Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:38

Nikahsız doğulan uşaqlar


1990-cı ildə rəsmən ər-arvad hesab olunmayanların izdivacından doğulan uşaqların sayı 4800 nəfər idisə, 2007-ci ildə bu rəqəm 17 873-ə çatıb
1990-cı ildə rəsmən ər-arvad hesab olunmayanların izdivacından doğulan uşaqların sayı 4800 nəfər idisə, 2007-ci ildə bu rəqəm 17 873-ə çatıb
İnsan alverinin qurbanı olan qadınların yerləşdirildiyi sığınacaqda bapbalaca bir qız uşağı böyüyür. Bu ilin sentyabr ayının 9-da ömrünün birinci yaş gününü də elə burada keçirib, ilk qədəmlərini də bu sığınacağın divarları arasında atıb. Amma onun ad gününə də, ayaq açıb yeriməsinə də anası Sevincdən başqa sevinən olmayıb. Zeynəb hələ 18 günlük olanda atası, nənəsi, babası onu da, anasını da evdən bayıra atıb, qapını də həmişəlik üzlərinə bağlayıblar…

«BÖYÜYƏNDƏ YADINDAN ÇIXACAQ»


1988-ci ildə Balakən rayonunun Poşbinə kəndində anadan olan Sevinc Məmmədova (ad şərtidir) 14 yaşından Bakıdakı xalasının himayəsində yaşayıb. «Çudo Peçka» mağazalarından birində satıcı işləyən Sevinc elə orada Əşrəf adlı (ad şərtidir) bir oğlanla tanış olub və 2007-ci ildə onunla ailə qurub. Daha doğrusu, Əşrəfə qoşulub qaçıb. Əşrəf qızı Dəvəçi rayonunun Uzunbayat kəndində yaşayan valideynlərinin yanına aparıb. Kənddə gənclərə təmtəraqla toy da çaldırıblar.

Elə buradaca haşiyə çıxaq ki, Sevincin Poşbinə kəndində yaşayan valideynləri onun 3 yaşı olanda ayrılıblar: «Atam hər gün içib, anamı vəhşicəsinə döyürdü. Axırda anam dözməyib, başını götürüb kənddən qaçdı. O gündən üzünü görməmişik, eşitmişik ki, Bakıda yaşayır».

Özündən böyük bacısı və kiçik qardaşı ilə birgə atasının himayəsində qalan Sevinc 13 yaşı olanda uzaq qohumu tərəfindən zorlanıb: «Hadisə bibim oğlunun toyunda oldu. Başıma bu oyunu açan da elə bibimin qohumu idi. Məndən yaşca çox böyük idi, heç cür müqavimət göstərə bilmədim. Həmin gün ağlayıb başıma gələnləri bibimə, atama danışdım, bütün qohum-əqraba da xəbər tutdu, amma heç nə eləmədilər. Bibim dedi ki, eybi yoxdur, böyüyəndə yadından çıxacaq. Atam da cınqırını çıxarmadı».

Baş verən hadisədən sonra kənddə qızın haqqında dedi-qodu yayılmağa başlayıb: «Olmayan şeyləri danışırdılar. Atam da bu söz-söhbəti eşidəndə məni döyür, günlərlə ac-susuz zirzəmidə saxlayırdı. Balta ilə ayağımı kəsmişdi. Kəndiri inəyin başından çıxarıb, mənim boynuma keçirir, yerlə sürüyürdü».

Çox keçməyib ki, ata qızını evdən qovub və ərizə yazaraq rəsmən ondan imtina edib.

«QOY ÖLSÜN, CANIMIZ DİNCƏLSİN»

Sevinc başına gələnləri toydan qabaq Əşrəfə danışıb. Həyat yoldaşı da onu başa düşərək, qəbul edib. Hətta qız evdəkilərin yanında başıaşağı olmasın deyə, toy gecəsi damarının qanını çəkib, Sevincin bakirə olmadığını onlardan gizlədib.

Amma Əşrəfin bu «fədakarlığı» bir işə yaramayıb və toydan iki ay sonra ailədə gəlinə qarşı təzyiqlər başlayıb: «Fikirləşirdilər ki, barışıq olandan sonra qohumlarım gəlib-gedəcək, el adəti ilə mənə cehiz veriləcək. Amma görəndə ki, itirib-axtaranım yoxdu qayınanam «yiyəsizsən, anan-atan səninlə maraqlanmır» deyib, başıma qaxanc eləməyə başladı. Yoldaşıma da deyirdi ki, «kül sənin kişi başına, aldığın qıza bax, əsli-nəsli bilinmir. O da anasının üzünə ağ olmurdu».

2008-ci il, sentyabrın 9-da qızı Zeynəbi dünyaya gətirəndən sonra gənc qadının həyatı bir az da çətinləşib: «Uşağı görmək istəmirdilər, səsi gələn kimi üstümə qışqırırdılar. Açıb bələməyi bilmirdim, heç kim yaxın durmurdu. Uşaq xəstələnmişdi, nə qədər yalvardımsa, dərman almadılar. Dedilər ki, qoy ölsün, birdəfəlik canımız dincəlsin».

Mehriban Zeynalova
Nəhayət, körpə 18 günlük olanda ər onu arvadının qucağına verib, Bakıdakı xalasının üstünə göndərib: «Uşaq yenə xəstə idi, həkimə aparmağa pul tapa bilmirdim. Yoldaşıma zəng vurub yalvardım ki, heç olmasa pul göndərsin. Cavabı bu oldu ki, məni heç nə maraqlandırmır, pulu nə yolla istəyirsən qazan, bir də zəng vurma».

Xalanın əliuşaqlı bacısı qızını saxlamağa imkanı olmadığından, Sevinci körpə qızı ilə birlikdə «Təmiz Dünya» təşkilatının sığınacağına gətirib.

Təşkilatın sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, Sevincin «Təmiz Dünya»nın həyata keçirdiyi layihələrə heç bir aidiyyatı yoxdur. Sadəcə, onun südəmər körpə ilə küçədə qalmasına vicdanı yol verməyib: «Amma aydın məsələdir ki, onları həmişəlik burada saxlamaq mümkün deyil. Yəqin ki, bir çıxış yolu tapılacaq».

NİKAHA NİYƏ «YOX» DEYİLİR?


Hazırda ölkədə belə çıxılmaz durumda olan qadınların sayı kifayət qədərdir. Onların qarşılaşdıqları problemlərin təməlində isə ailə quran vaxt rəsmi nikah bağlamamaları durur ki, bunun da səbəbləri müxtəlifdir. Məsələn, bu yazının qəhrəmanı olan Sevinc Məmmədova deyir ki, evdə bir neçə dəfə nikah barədə söhbət salsa da, bu iş hər dəfə bir bəhanə ilə təxirə salınıb.

Gəlin köçəndə bəy evindən hər cür dəmdəsgahla bahalı qır-qızıl, xonça-parça tələb edən, müasir «interpretasiya»da oxunan məşhur mahnıdakı kimi «Qapıya «Limuzin» gəlməsə, mən heç yerə getmirəm» deyib, ayağını bir başmağa dirəyən qızlarımız nikah məsələsində belə inadkarlıq nümayiş etdirmirlər. Çünki gənc xanımlarımızın çoxu toydan əvvəl rəsmi nikah bağlamağın onların və dünyaya gətirəcəkləri körpələrin gələcək təminatı üçün hər şeydən vacib olduğunu başa düşmür.

Bunu Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova deyir. Onun sözlərinə görə, əgər əvvəllər nikah məmurunun və şahidlərin iştirakı olmadan qurulan ailələrə daha çox kənd yerlərində, məlumat əldə etmək imkanı aşağı olan əhali qrupları arasında rast gəlinirdisə, indi şəhərlərdə də belə hallar tez-tez baş verir. Amma problemin səbəbləri bölgələrə görə fərqlənir:

«Məsələn, Bakıdan bizə müraciət edən nikahsız ailə qurmuş və sonradan problemlərlə qarşılaşan qadınların durumunu təhlil edəndə görürük ki, onların nikahının rəsmiləşdirilməməsinin başlıca səbəbi əmlakla bağlıdır. Gələcək boşanmanın mümkünlüyünü göz önünə alan oğlan evi sonradan gəlinin əmlakla bağlı hər hansı bir iddia qaldırmaması üçün qəsdən nikahın rəsmiləşdirilməsini təxirə salır. Adətən, belə hallarda oğlanın şəxsiyyət vəsiqəsi ilə bağlı problem olduğunu bəhanə gətirirlər».

Bir sıra bölgələrdə isə qızlar nikah yaşı çatmamış ərə verildiyi üçün bu məsələ qeyri-müəyyən vaxta kimi ertələnir və yalnız molla kəbini kəsdirməklə kifayətlənirlər. Rəsmi nikah isə ancaq uşaq doğulandan sonra ona doğum haqqında şəhadətnamə almaq lazım gələndə yada düşür. Və bəzən bu zamana qədər ana da, uşaq da artıq qapı arxasında qalır.

KOMİTƏ ETİRAF EDİR

Adətən, bu duruma düşən qadınların üz tutduqları birinci ünvan isə Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi olur. Amma hələ ki, komitədəkilər belə qadınlara necə deyərlər, yardım əlini uzada bilmirlər. Sözügedən qurumun ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova bizimlə söhbətində etiraf etdi ki, komitənin bu qadınlara yardımı yalnız hüquqi maarifləndirmədən ibarət olur:

«Onlara öz hüquqlarını başa salırıq, uşaqlar üçün doğum haqqında şəhadətnamənin alınmasına kömək edirik».

Bununla belə, şöbə müdiri indiyə kimi neçə belə qadına hüquqi yardım göstərdiklərini söyləyə bilmədi.

Yeri gəlmişkən, nikahsız ailə quran və sonradan evdən qovulan qadınların dünyaya gətirdiyi uşaqların çoxuna doğum haqqında şəhadətnamədə anasının soyadı verilir. Hazırda qüvvədə olan Ailə Məcəlləsinə görə, həmin sənədə atanın soyadının yazılması üçün ana məhkəməyə mürciət edib, atalığın təsdiqlənməsinə nail olmalıdır. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Amma bu çətin proses olduğundan, qadınların əksəriyyəti məhkəməyə müraciət etməkdən çəkinir.

Haqqında söhbət açdığımız Sevinc Məmmədova kimi: «Əslində əlimdə sübutlar da var idi, toy kaseti, şəkillər və s.
Hadı Rəcəbli
Amma yoldaşım mənə hədə-qorxu gəldi, dedi ki, onsuz da mənimlə rəsmi nikahın yoxdu, hər şeyi inkar edəcəm, mən də çəkindim. Ona görə də Zeynəbə mənim soyadım verildi».

AİLƏ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK OLUNA BİLƏR


Əksər xarici ölkələrdə isə uşaq ananın soyadını daşıyırsa, belə qadınlara «tənha ana» statusu verilir və onlara dövlət tərəfindən yüksək müavinat ödənilir. Azərbaycanda «tənha ana»ların sayı kifayət qədər olsa da, bizdə hələlik bu kateqoriya mövcud deyil.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bunun səbəbini Azərbaycan cəmiyyətinin hələ belə hallara hazır olmamasında görür: «Qərbə nə qədər sürətlə inteqrasiya etsək də, hələlik Azərbaycan cəmiyyətinin belə həssas məsələlərə münasibəti fərqlidir. Qanunlar qəbul edilərkən milli mentalitetdən irəli gələn məqamları nəzərə almamaq mümkün deyil. Amma cəmiyyət də, dövlət də bu məsələ ətrafında bir daha düşünməlidir».

Komitə sədrinin sözlərinə görə, hazırda bu durumda olan qadınlar dövlətdən yalnız başqa aztəminatlı əhali qrupları kimi ünvanlı sosial yardım ala bilərlər. Amma ortada uşaq varsa, onun nikahlı və yaxud nikahsız ailələdə dünyaya göz açmasından asılı olmayaraq, ata öz övladını saxlamağa borcludur:

«Ailə Məcəlləsinə görə, ata uşağın anası ilə rəsmi nikahda olmadıqda belə, öz övladı qarşısında nikahda olan valideynlər kimi məsuliyyət daşıyır və ona aliment verməlidir».

Bunun üçünsə yenə də atalığın təsdiqlənməsi tələb olunur ki, yuxarıda qeyd olunduğu kimi bu da çox çətin prosesdir.

Hazırda Ailə Məcəlləsinin monitorinqinin aparıldığını bildirən millət vəkili müzakirələrdən sonra məcəlləyə sözügedən məsələ ilə bağlı dəyişiklik oluna biləcəyini də istisna etmədi.

UŞAQLARIN 12 FAİZİ NİKAHSIZ AİLƏLƏRDƏ DOĞULUR


Ortada hər hansı bir sənəd olmadığından, ölkə üzrə qeyri-rəsmi nikahların statistikasını aparmaq da çətindir. Bu rəqəmləri yalnız əhalinin ümumi siyahiyaalınması zamanı müəyyənləşdirmək olar. Özü də bir şərtlə ki, tərəflər nikahsız yaşadıqlarını etiraf etsinlər. Amma qeyri-rəsmi nikahdan doğulan körpələrin sayı onlara doğum haqqında şəhadətnamə verilən vaxt ayrıca qeyd olunur.

Dövlət Statistika Komitəsinin demoqrafiya şöbəsindən aldığımız məlumata görə, əgər 1990-cı ildə rəsmən ər-arvad hesab olunmayanların izdivacından doğulan uşaqların sayı 4800 nəfər idisə, 2007-ci ildə bu rəqəm 17 873-ə çatıb. Özü də həmin uşaqların 4696-ı yalnız ananın ərizəsi əsasında qeydə alınıb. Deməli, məhz bu qədər uşağın atası öz övladına sahib çıxmayıb. Ümumilikdə 2007-ci ildə nikahsız ailələrdə doğulan uşaqlar həmin il dünyaya göz açan bütün körpələrin 12 faizini təşkil edib. Ötən il isə Azərbaycanda doğulan 152 100 uşağın 18 421-i nikahsız ailələrdə dünyaya gəlib. Bu da 12 faizdən bir qədər artıqdır.

BƏLƏDİYYƏLƏRƏ DƏ NİKAH KƏSMƏK SƏLAHİYYƏTİ VERİLSİN?


Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin bölgələrdə apardığı tədqiqatlar da son illər ölkədə nikahsız ailələrin sayının artdığını təsdiqləyib və ortaya maraqlı faktlar çıxarıb.

Novella Cəfəroğlu
Cəmiyyətin sədri Novella Cəfəroğlunun sözlərinə görə, 3 il əvvəl apardıqları araşdırmalar zamanı Xaçmaz rayonunda nikahsız ailələrin 60 faiz (!) təşkil etdiyi üzə çıxıb. O da məlum olub ki, həmin rayonda 30, 40, 50 il bundan qabaq qurulan və hələ də nikahsız yaşayan ailələr var:

«Biz yerli hüquq müdafiəçisi Solmaz Mehdiya ilə birgə məsələni qaldırdıqdan sonra icra hakimiyyəti bu problemə diqqətini artırdı. Bu il aparılan araşdırmaya görə, nikahsız kəbinlərin sayı hardasa 30 faiz civarındadır».

N.Cəfəroğlu bu fikirdədir ki, qeyri-rəsmi ailələrin sayını azaltmaq üçün yerli idarəetmə orqanlarına gəncləri ər-arvad elan etmək səlahiyyəti verilməlidir:

«Məsələn, qonşu Türkiyədə bu təcrübə çox uğurlu nəticələr verir. Bu addım xüsusilə kənd yerlərində vəziyyətin düzəlməsinə kömək edə bilər. Çünki belə yerlərdə bələdiyyələr öz ərazisində yaşayan bütün sakinləri yaxından tanıyır, çox vaxt keçirilən toy mərasimlərində də qonaq qismində iştirak edirlər. Deməli, vəziyyətdən də xəbərdar olurlar».

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə bu durumdan çıxış yolunu əhali arasında rəsmi nikahın təbliğ olunmasında görür:

«Qızlarımız başa düşməlidirlər ki, nikah mərasimi şampan şərabı içib, əl çalmaqdan ötrü deyil və ailə qurarkən nikah bağlanmırsa, lap üç gün üç gecə toy eləsələr də bu vətəndaş nikahından heç nə ilə fərqlənmir. Onlar bilməlidirlər ki, ailə hüquqlarının qorunması üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması çox vacibdir».

Artıq bir neçə aydır ki, körpə qızı ilə sığınacaqda yaşayan Sevinc Məmmədova da başı daşdan daşa dəyəndən sonra rəsmi nikahın vacibliyini anlayıb. Amma indi əli heç yerə çatmır. Həftədə bir neçə saat qızını sığınacağın qonşuluğunda yaşayan xeyirxah insanlara etibar edib, kompyuter kursuna gedir ki, bəlkə gələcəkdə özünə iş tapıb, körpəsini dolandıra bildi:

«İstəyirəm işləyib qızıma yaxşı təhsil verim, savadlı insan kimi yetişdirim ki, mənim kimi ortalıqda qalmasın, öz ayaqlarının üstündə möhkəm dayansın».
XS
SM
MD
LG