Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:04

Gürcüstanda regional televiziyalar müstəqilliklərini necə qoruyurlar?


Gürcüstan televiziyasında Ermənistanla telekörpü keçirilir, Tbilisi, 01 iyul 2009
Gürcüstan televiziyasında Ermənistanla telekörpü keçirilir, Tbilisi, 01 iyul 2009

Regional televiziyaların əksəriyyətinin şikayəti maliyyə çatışmazlığındandır. Onların əsas gəlir mənbəyi elanların yerləşdirilməsindən, bir də yerli hökumətin tədbirlərinin işıqlandırılmasının qarşılığında hökumətin razılaşma yolu ilə ödədiyi vəsaitdən ibarətdir.

Bəs bu hal region televiziyalarının obyektiv reportajlar hazırlamasına mane olmur ki? Yerli əhali bu televiziyalara necə etibar edirmi?

«RİONİ» TELEVİZİYASINI HEÇ KİM İZLƏMİR»

Televiziya şirkətlərinin nümayəndələri deyirlər ki, maliyyə çatışmazlığı obyektivliyə təsir etmir. Ancaq regionun digər KİV-ləri həmkarlarının işinə daha tənqidi yanaşırlar. Məsələn, İmereti regionunda «Rioni» televiziyası yayımlanır. Onun icraçı direktoru Tamara Qvinianidzedir. «Novaya Qazeta»nın redaktoru Maya Meçxvarişvilinin sözlərinə görə, televiziyanın direktoru həm də hakim partiyanın - Vahid Milli Hərəkat Partiyasının siyasi bürosunun üzvüdür.

İmeretidə «Meqativi» adlı daha bir televiziya fəaliyyət göstərir. Həmin televiziya isə Milli Hərəkat Partiyasının üzvü və majoritar deputat Akaki Boboxidzeyə məxsusdur.

Gürcüstanın Maestro telekanalının studiyası

Maya Meçxvarişvili deyir ki, informasiya verilişlərinə görə «Rioni» televiziyasını heç kim izləmir:

- Əgər baxırlarsa da ona görə ki, efirdə saat ərzində ölənlərin adını verirlər və bu da bəzilərini maraqlandırır. Mən elə insan tanımıram ki, kanalın informasiya, ya da digər verilişlərinə baxsın.

M.Meçxvarişvili danışır ki, «Rioni» digər region televiziyaları kimi yerli büdcədən maliyyələşir və bunun da səbəbləri var:

- Bu ona görədir ki, Şəhər Sovetinin iclasları onların istədiyi şəkildə işıqlandırılsın. Ya da məsələn, mer səfərə gedirsə, bu səfər onun tələblərinə uyğun işıqlandırılır...Bu, meriyanın mətbuat xidməti və Şəhər Soveti tərəfindən hazırlanmış süjetlərin eynidir.

«TƏNQİDİ MATERİALLARI TƏKZİB ETMƏK ÜÇÜN TEZ-TEZ TOK-ŞOULAR TƏŞKİL OLUNUR»

M.Meçxvarişvilinin sözlərinə görə, regional televiziyalarda mətbuatda gedən tənqidi materialları təkzib etmək üçün tez-tez tok-şoular təşkil olunur:

- Bu yaxınlarda belə bir hadisə olmuşdu: «Novaya Qazeta»da mer və Şəhər Soveti əməkdaşlarının xarici ölkələrə ezamiyyətləri ilə bağlı məqalə dərc olundu. Məqalədə onların səfərləri tənqid olunur, deyilirdi ki, region rəsmiləri xaricə gedir, ancaq heç bir iş görülmür. Bu məqalədən sonra meriya aparatının rəhbəri Tenqiz Topuridze «Rioni»nin efirinə çıxdı, məlumatı təkzib etdi. Baxmayaraq ki, bir gün əvvəl bizimlə söhbətdə özü məlumatı təsdiqləmişdi.

Gürücstannın İmedi telekanallarının sahibi, əslən Gürcüstandan olan Joseph Kaydır

«Rioni»nin rəhbəri Tamar Qvinianidze danışır ki, televiziyada reklamın sayı xeyli azalıb. Ona görə də büdcədən köçürülən vəsait az olsa da, televiziya üçün böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, jurnalistlər hökumətin verdiyi məbləğlə onların istədiyi süjeti hazırlamalı olurlar:

- Bu il məbləğ 17 min laridir, yəni 10 min dollar. Məbləğ özü-özlüyündə gülüncdür. Bu vəsaitə Şəhər Sovetinin iclaslarını çəkməli, süjeti efirə verməli, onları maraqlandıran mövzularda tok-şoular hazırlamalıyıq.

Bununla belə, Tamar Qvinianidze televiziya kanalının yalnız bu məlumatla məhdudlaşmadığını, məhkəmələrdən başqa bütün hadisələri işıqlandırdıqlarını deyir:

- Biz birtərəfli süjetlər hazırlamırıq, iki tərəfin mövqeyini veririk. Özümüz nəticə çıxarmırıq. Bu və ya digər siyasi partiya yalnız onların maraqlarına toxunmağımızı istəyəndə qəti surətdə rədd edirik, baxmırıq ki, hökumətdir, ya müxalifət.

«ELƏ BIR MÖVZU YOXDUR Kİ, ONA TOXUNMAYAQ»

Gürcüstanın Şida Kartli regionunda reklam və elanların hesabına «Trialeti» televiziyası fəaliyyət göstərir. Bu televiziyanın direktoru Şida Kartlinin vitse-qubernator və deputat Badri Nanetaşvilinin qardaşıdır - Conni Nanetaşvili. Televiziyanın informasiya xidmətinin rəhbəri Nino Çifçiuri bizimlə söhbətdə deyir ki, bu vəziyyətə baxmayaraq, televiziyada senzura yoxdur:

- Elə bir mövzu yoxdur ki, ona toxunmayaq. Bizdə heç bir senzura yoxdur.

İndi də Kaxetidəki vəziyyətə nəzər salaq. Biz yerli jurnalist Qela Mtivlişvilidən – regionun televiziya məkanındakı vəziyyəti təsvir etməyi xahiş etmişik:

- Bizdə Laqodexi, Telavi, Qurcaani və Saqareco televiziyaları yayımlanır. Bu televiziyaların son vaxtlar öz verilişləri yoxdur, onlar «Rustavi 2» kanalının verilişlərini retranslyasiya edirlər. Laqodexi televiziyasının cəmi bir verilişi var. Onun da tamamilə yerli büdcədən maliyyələşdiyi barədə məlumatım var. Laqodexi yerli hökumətin təbliğatını aparır. Qurcaani televiziyası da eyni vəziyyətdədir. Bu cür dəstək televiziyaların müstəqilliyinə böyük təsir göstərir. Bu televiziyaların arasında Telavinin «Tanamqzavri» televiziyası daha müstəqildir, hökumət və ayrı-ayrı şəxsləri tənqid edən süjetlər yayımlayır. Bu səbəbdən Telavinin kabel televiziyaları «Tanamqzavri»nin verilişlərinin yayımını dayandırıb, bir neçə aydır efirə buraxmırlar.

70 DOLLAR ƏMƏKHAQQI

Biz Qurcaani televiziyasının rəhbəri Tamar Abelaşvili ilə söhbət etdik. O, söhbət zamanı televiziyada maksimal əməkhaqqının 120 lari, yəni təxminən 70 dollar olduğunu dedi. Televiziyanın maliyyəsi çox vaxt büdcədən gəlir, qalan hissə qrantların hesabına. Tamar Abelaşvilidən soruşanda ki, bəs elə mövzular olurmu onları işıqlandırmaqdan çəkinəsiniz? Abelaşvili digər televiziya rəhbərlərindən fərqli olaraq bu cür mövzuların olduğunu təsdiqləyir:

- İmtina etdiyimiz mövzular az olsa da, yenə var. Biz onlar barəsində danışırıq, amma o qədər sərt şəkildə yox.

İndi də Sameqrelo regionuna keçək. Bu regionun ən tanınmış televiziyası «Odişi»nin rəhbəri Aleksandr Kobaliya həm də Zuqdidi bələdiyyəsinin rəhbəridir. İnformasiya şöbəsinin müdiri Nana Kobaliya deyir ki, bu hal onların obyektivliyi təmin etməsinə mane olmur. Əksinə digər televiziyalardan fərqli olaraq büdcədən onların maliyyələşməsi dayandırılıb:

- Regionun bütün televiziya şirkətləri bələdiyyə büdcəsindən maliyyələşir, bizə isə maliyyə ayrılması dayandı, bu, bizə çox təsir etdi. Televiziyanın təsisçisi Aleksandr Kobaliya əlavə söz-söhbət yaranmasın deyə maliyyələşmədən imtina edib.

Tamaşaçıların bir qismi «Odişi» televiziyasında reklamların çoxluğundan narazıdır və məlumatın obyektivliyi barədə düşünmürlər. Digər hissə öz simpatiya və antipatiyasını daha dəqiq əsaslandırır:

- Reklam çoxdur, daha çox məlumatı xoşlayıram, o isə azdır.

- Dinləmirəm, hesab edirəm ki, informasiya obyektiv deyil.

XS
SM
MD
LG