Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

Şəkillər Dövlət Departamentini çətinə salıb


Dövlət katibi Hillari Klinton
Dövlət katibi Hillari Klinton
Təhlükəsizlik xidmətinin yarıçılpaq əməkdaşları içdikləri alkoqolun təsiri ilə səndələyə-səndələyə oynayır, atəş açır, hamının yanında tualet ehtiyaclarını həll edir, digərləri isə onların şəkillərini çəkir. Bəziləri isə içkini xidmətə təzə götürülən adamların kürəyindən tökür, onların anuslarından axan alkoqolu içməyə çalışır.

ABŞ-ın Kabildəki səfirliyində çəkildiyi deyilən bu əcaib şəkillər və videolar avqustun ortalarında internetdə yayıldı. Keçən həftə isə ABŞ-dakı bir ictimai təşkilat onları Dövlət katibi Hillari Klintona göndərib, Klinton isə dərhal araşdırma aparmaq əmrini verib.

Səfirliyi müqavilə əsasında «ArmorGroup» adlı bir özəl təhlükəsizlik şirkəti qoruyur.



«BİZ BU İTTİHAMLARI ÇOX CİDDİ QƏBUL EDİRİK»


ABŞ Dövlət Departamentinin sözçüsü İan Kelli dünən keçirdiyi mətbuat konfransında vaxtının çoxunu jurnalistlərin bu mövzuda suallarına cavab verməklə keçirib:

- Biz bu ittihamları çox ciddi qəbul edirik. İdarəetmədə bəzi problemləri sənədləşdirmişik. İndi həm Kabildə, həm də Vaşinqtonda araşdırma aparılır. Onun yekunu olaraq, çox təsirli addımların atılmasını və bəzi dəyişikliklərin olacağını gözləyirik.

Kabildəki səfirlikdə ABŞ diplomatları, işçilər, Əfqanıstan vətəndaşlarından ibarət 1000 nəfərlik kollektiv çalışır. Təhlükəsizlik xidmətində çalışanların isə 150 nəfəri amerikalı və başqa ingilisdilli ölkələrin vətəndaşlarıdır. Təhlükəsizlikdə çalışan qalan 300 nəfər Hindistan, Nepal və başqa ölkələrdən olan insanlardır.

Səfirliyin qorunması üçün beş illik müqaviləyə görə, təhlükəsizlik şirkətinə 189 milyon dollar ödənilir. Bu müqavilə iyun ayında daha bir illiyə uzadılıb.

Dövlət Departamentinin sözçüsü İan Kelli deyir ki, iyun ayında şəkillər barədə məlumat yox idi, ona görə də Dövlət Departamentinin əməkdaşları müqaviləni uzadıblar.

Şəkilləri Dövlət katibinə təqdim edən ictimai təşkilatın icraçı direktoru Danielle Brian bildirib ki, bu hadisədə söhbət təkcə bir yığın özündənrazı gəncin dəliqanlılığından getmir. Problem ondadır ki, şirkəti idarə edənlər də özlərini normal aparmırlar:
- Bu cavanlar iş başında olanda, səfirliyi qoruyanda öz rəhbərlərinə inam və hörmətləri sanki olmur, qayda-qanunlara riayət etmirlər. Elə hadisələr olub ki, gərək rəhbərlik dərhal reaksiya verəydi.

ÖZƏL ŞİRKƏTLƏRDƏ ÇALIŞANLARIN SAYI ABŞ ƏSGƏRİNDƏN DAHA ÇOXDUR

Kabildəki səfirlikdə çəkilən şəkillərin meydana çıxmasından sonra ABŞ Konqresi hakimiyyət orqanlarının işinə özəl şirkətlərin nə qədər cəlb olunmasını öyrənib. Konqresin Araşdırma Xidməti məlumat verib ki, Pentaqona müxtəlif xidmətlər göstərən özəl şirkətlərdə çalışanların sayı əsgər formasında olan ABŞ əsgərindən daha çoxdur. Bu da ABŞ tarixində ən yüksək göstəricidir.

İndi ictimai təşkilatlar Dövlət katibinə məsləhət görürlər ki, Pentaqona müraciət edib səfirliyin mühafizə olunmasına çalışsın. Təkcə ötən ay ABŞ-ın Kabildəki səfirliyi raketlərlə atəşə tutulub, intiharçı terrorçunun hücumuna məruz qalıb. Avqustun 15-də baş verən hücumda 7 nəfər ölmüş, 19 nəfər yaralanmışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü İan Kelli isə dünənki mətbuat konfransında xüsusi vurğulayıb ki, hadisəyə baxmayaraq, Kabildəki səfirliyin təhlükəsizliyi çox ciddi qorunur.
XS
SM
MD
LG