Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:08

«İpoteka bazarı «tətilə» çıxır»


«Bizim Yol»: «Azərbaycan bankları ipoteka kreditlərinin verilməsini yenidən müvəqqəti olaraq dayandırıb. Banklardan ANS-ə verilən məlumata görə, bunun əsas səbəbi vəsait çatışmazlığıdır. Fonddan ayrılan limit çərçivəsində kreditlər istifadə olunub. Növbəti vəsaitin nə vaxt ayrılacağı isə hələ bilinmir.

Çox güman ki, yenidən büdcə vəsaitlərini gözləmək lazım gələcək, başqa mənbə yoxdur. Bu isə ipoteka kreditləşməsində az 5-6 aylıq fasilənin yaranması deməkdir. Onsuz da bu proses normal olaraq həyata keçirilə bilmir. 2007-ci ilin əvvəlində başlayan ipoteka kreditləməsinə cəmi 5 ay sonra ara verildi - həmin ilin yayında vəsait tükəndiyinə görə proses dayandırıldı və bu fasilə düz 2 il çəkdi». Qadir İbrahimli «İpoteka bazarı «tətilə» çıxır» sərlövhəli köşə məqaləsində belə yazır.

«İpoteka kreditləşməsi bir də 2 il sonra bərpa edildi. Yenə də prosesin ömrü 5 aydan çox olmadı - ilin ortalarından başlayan proses artıq dayandırılıb. Səbəb sadədir - pul yoxdur və hətta tapılması prespektivləri də. Yalnız büdcə vəsaitləri hesabına ipoteka kreditləşməsini bərpa etmək olar. Büdcə vəsaitinin də ayrılıb-ayrılmayacağı hələ bəlli deyil (2010-cu il dövlət büdcəsi layihəsi hələ ictimaiyyətə təqdim olunmayıb)».

«Yeni Müsavat»: «Dünən əqidə sözünün mənasından yazmışdım, iş elə gətirdi ki, bu gün «Avropa» sözünə toxunmalı olacağam. Qədim yunan mifologiyasına görə Avropa Finikiya çarının qızı olub, dənizin sahilində rəfiqələri ilə oynayarkən Zevs (bu kişi də qədim yunanların allahlar sistemində başçı olubdur) öküz cildinə girərək bunu oğurlayıb, aparıb Krit adasına. Və sairə və ilaxır əhvalatlar olubdur, lakin məqsədim burada yunan mifologiyasını qurdalamaq deyil. Sadəcə, son illər Avropanın - təbii ki, söhbətin Finikiya çarının qızından deyil, indiki siyasi Avropa məkanından getdiyini anlamısınız artıq - Azərbaycana münasibətdə davranışları məyusluq doğurur». Zamin Hacı «Çirkli pullar» məqaləsində belə yazır.

«Yeri gəlmişkən, tanınmış filosof Şpenqlerin «Avropanın qürubu» əsərinin adı bu gün Avropanın bizə münasibətini tam açır. Əslində Şpenqler burada bir növ söz oyunu da edibdir, çünki bəzi mənbələrə görə “Avropa” sözünün mənası qədim finikiyalıların dilində elə “qürub” deməkdir.
Nə isə, sözümün canı odur ki, avropalılar bizi neft çəlləyinə satıblar, bizdə demokratiyaya dəstəyi qaz havasına buraxıblar. Onlar çoxdandır yapokratiyadan islahat-filan tələb eləmir. Belə çıxır ki, Avropanı Səməd Seyidov qafalı şəxslər tam qane edir. Hətta görün nə vəziyyətdir, bu ikiüzlü Avropa bürokratlar neçə aydır bir dənə məruzəçi də təyin edə bilmir. Söhbət Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçidən gedir».

«Azadlıq»: «İqtisadi və Sosial İnkişaf Mərkəzi "İcbari Tibbi Sığorta Səhiyyə Sisteminin İnkişafının Əsas Elementi Kimi" adlı layihənin icrasını yekunlaşdırıb. 5 ay müddətində həyata keçirilən layihə Azərbaycanda icbari tibbi sığorta imkanlarının öyrənilməsi və bu istiqamətdə həkimlər, adi vətəndaşlar və icra hakimiyyəti orqanları əməkdaşları arasında maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.

İSİM rəhbəri Vüqar Bayramovun verdiyi məlumata görə, Bakı şəhərində, Tərtər və Salyan rayonlarında icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə əhali arasında maarifləndirmə kampaniyası aparılıb. Eyni zamanda, layihə çərçivəsidə Azərbaycanda tibbi sığortanın inkişafı problemləri araşdırılaraq bir sıra məsələlər aşkar olunub».

«Səs»: «Dövlət orqanları fəaliyyətləri barədə ictimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə mətbuat orqanlarına lazımi informasiya verməlidirlər»

Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdir müavini Ərəstun Mehdiyev müsahibəsində belə deyib.

«Dövlət orqanları ilə mətbuat arasında əməkdaşlıq artıq təşəkkül tapıb. Dövlət orqanlarının həyata keçirdiyi bütün tədbirlər mətbu orqanlar tərəfindən işıqlandırılır. Yaxud dövlət orqanları öz işləri barədə KİV-lərə, mütəmadi olaraq, məlumat verirlər. Burada görülən işlər müxtəlif baxış bucağından işıqlandırılır».
XS
SM
MD
LG