Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:04

Güllələnmiş qardaşlar


Mustafa Əfəndi, Həbib Əfəndi, Süleyman Əfəndi və Sirac Əfəndi

İnsanlıq tarixi, mədəniyyət tarixi, hər şeydən öncə çağdaş olmaq istəyənlərin, ləyaqətlə yaşamağı bacaranların tarixidir. Şamaxılı Həbib əfəndi kimi insanların, Əfəndizadələr nəslinin tarixidir. Təklənmiş və tək-tək güllələnmiş Əfəndizadələrin, toxluq, mənlik, bilginlik və azadlıq simvolu olan bütöv bir ailənin. Bakının işğaldan azad olunmasının 91-ci ilində bu «İz» Həbib Əfəndinin və bütün Əfəndizadələr soyadını daşıyanların izi olsun dedik və «Güllələnmiş qardaşlar» radio dastanını hazırladıq. Bələdçimiz bu nəsil haqqında «Mövlana Hacı Məcid Əfəndi» kitabını yazmış professor Babaxan Niyazlıdır.

- Babaxan müəllim, «Həbib əfəndi kimdir» sualının hansı qısa cavabı var? Məsələn, Şamaxılılar ondan söz düşəndə «güllələnmiş nəsil» ifadəsini işlədirlər...

- Bəli, bu həqiqətdir. Ona görə ki, onları—3 qardaşı və bir kürəkəni 1930-cu ildə xalq düşməni kimi, bir gecədə güllələyiblər. Bunların günahı nə idi? Məsələ burasındadır ki, bu qardaşlar 1918-ci ildə baş vermiş erməni-müsəlman davasında həm türk qoşununun tərkibində, həm də özlərinin yaratdığı atlı dəstə ilə vuruşublar və əhalini daşnakların törətdiyi soyqırımdan qurtarıblar. Bir də ki, onlar böyük bir ruhani ailəsindən olublar. Ata--Hacı Məcid Əfəndi adlı-sanlı bir Mövlana, Azərbaycanda, xüsusilə Şamaxıda elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. İstanbulda, Bağdadda, Tiranada ruhani təhsili alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olub.

- Şamaxıda «Əfəndi» müraciəti nə dərəcədə yayılmışdı və kimlərə «Əfəndi» deyirdilər?

- Şamaxıda «Əfəndi» əslində din adamlarına, din başçılarına, xalq tərəfindən sevilən, biliyinə, təcrübəsinə, şəxsiyyətinə yüksək qiymət verilən adamlara müraciət forması idi.

«Əfəndi» sözü dilimizə yunanlardan gəlib. «Cənab» mənasındadır. Yunanlardan türklərə keçib. Əvvəl müraciət forması olub, yavaş-yavaş çevrilib dini titula...

Bir vaxtlar Azərbaycanda da gözü tox, beyni tox, mərd və ağayana adamlara da «Əfəndi» deyə üz tutar və «igid» mənasını verən «əfə» sözünün fərqinə varmazdılar. Aclıq və yoxsulluq, sürgün və dustaqlıq sınağından çıxmaq, zülmün, zorakılığın top-tüfənginə, insan mənliyini tapdalayan xislətinə duruş gətirmək igidlik istəməzmi? Çox Əfəndilər sındı, «tovariş» və «komissar» qırıntısı oldu, əyildi, büzüldü, süründü, öldü. Gerçək Əfəndilər isə tutuldu, ancaq sınmadı, asıldı, ancaq əyilmədi, güllələndi, ancaq əbədiyyətə qovuşdu. Sadəcə müvəqqəti unutduruldu. Şamaxılı Həbib Əfəndi kimi...Bütün Əfəndi oğulları kimi... Dastanı oxumağa (həm də dinləməyə) davam edin.

- Babaxan müəllim, dönək Həbib Əfəndiyə. Özünü necə yetişdirdi? Nə etdi? Nə edə bilmədi Həbib Əfəndi?

- Həbib Əfəndi Hacı Məcid Əfəndinin 3-cü oğlu idi. Təxminən, 1869-cu ildə doğulub. Anası tez rəhmətə gedib. Həbib qardaşların kiçiyi olduğundan, bir az ərköyün imiş. O vaxt Şamaxıda Hacı Məcid əfəndiyə qarşı bir dəstə yaranıbmış. Onun şöhrətindən paxıllanıb ləkələməyə çalışırlarmış. Müxtəlif məqamlara ərizə yazırlarmış, şikayət edilərmiş. Ancaq yoxlanıldıqdan sonra iftira olduğu üzə çıxırmış. Növbəti böhtan onun oğlu Həbibə atılır. Belə söyləyirlər ki, Həbib uşaqlara qoşulub o vaxtlar Şamaxıda sabun bişirib satmaqla məşğul olan Mirzə Ələkbər Sabirin tiyanını aşırıb. Hacı Məcid Əfəndi Sabirin dostu idi. Həm də öz əfəndi şərəfini çox gözləyən adam idi. Oğlunu bağışlamır, hətta qubernatordan xahiş edir ki, onu sürgünə yollasın... M.Ə.Sabir özü xahişə gəlir, köməyi olmur.

Onda Həbib atasından bərk inciyir və baş götürüb Şamaxıdan İstanbula gedir. Hacı Məcid Əfəndinin bu şəhərdə Hacı Əhməd Paşa adlı dostu olduğunu bildiyindən, onun evinə düşür. Əhməd Paşa da kim olsa yaxşıdır? Ənvər və Nuru Paşaların atası...Əhməd Paşa dostunun oğlunu himayəsinə götürür. Qızı Züleyxanı ona nişanlayır. Ancaq Həbibin bəxti burda da gətirmir. Züleyxa (Zəlihə) vaxtsız ölür...

Ancaq Həbib bu ailədə yaşamağa davam edir. Universitet təhsili alır. İstanbulda və başqa şəhərlərdə müəllimlik edir. Hətta 1914-cü ildə Hələbdə vali də işləyir. Ara-sıra məktub yazmağına baxmayaraq, o qədər incikmiş ki, 1908-ci ildə atasının dəfninə də gəlmir.

1918-ci ildə Həbib, nəhayət, Vətənə qayıtmağa qərar verir. Artıq Birinci Dünya savaşı gedirdi, Türkiyənin o vaxtkı durumu da ki bəlli... Həbib Şamaxıya gələndə, erməni-müsəlman qırğınının 1 mərhələsi qurtarmışdı. Yəni daşnaklar Gəncə qoşunu gələnə qədər istədiklərini edib qaçıb getmişdilər. Sonra 2-ci dəfə gəldilər...Şəhərin adlı-sanlı, hörmətli şəxsləri məhv edilmişdi, Cümə məscidi yandırılmışdı. Bax, belə qanlı-qadalı bir vaxtda Şamaxıya gələn Həbib Əfəndi şəhərin qəza rəisi Azad bəy Qocamabəyovla görüşür. Azad bəy də bu fikirdəymiş ki, onları bu çıxmazdan ancaq türk ordusu qurtara bilər. Elə Azərbaycanın Milli Şurası da belə düşünürdü. M.Ə.Rəsulzadənin Türkiyəylə danışıqları gedirdi. Türk qoşunlarının gəlişini tezləşdirmək lazım idi. Azad bəy bilirdi ki, Türkiyənin Hərbiyyə naziri Ənvər paşa Həbib Əfəndinin qaynıdır. Digər Şamaxı başbilənləri ilə məsləhətləşib, Ənvər Paşaya bir məktub yazdılar. Həbib Əfəndi məktubu da götürüb təcili İstanbula qayıtdı...

İstanbulda onu əmin etdilər ki, artıq Azərbaycana gedəcək qoşun formalaşır. Başında da Nuru Paşa duracaq...

- Həbib əfəndini Qafqaz Türk Ordusunun komandanı Nuru Paşa ilə nə birləşdirirdi: Yaxın dostluq, qohumluq, ortaq tale, yoxsa nə?

- Ən birinci, baş tutmayan qohumluq. Çünki Ənvər Paşa da, Nuru Paşa da onun qaynı hesab olunurdu. İkincisi, qardaşlıq. Həbib əfəndi 1880-ci illərdən 1918-ə qədər bu ailədə yaşamışdı. Onlar onu oxutmuşdular, cəmiyyətə qoşmuşdular...

- Hə, qayıdaq harda qalmışdıq ora...

- Qoşun hazır olandan sonra, Həbib Əfəndi Əhməd Cavadla birgə Nuru Paşanın ordusuna qoşulub İrana, Naxçıvana, daha sonra Gəncəyə gəlirlər. Məhəmməd Hadi də o zaman Gəncədəymiş. Ona ordunun imamlığını tapşırırlar. Gəncədən sonra keçirlər Göyçaya, Şamaxıya və nəhayət Bakıya... Bütün yolboyu Türk komandirləri hər məntəqəyə çatanda, Həbib Əfəndini xalqa xilaskar kimi tanıdırlarmış. Həbib Əfəndidən nümunə götürüb orduya yazılanlar da varmış. Elə öz kiçik qardaşı Mahmud Əfəndi də onlara qoşulubmuş, ancaq Bakıya doğru yolda itkin düşür...

1918-ci il il iyulun 30-da Bakı ətrafına yetişirlər və şəhərə hücumlar başlanır. Sentyabrın 15-də səhər saat 9-da Türk ordusu Bakıya girdi. Həbib Əfəndi də türk qoşunları ilə Bakıya daxil olur və şəhərin alınmasında iştirak edir. Nuru paşanın Azərbaycandakı bütün əməliyyatlarında Nuru Paşanın məsləhətçisi və bələdçisi olur. 1918-ci il noyabrın 17-də Qafqaz İslam ordusu Bakını tərk edir. Həbib Əfəndi Şamaxıda qalır. Çünki atasının sonuncu evliliyindən olan 4 uşağı sahibsiz qalmışdı. Ondan İstanbula niyə dönmədiyinin səbəbini soruşanda deyirmiş: «Bəlkə mən yenə də öz xalqıma lazım oldum...»

Şamaxılı Əfəndizadələr nəslinin tarixi Böyük Tarixin ayrılmaz bir parçasıdır, deyilmi?

Azad və müstəqil yaşamaq, çağdaş dünyayla bütünləşmək istəyənlərin tarixidir!

Zülmə, zorakılığa, dərəbəyliyə hər an, hər dəqiqə, hər yerdə dirəniş göstərənlərin tarixidir!

Unutdurulmaq istənən, ancaq unudulmayanların tarixidir, deyilmi?

Biz bu radio dastanı əvvəlcə eynən kitabdakı yarımbaşlıq kimi - «Unudulmuş millət xilaskarı» və ya «Türk ordusunu Azərbaycana gətirən adam» adlandırmaq istədik. Babaxan müəllimin söhbətini dinləyəndən sonra fikrimizi dəyişdik. «Güllələnmiş qardaşlar» adını seçdik...

Bu qəmli dastanı oxumağa (həm də dinləməyə) davam edin.

- Demokratik Cümhuriyyət, daha sonra bolşevik işğalı...Əfəndizadələr, xüsusilə Həbib Əfəndi bolşevik dönəmində necə davrandılar?

Babaxan Niyazlı:- Bolşeviklər gələndə Həbib Əfəndi Göyçaya köçüb getdi. Onun Şamaxıda yaşayan qardaşları—Mustafa Əfəndi və Süleyman Əfəndi İsmayıllının Diyallı kəndində yaşamağa başladılar. Diyallı onların ata yurdu idi.

Mustafa Əfəndi atası kimi həm quberniya qazısıydı, həm müsəlman məclisinin sədri, həm də Zaqafqaziya müftisi seçilmişdi ( Mirzə Hüseyn Əfəndi Qayıbzadənin vəfatından sonra –S.İ.). Ancaq Tiflisdə oturmurdu, arabir gedib-gəlirdi. 1918-ci ildə daşnaklar evini yandırdığından, Şamaxıdan Diyallıya köçməyə məcbur oldu. Gözdən uzaq olmalarına baxmayaraq, qırmızılar onları unutmamışdı. Burda bir haşiyə çıxım ki, 1918-ci il hadisələrində ermənilər Lahıca girə bilməmişdilər. Çünki qardaşlar Diyallı atlıları deyilən bir dəstə yaratmışdılar. Bu dəstə Niyal dağında onların qarşısını kəsib geri oturtdurmuşdu. Lahıca o üzdən zərər dəyməmişdi. Bolşevik hakimiyyətində ermənilər vəzifə tutduğundan, qardaşlardan intiqam almağa fürsət gözləyirdilər. 1930-cu il aprelin 12-sindən 13-nə keçən gecə 2 qardaşı Diyallıdan, onların kürəkənləri Sirac Əfəndini Quşəncə kəndindən, Həbib Əfəndini Göyçaydan tutub Bakıya—Mərkəzi həbsxanaya saldılar. Onları ayrı-ayrı kameralarda saxlayırdılar. 2 ay 20 gün davam edən əzablı “istintaq”dan sonra dördünü də güllələdilər... Üstündən 40 il keçəndən sonra onlara bəraət verdilər.

- Siz necə oldu ki, bu nəslin izinə düşdünüz?

- Mən ixtisasca tarixçi deyiləm, iqtisadçıyam. Amma mən tariximizi sevən adamam. Tariximiz o qədər saxtalaşdırılıb ki, o qədər ağ vərəqlər, deyilməmiş sözlər var ki...İnandırım sizi, bu kitab çıxana kimi Şamaxıda Hacı Məcid Əfəndini tanımırdılar. Tale elə gətirdi ki, mən onun nəvələrinin biri ilə tanış oldum və bu kitab gəldi ərsəyə...

-Əfəndizadələr nəslini tanımaq indiki nəslə, özəlliklə yeniyetmələrə nə verir?

-Hacı Zeynalabdın Tağıyevin qızı Sara xanım Nuru Paşanı Bakıda ilk dəfə gördüyünü necə xatırlayır?

-Türk ordusu sentyabrın 15-də Bakıya daxil olanda, nələrlə qarşılaşdı?

Bu sualların cavabını, həmçinin Əhməd Cavadın Bakının azad olunmasına həsr etdiyi «Bismillah» şeirini və Həbib Əfəndinin həbsxanadan yumağa göndərdiyi pencəyinin astarına yazıb ötürdüyü dərdli şeiri dinləmək istəyirsinizsə, Səs bölümündə «İz»i tıklayın.

P.S. Güllələnmiş qardaşların məzarı yoxdur...

Hacı Məcid Əfəndi 1908-ci il fevralın 21-də 79 yaşında dünyasını dəyişir. Onun ölümündən üzülən dostu M.Ə.Sabir 2 hissəli qəsidə yazır. Onlar eyni məzarlıqda - Şamaxının «Yeddi Kümbəz» qəbiristanlığında birgə uyuyurlar...
XS
SM
MD
LG