüdən jurnalistlər yenə də həmin telekanallarda çalışırlar, amma bu kanallar artıq xüsusi təbliğat vasitələridir və jurnalistlər sadəcə ayda iki dəfə maaş alırlar.

Amma bu heç də o demək deyil ki, onlar jurnalist peşəkarlığını itiriblər, yenə də hər həftə jurnalist araşdırmalarına rast gəlinir. Misal üçün, kiçik bir şəhərdə kiçik biznesmenlə necə pis rəftar olunduğuna dair reportaj hazırlanır. Telekanal onun necə və niyə incidildiyini detalları ilə göstərir. Daha sonra yerli rəis ekranda görünür və bizi inandırır ki, bu işdə cavabdeh olanlar artıq cəzalandırılıb və o özü şəxsən hakimiyyət qarşısında korrupsiya məsələsini qaldıracaq, həmçinin deyəcək ki, qanunda dəyişiklik etmək lazımdır.

Bu cür reportajlar həmişə eyni ssenari ilə müşayiət olunur: ən aşağıda yaramaz şəxs, orta səviyyədə yaxşı rəhbər, amma bütün ümidlər Putinədir, Putin var deyə gələcək işıqlıdır. «Biz nəyə görə hələ də belə yaşayırıq?» deyə nə bir fikir var, nə də ki sual.

Matvey Qanapolski yazır ki, müzakirələrin olduğu verilişlər teleekranlardan tamamilə yox olub.

Çoxlu kanallar, yalnız bir veriliş...
Bir sahə var ki, ümumiyyətlə toxunulmazdır. Bu, Putin və ya Medvedevin siyasi qərarları və siyasi fikirləridir. Bunlar nəinki müzakirə oluna, hətta bununla bağlı bir sual da qoyula bilməz.

RUSİYA İNFORMASİYA MÜHARİBƏSİ ELAN EDİB

Kremlin belə bir mühüm qərarı var: Rusiya informasiya müharibəsi elan edib. Bundan sonra telekanallarda verilən yalan deyil, düşmənə qarşı silahdır.

Müəllif yazır ki, telekanallar Gürcüstanla məsələdə günbəgün yalan danışırdılar, ən kiçik məqamda belə. Hətta Krasnadar diyarında «donuz qripi» ilə bağlı ilk diaqnoz qoyulanda da, ekrana «mütəxəssis» çıxdı və ağla sığmayan hekayə danışdı. Dedi ki, «donuz qripi» ölkəyə Gürcüstandan gəlib və orda donuzlar üzərində təcrübə aparılan gizli bioloji laboratoriya var.

Matvey Qanapolski iddia edir ki, Rusiya mediasının ən başlıca strategiyası sual verməməkdir. Medvedev Almaniyanın kansleri Anqela Merkellə görüşür və ona deyir ki, Rusiya Ukrayna prezidenti Yuşşenko ilə işgüzar əlaqələri dondurur. Və heç kim cürət edib soruşa bilmir ki, bu açıqlama nəylə bağlıdır.
XS
SM
MD
LG