Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

«Bizdə hələ H1N1 virusu dövr eləmir…»


Ukrayna, Rusiya və Türkiyədə H1N1 virusundan ölənlərin sayı artdıqca Azərbaycanda da əhalinin təşvişi artır
Ukrayna, Rusiya və Türkiyədə H1N1 virusundan ölənlərin sayı artdıqca Azərbaycanda da əhalinin təşvişi artır
« - Bu xəstəlik artıq fəlakət həddindədir, şəxsən mən çox qorxuram...
- Bu xəstəlik məni çox qorxudur, ancaq mən daha çox qorxudan hələ də bu xəstəlik haqqında bizə kifayət qədər məlumatlar verilməməsiylə bağlıdır.
- Mənə elə gəlir ki, bizdə də həmin o ölkələrdə olduğu kimi «donuz qripi» var, sadəcə bu haqda məlumat vermirlər.
- Gərək üzümüzə maska taxaq, mən bilən bu xəstəlik sürətlə yayılır»

TƏHLÜKƏ HƏMİŞƏ VAR

Ukrayna, Rusiya və Türkiyədə H1N1 virusundan ölənlərin sayı artdıqca Azərbaycanda da əhalinin təşvişi artır. Ancaq Səhiyyə Nazirliyinin rəsmiləri deyirlər ki, virus Azərbaycanda təhlükəli həddə deyil. Nazirliyin Sanitariya və Epidemiologiya İdarəsinin rəhbəri Viktor Qasımov deyir ki, ona görə də küçədə xüsusi maskayla gəzməyə hələ ehtiyac yoxdur:

«Maskalardan epidemioloji vəziyyət ağırlaşanda istifadə oluna bilər. Bizdə nəinki o hədd yoxdur, bizdə hələ H1N1 virusu dövr də eləmir. Ona görə də maskalardan istifadə etmək üçün real göstəriş yoxdur».

NOYABRIN AXIRI 170 MİN VAKSİN GƏLİR


Viktor Qasımov deyir ki, noyabrın sonlarında Azərbaycana 170 min vaksin gətiriləcək:

«170 minə yaxın doza vaksin daxil olmalıdır. Qruplar da hazırda müəyyənləşdirilir. Nəzarət isə güclüdür. Xəstələr müayinədən keçir, lazım gələrsə, xəstəxana yerləşdirilir. Eyni zamanda şübhəli şəxslərdən də laborator müayinə üçün nümunələr götürülür».

HƏKİMLƏR ASSOSİASİYASI DA NARAHATDIR

Azərbaycan Həkimlər Assosiasiyasının rəhbəri Qalib Əliyev isə deyir ki, hökumət təxirəsalınmaz tədbirlər görməlidir:

Şair Qurbanov
«Dövlət tərəfindən proqram təsdiq olunub. Ancaq bu proqramı işə salmaq lazımdır. Bir də KİV-də bu virusa qarşı təbliğat kampaniyası təşkil olunmayıb. Narahatlığımız bunlarla bağlıdır».

Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov isə deyir ki, virusun geniş yayıldığı ölkələrlə gediş-gəliş əlaqələri sıx olduğundan təhlükə böyükdür:

«Ukrayna, Rusiya və Türkiyə ilə əlaqələr çox intensivdir. Gündə minlərlə adam sərhədi o tərəf-bu tərəfə keçir. Ona görə bu qorxu yaradır. Bunu nəzərə alıb gücləndirilmiş iş rejimində işləyirik».

XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ NƏDİR VƏ NECƏ QORUNMALI?

Şair Qurbanov deyir ki, bu xəstəlik adi qripdən heç nəylə fərqlənmir. Burda da yüksək hərarət, baş ağrıları, tənəffüs yollarının iltihabı, öskürmə, asqırma, bədəndə əzginlik olur. Özündə bu əlamətləri hiss edənlər, dərsə, işə, kütləvi yerlərə getməməlidir:

«Kütləvi yerlərə getməkdən, öpüşməkdən, əllə görüşməkdən çəkinmək lazımdır. Çünki bu xəstəlik ünsiyyət və hava yoluyla keçir. Əllər tez-tez yuyulmalıdır, əllərini yumalıdırlar. Xəstə adam maska taxsa, xəstəliyin yayılmasının qarşısını almaq olar. Əgər evdə xəstə varsa, ailə üzvləri ondan bir metr aralıda olmalıdır. Onunla ünsiyyət vacibdirsə, ailə üzvləri maska taxsınlar, təcili həkim çağırsınlar».

«ÖZÜNDƏN ŞÜBHƏLƏNİRSƏNSƏ, HƏKİMƏ GET»

Viktor Qasımovsa deyir ki, donuz qripinin əlamətləri adi qripə çox oxşadığından xəstəlik hiss olunan kimi həkimə müraciət etmək lazımdır. Diaqnozu isə yalnız həkim laborator analizlərdən sonra qoya bilər:

«Başqa cür o diaqnoz qoyula bilməz. Poliklinikada əlamətlərə baxılır, əgər simptomları oxşardırsa, onda nümunə götürüb laborator müayinəyə göndərilir. Yalnız laborator müayinədən sonra o diaqnozu qoymaq olar».

Səhiyyə Nazirliyi bu xəstələr üçün Ağciyər Xəstəlikləri İnstitutunu və 7 saylı uşaq yoluxucu xəstəxanasını ayırıb.

Azərbaycanda H1N1 virusu iyul ayında iki nəfərdə tapılmışdı. Onlar müalicə olunandan sonra sağalmışdılar. Səhiyyə Nazirliyindən deyirlər ki, hazırda Azərbaycanda bu virusun daşıyıcısı yoxdur.
XS
SM
MD
LG