Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:42

AzadliqRadiosu «Dəmir pərdə»ni şarla dəlirdi


AzadliqRadiosunun əməkdaşları Çexoslovakiyaya vərəqələr daşıyacaq şarlar hazırlayırlar (1951)
AzadliqRadiosunun əməkdaşları Çexoslovakiyaya vərəqələr daşıyacaq şarlar hazırlayırlar (1951)
«Soyuq müharibə»nin əsas cəbhə xətti informasiyadan keçirdi. Qapalı sosialist dövlətləri cəmiyyəti ideoloji cəhətdən zərərli saydıqları məlumatlardan təcrid edirdilər.

Bu informasiya blokadasını yarmaq, sözünü dinləyicisinə çatdırmaq üçün AzadlıqRadiosu hər vasitədən, o cümlədən vərəqələrlə dolu hava şarlarından istifadə edirdi.

Almaniyada Berlin divarının yıxılmasının 20-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşırlar. Bu ərəfədə Azad Avropa Radiosunun «soyuq müharibə» illərinin «Dəmir pərdə»sinin sındırılması cəhdlərindən bəhs etmək yerinə düşərdi.

ABŞ ordusunun zabitlərindən olmuş Harbert A. Friedman öz əsərlərində 1950-ci illərdə radionun Mərkəzi və Şərqi Avropada apardığı «broşur kampaniyası» haqqında ətraflı məlumat verib.

Friedman yazır ki, broşur yaymaq İkinci Dünya Müharibəsindən sonra Qərblə Şərq arasında psixoloji müharibənin əsas vasitələrindən olub. 1951-ci ilin avqustundan 1956-cı ilin noyabrına qədər Qərbi Almaniyadan «dəmir pərdə»nin digər tərəfinə - Çexoslovakiya, Macarıstan və Polşaya 600 min ədədə yaxın iri şarla 300 milyondan çox broşur, poster, kitab və başqa çap məhsulları olan təbliğat materialları göndərilib.

Almaniyadan şarların buraxılması

ABŞ-ın intensiv təbliğatı çərçivəsində hazırlanıb şarlara bağlanaraq Şərqi Avropaya göndərilmiş broşurlarda kommunist rejimlərindən əziyyət çəkən vətəndaşlar mübarizəyə həvəsləndirilir, rejim və onun liderləri tənqid olunurdu. Broşurlarda dissident hərəkatları, insan haqları kampaniyaları haqqında məlumatlar verilir, Amerika xalqının Şərqi Avropa xalqları ilə həmrəyliyi ifadə olunurdu.

«Prospero» şərti adı altında aparılan kampaniyalardan birində Çexoslovakiyanın o zaman yeni dövriyyəyə buraxılan kağız pulunun oxşarı çap olunmuş, onun da üzərində təbliğat mesajları yazılaraq sərhədin o biri tərəfinə atılmışdı.

O zamankı Çexoslovakiyada kommunist rejimi bu kampaniyanı kəsməyə daha çox enerji və vaxt sərf etmişdi.

Rejim bu pulları daşıyan şarların qarşısı almaq üçün hərbi hava qüvvələrinin təyyarələrindən və təyyarə əleyhinə silahlardan istifadə etmişdi. Praqada və başqa şəhərlərdə polis səsgücləndirənlərlə vətəndaşlara xəbərdarlıq edirdi ki, bu pul surətlərini və broşurları qaytarıb onlara versinlər.

Azad Avropa Radiosunun bu şar kampaniyası əvvəl gözlənildiyindən daha uğurlu alınmışdı.

Çexoslovakiyanın yeni dövriyyəyə buraxılan pulunun oxşarı çap olunmuş, onun da üzərində təbliğat mesajları yazılaraq sərhədin o biri tərəfinə atılmışdı

Zorakı reaksiyalar, media hücumları bir nəticə verməyəndə kommunist rejimi kampaniyanı pozmaq üçün Almaniya şəhərlərinə casuslar göndərdi.

1954-cü ilin sonlarında çex casuslardan biri ələ keçmişdi. O, istintaqda demişdi ki, Tirschenreuth şəhəri yaxınlığında şar buraxılan məntəqəni yandırmaq tapşırığı alıbmış. Soruşanda ki, bəs, niyə silah gəzdirirdin? Cavab verib ki, məntəqəni yandıranda ona mane olan hər kəsi öldürmək də tapşırılıbmış.
XS
SM
MD
LG