Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:17

Türkiyənin köşə yazarları Türkiyə-Ermənistan münasibətləri barədə


Qarabağı unutmaq azərilərin xeyrinədir
Kadri Gürsel («Millyet»)

Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesini başladan dinamikaların gücünü ölçə bilənlər üçün «prosesin canlandırılması» təəccüblü deyildir. Nə azərilərin Türkiyə-Ermənistan sərhədinin açılmasına təhdid edici etirazları, nə də Azəri etirazını qabaqcadan görə bilməyib ehtiyatlı hərəkət edə bilməyən Ərdoğan hökumətinin «Bakı ziqzaqı» bu prosesi qalıcı şəkildə dayandıra bildi.

Baş nazir Ərdoğan 13 mayda Azəri reaksiyalarını yumşaltmaq üçün getdiyi Bakıda «Yuxarı Qarabağın işğalı səbəbdir, sərhədin bağlanması nəticədir. Ora işğal edildiyinə görə, Türkiyə sərhədi bağlamışdır. İşğal sona çatmadıqca sərhədin açılması da mümkün deyildir»-demişdi. Ərdoğanın Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasını Qarabağ şərtinə bağlayan bu cümlələri «Yol xəritəsi»ni rəflərə qoymuşdu. Ərdoğan Bakıya səfərindən çox yox-3 həftə əvvəl Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin anlaşdıqları «Yol xəritəsi»nin ruhu ilə təzad təşkil edən bir mövqe tutmuşdu.

Ermənistan iki ölkə arasındakı normallaşma prosesinə işin əvvəlindən bəri qarşı olduğuna görə, «Yol xəritəsi»ndə Qarabağa ən kiçik bir eyham vurulması onsuz da mümkün deyildi.
Ərdoğanın Bakıdakı çıxışından 3.5 ay keçəndən sonra, nəhayət, srağagün Türkiyə ilə Ermənistan arasında münasibətlər yaradılmasını və ikitərəfli münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan protokolun parafə edilməsi Bakı ziqzaqına düzəliş verildiyi mənasını daşıyır. İndi parafə edilən iki protokolun təfərrüatlarının apreldə açıqlanmayan o «Yol xəritəsi» olduğunu anlayırıq. Bu protokolda da Qarabağ məsələsinə birbaşa və dolayı şəkildə eyham yoxdur. Ancaq Qarabağdan bəhs edilməsə də, problemlə bağlı gəlişmələr protokolun Türkiyədə təsdiqlənmə prosesində sürətləndirici və ya yavaşladıcı siyasi təsirləri olacaqdır. Yalnız bir fərqlə: Türkiyənin «Qarabağ problemini izləmə kriteriyası» baş nazirin 13 mayda Bakıda kateqorizə etdiyi kimi, «Qarabağın işğaldan azad edilməsi» olmayacaq. Belə bir gözlənti reallığa ziddir.

Azərbaycanın diplomatiya, iqtisadi blokada və ya müharibə yolu ilə Qarabağı yenidən öz hegemoniyası altına alması mümkün deyildir və proqnoz edilə bilən gələcəkdə də mümkün görünmür. Ancaq Qarabağın ətrafındakı Azərbaycan torpaqlarının diplomatiya yolu ilə erməni işğalından xilas edilməsi mümkündür. Qarabağ ilə Ermənistan arasında bir koridor verilməsi şərti ilə. Türkiyə Ermənistan ilə münasibətlər yaradarkən buna paralel olaraq, Qarabağın ətrafındakı torpaqların Azərbaycana verilməsi çərçivəsində realist bir çözümü nəzərdə tutmalıdır. Və Türkiyə, Kipr məsələsində köhnə status-kvoya, yəni, 1974-cü ildən əvvələ qayıtmağın mümkün olmadığını dünyaya və rumlara necə deyirsə, azəri qardaşlarına da Qafqazda 1992-ci ildən əvvələ qayıtmağın mümkün olmadığını yumşaq və üsuluna uyğun şəkildə deməlidir.

Qarabağ məsələsi Azərbaycanda iqtidar və müxalifət arasındakı mübarizənin mərkəzində olduğuna görə, bu ölkə problemin həlli üçün lazım olan elastikliyi nümayiş etdirə bilmir. Bölgə xalqları Moskvanın hakimliyinə möhtac olsunlar deyə, şeytani bir «imperialist zəka» tərəfindən hazırlanan və buna görə də bir «puzzle»a oxşayan sər-səfeh Qafqaz xəritəsinin arxasına sığınaraq problemi həll etmək mümkün deyildir.

Ermənistanla konsensusu pozanlar günahı boyunlarına götürərlər
Semih İdiz («Milliyet»)

Bu protokolla Ermənistan, əlbəttə ki, özü üçün müsbət nəticələr əldə edir. Məsələn, Ermənistanın iqtisadi inkişafı üçün mühüm olan Türkiyə sərhədi açılacaq. Müxalifətin əsəblərini sakitləşdirmək məqsədi ilə hökumətin «Tezliklə olmayacaq» və ya «Türkiyə Böyük Millət Məclisinin təsdiqinə bağlıdır»-sözləri ilə məsələnin üstündən keçməyə çalışması da səhvdir.

Mətndə açıq-aşkar yazılıb: protokolların hər iki ölkənin məclisində qəbul edilməsindən 2 ay sonra sərhəd açılacaq. Bundan başqa «Yerevan regional enerji və kommunikasiya layihələrinə də daxil ediləcək. Müxalifətin də işarə etdiyi kimi, protokolda «Qarabağ məsələsi»ndən bəhs edilmir. Baş nazir Ərdoğan «Qarabağ»ı ön şərt kimi gündəliyə gətirməklə hökumətini diplomatik nöqteyi-nəzərdən nə qədər çətin vəziyyətdə qoyduğunu daha yaxşı anlayacaq. Buna baxmayaraq, mətndə regional konfliktlərin sülh yolu ilə həll edilməsi prinsiplərinə sadiq qalmağa dair öhdəliklər var. Qarabağın da buraya daxil olduğu açıq-aşkardır. Müxalifət bu faktordan yenə də axıra qədər istifadə edəcəkdir. Ancaq Qarabağ məsələsində Rusiya ilə ABŞ-ın da daxil olduqları və təfərrüatları Türkiyədə məlum olmayan bir prosesin qüvvədə olduğunu xatırlatmaq lazımdır. Türkiyə ilə Ermənistan arasındakı konsensusu pozmaması üçün Bakının üzərindəki beynəlxalq təzyiq də artacaqdır.

Ermənistan ilə konsensus məsələsində bəzi adamların ağıllarının başlarına gəlməyəcəyi qətidir. Ancaq yaxşı izah edilməsi halında çoxluğun buna tərəfdar olacağını düşünürük. Digər tərəfdən, tarazlıqlı şəkildə hazırlanan protokolların rədd edilməsi iki millət üçün tarixi itki olacaqdır. Hansı tərəfdən olursa-olsun, bu fürsətin əldən getməsinə səbəb olanlar da tarixi günahı boyunlarına alacaqlar.

Türkiyənin milli mənafeyini qurban verərək Qarabağ məsələsini ön plana çıxaranlara həmişəki kimi bir şeyi xatırlatmaq istəyirik. Bu günə qədər vaxtlarının bir qismini Bakının milli mənafeyi üçün sərf edənlər, bunu Azərbaycanın tanımağı rədd etdiyi Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına sərf etsəydilər-daha inandırıcı olacaqdılar.
XS
SM
MD
LG