Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:28

Parlamentdə bayraq söhbəti


Milli Məclis
Milli Məclis
«Bizim əlavəmiz ondan ibarətdir ki, başqa dövlətlərin bayraqlarının qaldırılmasını nəzərdə tutan konkret müddəalara – «müvafiq icra hakimiyyətinin müəyyən elədiyi digər yerlərdə» müddəası da artırılsın. Belə olsa, artıq məsələn, Şəhidlər Xiyabanında Türkiyə dövlətinin bayrağının qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti yaxud Nazirlər Kabineti qərar qəbul edə bilər. Bununla da bu cür hallar qanunla tənzimlənə bilər».

Bu, Müsavat deputat qrupunun adından danışan millət vəkili Pənah Hüseynin dedikləri idi. Qrup parlamentə «Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanuna əlavə edilməsi barədə layihə təqdim edib.

«BUNUN ZƏRƏRLİ NƏTİCƏLƏRİ OLA BİLƏR»

Oktyabrın 20-də Milli Məclisdə deputatlar İqbal Ağazadə, Cəmil Həsənli, Sabir Rüstəmxanlı və bəzi başqa millət vəkilləri son günlər Azərbaycanda Türkiyəyə qarşı baş verən hadisələrdən narahatçılıqlarını bildirdilər. Xüsusilə Şəhidlər Xiyabanında türk əsgərlərinin məzarı üzərindən Türkiyə bayrağının götürülməsini yolverilməz hal kimi dəyərləndirdilər.
Cəmil Həsənli
Deputat Cəmil Həsənli hesab edir ki, bütün bunlar, o cümlədən şəhid məzarları üzərindən bayrağın endirilməsi Azərbaycanın yaranmasında rolu olan Türkiyəyə qarşı aparılan təbliğatın təzahürüdür. Və bunun zərərli nəticələri ola bilər:

«Tərəflər arasında müəyyən mübahisələr yarana bilər. Ancaq bunu ümumxalq kampaniyasına çevirmək lazım deyildi. Biz sovet dövründə Türkiyə əleyhinə aparılan kampaniyaların taleyini gördük. Və həmin dövrdə yaranan problemi xalqın ürəyindən çıxartmaq ona görə mümkün oldu ki, o iş sovet ideologiyası rejimində aparılırdı. Bu gün yaranmasında Türkiyənin də rolu olan müstəqil dövlətimizdə xalqın şüuruna anti-türk kompaniyasının yeridilməsinin zərərli nəticələri ola bilər. Hökumətlər bir-biri ilə tez barışa bilirlər. Sonra bunu xalqın ictimai şüurundan çıxartmaq mümkün olmayacaq».

«TÜRKİYƏ İLƏ AZƏRBAYCANIN ARASINA GiRMƏK İSTƏYƏNİN DÜŞMƏNDƏN HEÇ BİR FƏRQİ YOXDUR»

Vitse-spiker Bahar Muradova isə deyilənlərlə razılaşmır. O hesab edir ki, məsələ parlament səviyyəsində şişirdilir. Azərbaycanda heç bir anti-türk kampaniyası aparılmır. O ki qaldı Türkiyə bayrağının Şəhidlər Xiyabanından götürülməsinə, bu, sadəcə Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanunun müvafiq müddəasının icrasıdır:

«Çox təəssüf ki, biz qanunlarımızı qəbul etdiyimiz gündən onun icrasına başlamırıq. Bəli, mən bu iradı qəbul edirəm.
Bahar Muradova
Gərək qanun qəbul edildiyi gündən biz bütün xarici dövlətlərin bayraqlarına eyni münasibəti sərgiləyəydik».

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının da götürüldüyünü xatırlatdı. Spiker Oqtay Əsədov isə hesab edir ki, Türkiyə ilə Azərbaycanın arasına girmək istəyənin düşməndən heç bir fərqi yoxdur. Amma Türkiyədə də Azərbaycan bayrağının zibil qabına yığılması azərbaycanlıların hissləri ilə oynamaqdır.

QANUNDA NƏ DEYİLİR?

«Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanun 2008-ci ildən qüvvədədir. Həmin qanunun 2 –ci maddəsində qeyd olunur ki, respublikada xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinin iqamətgahları üzərində, yüksək səviyyəli nümayəndə heyətinin ölkəyə səfəri zamanı müəyyən edilmiş yerlərdə, qeydiyyata alınmış gəmilər limanlarda dayanarkən həmin gəmilərdə, keçirilən beynəlxalq səviyyəli tədbirlərdə asıla və ya qaldırıla bilər.

Dövlət başçısı qanunun icrasına nəzarəti rəsmi olaraq Daxili İşlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırır. Bu barədə fərmanı prezident İlham Əliyev 2008-ci il mayın 7-də imzalayıb. Amma nədənsə onun
Elxan Şahinoğlu
Türkiyə bayrağına münasibətdə icrasının niyə 2009-cu ilin oktyabrına qədər ləngidiyini heç kim izah etmədi.

BAYRAQ YERİNƏ QAYTARILMASA…

«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Türk Şəhidliyindən bayrağın götürülməsinin 2008-ci ildən qüvvədə olan qanuna heç bir dəxli yoxdur:

«Necə olur ki, bu qanunun icrası Türkiyənin Bursa şəhərində keçirilən futbol matçından sonra yada düşür. Düzdür, Türkiyə də Bursada Azərbaycan bayrağını stadiona buraxmamaqda səhv addım atdı. Ona Azərbaycandan verilən cavab daha sərtdir».

Elxan Şahinoğlu hesab edir ki, bu məsələnin qanunla əlaqələndirilməsi sonra bayrağı yerinə qaytarmağa mane olacaq. Ona görə də Azərbaycan hökuməti geriyə addım atmalıdır. Çünki bayraq ora qaytarılmasa, bu, ikitərəfli münasibətlərdə böyük ləkə olacaq.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG