Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:23

Xaricdə oxuyan tələbələri ölkədən buraxmırlar


Türkmən tələbələr

Ötən cümə Türkmənistan rəsmiləri ABŞ Dövlət Departamentinin təhsil və səhiyyə layihələriylə bağlı yaratdığı Sülh Korpusunun könüllülərindən 48 nəfərin vizasını ləğv edib. Könüllüləri ölkəyə buraxılmayan Beynəlxalq Sülh Korpusunun nümayəndələri həftəsonu Türkmənistan rəsmiləri ilə görüşüb, məsələni müzakirə edəcəklərinə ümid edirlər.

TƏLƏBƏLƏR BİŞKEKƏ BURAXILMIRLAR

Bundan əvvəlsə türkmən rəsmiləri onlarla xaricdə təhsil alan tələbənin yay tətilindən sonra ölkədən getmələrinə icazə verməmişdi. Vaşinqton da Aşqabadın bu addımından narahatlığını ifadə etmişdi. Nəticədə Sülh Korpusunun könüllüləri ölkəyə buraxılmadı.

Türkmənistan hökuməti olaylarla bağlı heç bir rəsmi açıqlama vermir. Amma ölkədəki fəallar deyirlər ki, məmurlar xaricdə təhsil almaqla tələbələrin artıq başqa cür düşünə biləcəyindən qorxurlar.

50-dən çox türkmən tələbə Qırğızıstan paytaxtı Bişkekdə yaradılan Orta Asiya Amerika Universitetində təhsil alırdılar. Amma yay tətilləri başa çatan kimi yenidən Bişkekə getmək istəyəndə onların heç biri ölkədən buraxılmayıb.

Aşqabaddakı Amerika səfirliyindən bildiriblər ki, həmin tələbələrin Bolqarıstandakı Amerika Universitetinə köçürülməsinə nail olublar. Amma oktyabrın əvvəlində tələbələri Bolqarıstana gedən təyyarəyə minməyə də qoymayıblar. Baxmayaraq ki, türkmən rəsmiləri tələbələrin səfərini əngəlləməməklə bağlı söz vermişdi.

«İNDİKİ TÜRKMƏNİSTAN RƏHBƏRLİYİ ƏVVƏLKİLƏRDƏN AZ FƏQRLƏNİR»

Beynəlxalq Böhran Qrupunun Orta Asiya layihəsinin direktoru Pol Kuin Cadc deyir ki, son baş verənlər həqiqətən də türkmən rəsmilərinin məqsədyönlü siyasətindən xəbər verir:

Sülh Korpusunun könüllüsü Türkmənistanda ingilis dili dərsində
«İndiki Türkmənistan rəhbərliyi xalqın fərqli dünyagörüşünə birbaşa və məhdudlaşdırılmayan çıxışına imkan yaratmağa gələndə əvvəlkilərdən az fəqrlənir. Bu halda tələbələrə Amerika və Qərb təhsiliylə tanış olmağa məhdudiyyət qoyulmaqdan söhbət gedir».

Xaricdə təhsil alan tələbələr bir yana, ölkədə fəaliyyət göstərən Sülh Korpusunun könüllüləri 1993-cü ildən Türkmənistanda müxtəlif tədris və səhiyyə layihələri həyata keçiriblər. Məktəblərdə ingilis dili kursları, müəllimlər və səhiyyə işçiləri üçün treninq-təlim proqramları keçiblər.

Sülh Korpusunun mətbuat direktoru Coş Fildin sözlərinə görə, indi ölkədə hələ fəaliyyət göstərə bilən cəmi 70 könüllü qalıb:

«İndiki şərtlərlə biz əsasən müəllimlərə tədrisin səviyyəsini artırmaq üçün təlimlər keçə bilirik, ya da uzağı məktəblərə buraxsalar, orda özümüz dil dərsləri keçirik. Təhsil məsələsində ancaq bu iki yolla nə isə eləyə bilirik».

ÖLKƏYƏ ƏLAVƏ KÖNÜLLÜLƏRİN GƏTİRİLMƏSİNƏ İMKAN VERMƏYƏCƏKLƏR


Fild onu da əlavə edir ki, türkmən rəsmiləri onlara açıq-aşkar bildiriblər ki, gələn tədris ilinə qədər - yəni 2010-cu ilin sentyabrına qədər ölkəyə əlavə könüllülərin gətirilməsinə imkan verməyəcəklər.

Türkmənistan əvvəlki dövlət başçısı - ömürlük prezident Saparmurat Niyazovun – Türkmənbaşının vaxtında da belə özünütəcrid siyasəti aparırdı. O vaxt Türkmənbaşının yazdığı «Ruhnamə» əsəri məktəb və universitetlərdə tədris edilən proqramın əsas hissəsiydi. Türkmənbaşı təhsil islahatı adı altında orta təhsil müddətini 10 ildən 9 ilə, ali təhsil müddətini isə 5 ildən 2 ilə endirmişdi.

Amma Türkmənbaşının ölümündən sonra yerinə gələn Qurbanqulu Berdumuhammedov
«Ruhnamə»
bu islahatların bir çoxunu ləğv elədi, «Ruhnamə»nin məcburi tədrisi istisna olmaqla. Tələbələrə xaricdə təhsil almaq şəraiti yaradıldı.

«RUHNAMƏ»DƏN İMTAHAN


2700-ə yaxın türkmən tələbə dövlət xəttiylə təhsil almaq üçün Rusiya, Avropa, Amerika və Şərqi Asiya dövlətlərinə göndərildilər.

Xaricdə təhsilə qoyulan bəzi bürokratik əngəllər - ölkədən getməyə viza alınması, Müdafiə Nazirliyindən, Miqrasiya İdarəsindən icazələr aradan qaldırıldı.

Ancaq xaricdə təhsil almaq üçün ölkəni tərk etməzdən əvvəl tələbələr məcburi qaydada Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər. Qayıdandan sonra isə türkmən dilində «Ruhnamə»dən və iki başqa fənndən imtahan verməlidilər, ancaq bundan sonra onların diplomları təsdiqlənəcək.

«Freedom House» təşkilatının Araşdırmalar direktoru Krostofer Uolker deyir ki, bütün bunlar göstərir ki, indiki türkmən rəhbərliyi də, elə əvvəlkilər kimi vətəndşlarının xaricilərlə hətta ən adi ünsiyyətini belə təhlükə kimi görür. Türkmənistan prezidenti hələ də ölkəsinin dünyaya açılmasına razı deyil.
XS
SM
MD
LG