Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:53

«Bakının razılığı olmadan sərhədlər açılmayacaq»


Bülənt Alırza
Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənt Alırza AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Bülənt bəy, oktyabrın 13-də Türkiyə-Ermənistan yaxınlaşmasıyla bağlı sənədlərin imzalanacağı, rəsmi Bakının etirazına baxmayaraq, sərhədlərin açılması istiqamətində konkret addımların atılacağı haqda proqnozlar səsləndirilir. Bu, nə dərəcədə real proqnozlardır?

- Hər nə qədər Türkiyə hökuməti və ictimai rəyi Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəsə də, Türkiyə rəhbərliyi Azərbaycan torpaqlarının işğalına etiraz olaraq bağladığı sərhədləri bütün yazılanlara və səslənən fikirlərə baxmayaraq, Bakının razılığı olmadan açmayacaq. Türk rəsmiləri də bu reallığı anlayır və proseslərin Azərbaycanı narahat etməyəcək şəkildə davam etdiriləcəyini düşünürəm.

- Erməni Milli və Beynəlxalq Araşdırmalar Mərkəzindən Riçard Giraqosyan türk mediasına verdiyi müsahibədə iddia edib ki, Ermənistanla Türkiyə münasibətlərinə ən böyük töhfəni Azərbaycan verəcək. Onun iddiasına görə, oktyabrın əvvəlində ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin həllində irəliləyiş olması haqda birgə bəyanat verəcəklər. Bu da Ankaraya imkan verəcək ki, həmin bəyanatı sərhədlərin açılmasıyla bağlı qoyduğu şərtin yerinə yetirilməsi kimi təqdim eləsin və Ermənistan prezidenti Türkiyədəki oyuna quru yolla-maşınla gələ bilsin deyə, Ermənistan-Türkiyə sərhədini açsın.

- Əslində, Giraqosyan özü də elə mən deyəni deyir. Sadəcə başqa sözlərlə. Giraqosyan da başa düşür ki, rəsmi Bakını qane edəcək vəziyyət formalaşmasa, yəni Dağlıq Qarabağla bağlı konkret irəliləyiş olmasa, sərhədin açılması mümkünsüzdür. Bir günlüyə də olsa. Özü də burda sadəcə danışıqlardakı irəliləyişlərdən söhbət getmir. Çünki bu cür açıqlamalar əvvəl də verilmişdi, amma sonra nəticəsiz qaldı. Türkiyə o zaman bildirmişdi ki, əgər, doğrudan da Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad eləsə, sərhədləri açmağa hazırdır. İndi də əgər torpaqlar azad olunsa, sərhəd açılar. O olmazsa, bu da olmaz.

- Və son sual. ABŞ Dövlət Departamentində Metyu Brayzanın tutduğu vəzifəyə - Dövlət katibinin köməkçisinin müavini vəzifəsinə Amerikanın Kosovodakı səfiri Tina Kaidanov gətirildi, ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsinə isə Xorvatiyadakı səfir Robert Bradtke. Bu diplomatlar keçmiş Yuqoslaviyanın bölünməsində, Bosniya və Kosovonun müstəqilliyində iştirak ediblər, Kosovonun müstəqilliyini dəstəkləyiblər. Bradtke həmçinin Bosniya ilə bağlı «Deyton» sazişinin hazırlanmasında iştirak eləyib. Bu iki diplomatın təcrübəsini diqqətə alan bəziləri ehtiyat edirlər ki, Amerika deyəsən, Qarabağ münaqişəsini də eyni ssenariylə həll etməyə hazırlaşır.

- Heç sanmıram. Bir məsələ var. Daha öncə o vəzifəni tutan diplomat (Metyu Brayza) çox danışırdı. Tez-tez «münaqişənin sonuna az qalıb», «artıq həll yolunu tapmaqdayıq», filan deyirdi. Yerevanda dediyi sözləri Bakıda izah eləməli olurdu, bəzən də «mən elə demədim, belə dedim» deməyə məcbur olurdu. Bakıda dediyi sözlərə görə də Yerevanda təkzib verirdi. Məncə, bundan sonra bu məsələylə məşğul olan Amerika diplomatları daha səssiz qalacaqlar və önə çıxmayacaqlar. Burda hansısa ssenarilər axtarmaq lazım deyil. Vaşinqton Qarabağı ayrı bir dövlət etmə yoluna girməyib. Çünki bu, həm Azərbaycanla münasibətləri ciddi şəkildə pozar, həm də Amerika Gürcüstanın separatçılarını – Abxaziya və Cənubi Osetiyanın ayrılmağını qəbul eləmirsə, niyə burda fərqli mövqe tutmalıdır? Bu, ABŞ-ın Qafqazdakı nüfuzuna böyük zərbə olar.

Amma, bu münaqişədə əsas problem odur ki, Ermənistan Qarabağın da tərəf kimi danışıqlara qatılmasını istəyir, Azərbaycan isə buna qarşıdır. Əvvəlki amerikalı diplomatlar isə bu məsələylə bağlı qərarsız qalmışdılar. İndi Ermənistan təkrarən bu tələbini qaldıra bilər və ABŞ belədə qərar verməli olacaq.
XS
SM
MD
LG