Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

Azan kimi narahat edir?


Təzə Pir Məscidi
Təzə Pir Məscidi
Həftəsonu paytaxtın mərkəzində bir neçə məsciddə azanın səsgücləndiricilərlə verilməsinə qadağa qoyulub. Bəzi məscidlərdə azan çox zəif, bəzilərində isə ümumiyyətlə verilməyib.

Qafqaz Müsəlmanları İdarəsi hər hansı məsciddə azana qadağa qoyulmadığını bildirir. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhmə Dadaşovanın AzadlıqRadiosuna dediyinə görə, sadəcə bəzi yerlərdə insanların narahatlığı baxımından azanın səsinin azaldılması qərara alınıb.

AZANIN SƏSİ AŞAĞI SALINIB

«Buna görə də heç bir ajiotaj yaratmağa ehtiyac yoxdur, sadəcə bəzi məkanlarda ətrafda yaşayan insanların narahatlığını baxımından azanın səsi aşağı salınıb, amma azana qadağa qoyulmayıb».

Noyabrın 1-dən elə Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi Təzə Pir Məscidində də azanın səsi azaldılıb. Amma idarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məscidin ətrafında yaşayanlardan hər hansı bir şikayət gəlmədiyini deyir: «Şəxsən bizə şikayətlər olmayıb».

Əgər şikayət yoxdursa onda niyə azanın səsi aşağı salınıb? Bu suala Qafqaz Müsəlmanları İdarəsindən konkret cavab verən olmadı, sadəcə bildirdilər ki, hər şey qaydasında olacaq.

«BİZİ AZAN NARAHAT ETMİR»

Heç Təzə Pir və Hacı Soltanəli məscidləri ətrafında yaşayan sakinlərdən də bizə azan səsindən şikayətçi olan tapılmadı.

- Xanım bu ətrafda yaşayansınız?

- Bəli

- Azanın səsini azaldıblar deyirlər adamlar narahatdır, sizi narahat edirmi azan səsi?

- Yox. Azan namaza çağırışdı, orda bir narahatedici, qüsurlu bir şey görmürəm.

- Azanın səsi mane olurmu və ya uşaqlar üçün hər hansı narahatlığı varmı?

- Yox, bizə, uşaqlara mane olmur. Bəlkə biz bir az kənarda yaşayırıq ona görədir. Amma bizim azandan şikayətimiz yoxdur.

Başqa bir paytaxt sakini isə deyir:

- İndi kim kimə təsəlli verir. Azan olanda mən uşaqları səhər oyada bilirəm, saat bilmirəm tərsdir, ya düz uşaqlar qurdalayır, amma azan, azandır.

- Çoxdanmı burda yaşayırsınız?

- Düz 42 ildir burda yaşayırıq.

Sonuncu həmsöhbətim Nəsibə xala deyir yəqin yenə də adamların adından istifadə edib, azanın səsini aşağı salmaq və ya ümumiyyətlə kəsmək istəyirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov
Təzə Pir Məscidində azanın səsinin ətrafdakıların narazılığı ilə əlaqələndirsələr də, həmin məsciddən o qədər də uzaq olmayan Hacı Soltanəli məscidində isə hər gün canlı azan verildiyi üçün onlara hər hansı xəbərdarlıq olunmadığını dedilər. Məscidin axundlarından birinin dediyinə görə, bir neçə gün əvvəl Yasamal Rayon İcra Hakimiyyətindən gəlib azanın səsgücləndiricilərlə verilib-verilmədiyilə maraqlanıblar.

Amma Yasamal Rayon İcra Hakimiyyətindən bu məlumatları təsdiqləmədilər. İcra hakimiyyəti mətbuat xidmətinin rəhbəri Vaqif Məmmədov bu barədə bütün suallara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən cavab almağımızı məsləhət gördü.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə təsdiqləyir ki, məscidlərə azanın səsgücləndiricilər olmadan verilməsini tövsiyə edib. Qurumun şöbə müdiri Gündüz İsmayılov «Media Forum» saytına açıqlamasında belə deyib. Gündüz İsmayılov azana qadağa qoyulması barədə məlumatların düzgün olmadığını bildirib. Onun sözlərinə görə, Dövlət Komitəsi məscidlərə yalnız azanın səsgücləndiricilər olmadan verilməsini tövsiyə edib. Bunun da səbəbi son illər azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsi və əhalidən bununla bağlı çoxlu şikayətin daxil olmasıdır.

«AZANA QADAĞA HAKİMİYYƏTDƏKİ HANSISA QOLUN İŞİDİR»

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu azana qadağa qoyulması və ümumiyyətlə azanla bağlı məsələlərin hakimiyyətin rəsmi mövqeyi olduğuna inanmır. Onun sözlərinə görə, hələ 2007-ci ildə azana qadağa qoyulanda prezident məsələyə müdaxilə edib problemi aradan qaldırdı. Bu baxımdan da İlqar İbrahimoğlu azana qadağanın hakimiyyət qollarının birindən gələn qadağa hesab edir:

«İki ildən sonra azanla bağlı məmurların yaratdığı problem başa düşülən deyil. Bu deyəsən İslam Mədəniyyəti paytaxtında edilənlərin sonuncusudur. Bu hökumət içində hansısa bir qrupun mövqeyidir».

Dini məsələlər üzrə ekspert Elşad Miri də azanın səs gücləndiricilərlə verilməsinə qadağa qoyulmasını absurd məsələ sayır: «Səsgücləndiricini qadağan ediriksə, onda gərək məscidlərin minarələrini də sökək. Peyğəmbər dövründə məscidlər minarəsiz olub».
XS
SM
MD
LG