Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

İnternet qiymətlərinin aşağı salınması provayderləri qane edirmi?


Rəsmilər bildirir ki, ilin əvvəlindən qiymətin aşağı salınması imkan verib ki, bu gün Azərbaycanda hər bir istifadəçi öz imkanına münasib olan interneti ala bilsin
Rəsmilər bildirir ki, ilin əvvəlindən qiymətin aşağı salınması imkan verib ki, bu gün Azərbaycanda hər bir istifadəçi öz imkanına münasib olan interneti ala bilsin
Avqustun 31-də «İnternetin inkişafı üzrə koordinasiya şurası»nın növbəti iclasında Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, sentyabrın 1-dən ölkədə internetin qiyməti təxminən 3 dəfəyədək endirilir. Onun sözlərinə görə nazirlik digər provayder şirkətlərlə əməkdaşlıq edərək ölkədə internetin keyfiyyətinin yüksəlməsi, qiymətin aşağı düşməsi istiqamətində ardıcıl işlər aparır.

AZƏRBAYCANDA GENİŞ ZOLAQLI İNTERNET GENİŞLƏNİR
«Məlum olduğu kimi artıq ilin əvvəlində qiymətlər 2 dəfə aşağı salınmışdı. Bu da ölkədə İnternet istifadəçilərinin sayının artmasına səbəb olub. Atılan addımlar Azərbaycanda geniş zolaqlı internetin genişlənməsinə imkan yaradır. Buna nail olmaq isə başlıca məqsəddir».

Onun sözlərinə görə, ilin əvvəlindən qiymətin aşağı salınması imkan verib ki, bu gün Azərbaycanda hər bir istifadəçi öz imkanına münasib olan interneti ala bilsin. «Artıq ölkədə 10 manatdan bir neçə 100 manatadək İnternet xidmətləri mövcuddur. Ancaq biz istərdik ki, orta qiymətlər Şərqi Avropa, MDB dövlətlərində olan orta qiymətlərə çatsın. Gələcəkdə müəyyən addımlar atmaqla buna nail olmaq mümkündür.
Artıq «Delta Telekom» qiymətlərin 3 dəfəyədək aşağı salınmasını mümkün hesab edir. Bu günlərdə nazirliyə bu niyyətlə müraciət edib».

Ölkənin əsas provayderi sayılan Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərlinin dediklərindən isə belə bəlli olur ki, provayderlərə təklif edilən internetin qiyməti 3 dəfəyədək endirilir. Bu o deməkdir ki, 2-ci səviyyəli provayderlər də buna uyğun olaraq istifadəçilərə təklif etdikləri internet xidmətlərinin qiymətlərini endirəcəklər.
Yəni provayderlər indiyədək «Delta Telecom»dan aldıqları 1 MB/san internet üçün 275 manatın ödəyirdilərsə, sentyabrın 1-dən təxminən 110 manat ödəyəcəklər.

TƏQDİM OLUNAN QİYMƏTLƏR QONŞU ÖLKƏLƏRİN HAMISINDAN UCUZDUR
Rahid Ələkbərli deyir ki, onların təqdim etdiyi qiymətlər qonşu ölkələrin hamısından – xüsusən də şimal qonşulardakından ucuzdur. Cənub qonşularda isə qiymət daha da bahadır. Ona görə də 110 manat kifayət qədər ucuzdur.
Bəs provayderlər 1 Mb/san. interneti istifadəçilərə neçəyə verəcəklər, ümumiyyətlə qiymətlərin bu şəkildə aşağı salınması onları qane edirmi?

Bu suala cavab almaq üçün «Avir Tel»in baş direktoru İsmayıl Şabani ilə söhbət etdik. Cənab Şabani dedi ki, ümumiyyətlə qiymətləri belə tez-tez aşağı salmaq çox müsbət haldır və heç bir ölkədə bu intensivlik müşahidə edilmir. Amma əgər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də özünə aid məsələlərdə endirim etməsə trafikin qiymətinin aşağı salınması vəziyyətə ciddi təsir etməyək. Çünki provayderlər texniki məsələlərlə bağlı aylıq, birdəfəlik ödəmələr edir, kirayə xərcləri və sair verir ki, bunlar da az vəsait deyil. Ona görə də provayderlərə birdən birə qiyməti aşağı salmaq çətindir:

«Delta Telekom trafikin qiymətini aşağı saldı. İndi biz gözləyirik görək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müxtəlif kirayə haqları ilə bağlı hansısa endirim edəcək ya yox. Yəni hər iki məsələdə qiymətin aşağı salınması bizə arxayın xidmət göstərməyə şərait yarada bilər. Əgər belə olmasa biz qiyməti saxlamalıyıq. Çünki keyfiyyətli xidmət üçün kompaniya maliyyə sərf etməlidir. Ona görə də bizim qiyməti nə qədər aşağı salacağımızı bu məqam müəyyən edəcək».

«QİYMƏTLƏRİN AŞAĞI SALINMASININ NAZİRLİYƏ HEÇ BİR DƏXLİ YOXDUR»
Rəsmi tərəf və mütəxəssislər deyir ki, qiymətlərin aşağı düşməsini istehlakçılar sentyabrın 1-dən yox bir müddət sonra hiss edəcəklər. Çünki bunu reallaşdırmaq üçün vaxt lazımdır.
Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz isə deyir ki, əslində trafikin qiymətinin aşağı salınmasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə heç bir dəxli yoxdur.

«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz ATS –ləri tərəfindən provayderlərdən tutulan qeyri qanuni haqları ləğv etməli, qanuni haqları isə bir neçə dəfə aşağı salmalıdır. Bu olar nazirliyin qiymətlərin düşməsi istiqamətində atdığı addım. Ancaq hələ ki, bu edilmir»

Osman Gündüz deyir ki, ölkədə sonuncu belə endirim bu il fevralın 1-də edilmişdi. Əvvəl bu müsbət hal kimi dəyərləndirilsə də, sonradan provayderlər tərəfindən internetin keyfiyyətinin aşağı salınması, bu addımın əhəmiyyətini xeyli azaltmışdı.

«Yəni bəlli oldu ki, provayderlər əslində qiyməti yox, sürəti iki dəfə aşağı salıblar. Ümidvarıq ki, bu qiymət endirimi yenidən 2-ci səviyyəli provayderlər tərəfindən internetin keyfiyyətinin pisləşdirilməsinə yönəlməyəcək».

Azərbaycan İnternet Forumun rəhbəri hesab edir ki, əslində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz resurslarından istifadə haqqı ilə bağlı hansı endirimləri etməsi və özəl provayderlərin hələ də regionlara niyə gedə bilməməsi barədə məlumat versəydi daha yaxşı olardı.

Bununla belə o «Delta Telekom»un Wi-Max texnologiyasının tətbiqinə başlamasını müsbət dəyərləndirir və bunu əhəmiyyətli addım kimi dəyərləndirir.
XS
SM
MD
LG