Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

«Türkiyə bu işi sadəcə Ermənistan üçün eləmir»


Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülent Əlirza
Mərkəzi Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülent Əlirza AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Daha əvvəl verilən açıqlamalara baxmayaraq, ötən həftə Ermənistan və Türkiyə arasındakı protokollar imzalandı. Türkiyənin Dövlət naziri Cəmil Çiçək gələn həftə protokolların parlamentə təqdim ediləcəyini deyir. Sizcə AKP daha bir sürpriz eləyib, bu protokolları da Məclisdən keçirə bilərmi?

- Baş nazir Ərdoğan dəfələrlə bunu etməyəcəyini söyləyib. Məncə, belə olacaq. Məclisə təqdim eləyəcək protokolları. Protokollar Murat Mərcanın sədrlik elədiyi Xarici Əlaqələr Komitəsinə gedəcək. Amma ordan çıxıb Məclisin Rəyasət Heyətinə getməsini əngəlləyəcəklər. və protokolların səsverməyə çıxarılmasının da ermənilərin Qarabağdan çəkilməsinə bağlayacaqlar. Burda sürpriz olmayacaq.

Amma başda ABŞ və Avropa dövlətləri olmaqla, digər ölkələrdən Türkiyəyə təzyiq edəcəklər. Görək Türkiyə bu təzyiqlərə dayana biləcəkmi.

- Sizcə dayana biləcəkmi? Məsələn, əgər Ermənistan tərəfi protokolları daha öncə təsdiqləsə, bu da əlavə təzyiq olacaq...

- Dayanması lazım. Çünki Türkiyə bununla bağlı Azərbaycana söz verib. Belə olmasa Azərbaycanla münasibətlər lap korlanacaq. Ancaq burda Vaşinqton faktorunu da unutmaq lazım deyil. Türkiyə bu işi sadəcə Ermənistan üçün eləmir. Bildiyiniz Amerikada güclü erməni lobbisi var və əgər Türkiyə protokolları icra eləməsə, qarşıdakı aprel ayında, yenidən erməni lobbisi Türkiyəyə qarşı erməni soyqırımı iddialarını Vaşinqton administrasiyası dilindən səsləndirə biləcək. Yəni aprel ayına kimi Qarabağ məsələsində irəliləyiş olmasa, Türkiyəyə qarşı təzyiqlər daha da artacaq. Türkiyənin hesabını düzgün aparması tələb olunur. Ermənistan sərhədini açmaqla nə qazanacaq, Azərbaycanla münasibətləri pisləşdirməklə nə itirəcək? Ankara üçün ən ideal olanı hər iki tərəfi idarə etməkdir.

- Qazancdan danışmışkən, Türkiyə bu protokolları imzalamaqla bugünkü gündə artıq nə qazandı, nə itirib?

- Türkiyə faktiki olaraq dünya birliyinin gözündə qonşularıyla əlaqələri yaxşılaşdırmaq istəyən bir dövlət imici qazanmaqdadır. Yunanıstanla, Suriyayla münasibətləri düzəldib, indi Ermənistanla protokollar var. Türkiyənin yeganə qazancı hələlik budur, amma bu iş də hələ ki, sona çatdırılmayıb.

- Azərbaycan prezidenti İlham Əliyev protokolların imzalanmasından bir gün öncə, adətən eləmədiyini elədi: Dövlət Televiziyasında geniş müsahibəsi yayımlandı. Orda Əliyev bildirdi ki, Türkiyə iddia edir ki, bu protokolların imzalanması Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsir edəcək. Amma İlham Əliyev dedi ki, Ermənistan prezidentiylə Kişinyovdakı son danışıqlar nəticəsiz başa çatdı. Çünki artıq Sarkisyan güzəştə meyilli deyil və bu protokollar onun mövqeyini daha da gücləndirəcək.

- İlham Əliyevin dediklərini ciddi qəbul eləmək lazımdır. Çünki o Ermənistan prezidentiylə vaxtaşırı görüşür. Və əgər Əliyev deyirsə ki, Sarkisyan danışıqlarda daha az güzəştə gedir, daha sərt olur və bunun da səbəbi Türkiyəylə Ermənistan arasındakı münasibətlərdirsə, bunu ciddi qəbul eləmək lazımdır. Türkiyə gərək Ermənistana ən açıq bir şəkildə bəyan eləsin ki, Qarabağ məsələsi həll olunmayınca, sərhədlər açılmayacaq. Oktyabrın 14-də Ermənistan prezidenti Türkiyəyə gələcək, futbol oyunun seyr eləməyə. Və düşünürəm ki, Sarkisyana həmin mesaj veriləcək.

Amma Ermənistan buna gedəcək ya yox, onu birlikdə görəcəyik. Ola bilsin ki, Ermənistan Qərb ölkələrini arxasına alıb Türkiyəyə təzyiq eləmək yolunu seçsin, o zaman Türkiyə çox ciddi bir diplomatik problemlə qarşı-qarşıya qalacaq.

- Və son sual. Protokolların imzalanmasından bir gün əvvəl yayımlanan həmin müsahibədə İlham Əliyev birdən-birə Türkiyəyə satılacaq qazın qiymətləri məsələsinə də toxundu. Sizcə bu, təsadüf idi yoxsa Türkiyə hökumətinə mesaj?

- Hər şey ola bilər. Azərbaycan prezidenti davamlı olaraq Türkiyəyə mesajlar göndərir. Bir millət-iki dövlət durumundan danışırıqsa, gərək bu dövlətlər də ortaya çıxan anlaşılmazlıqları danışıb, həll eləməyi öyrənsinlər.
XS
SM
MD
LG