Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:04

Astarada bələdiyyə seçkiləri Müsavatsız keçiriləcək


Nəcibəddin Məmmədov
Nəcibəddin Məmmədov
«Bələdiyyə seçkilərinə qatılmaq üçün 9 nəfərin imza vərəqəsini 77 saylı Astara Dairə Seçki Komissiyasından (DSK) götürmüşük. Bunlardan iki nəfəri Müsavat partiyasının üzvüdür. Qalanları bitərəfdir». Bunu AzadlıqRadiosuna Müsavat partiyasının Astara rayon təşkilatının üzvü Nəcibəddin Məmmədov deyib.

O, daha sonra bildirib ki, imza vərəqələrini noyabrın 6-da götürüblər. Müsavat partiyasının rayon təşkilatı tərəfindən 5 bələdiyyəyə namizəd irəli sürmək üçün imza yığımı kompaniyasına başlayan gündən problemlər meydana gəlib. Müsavatın siyahısında olan Astara rayonun Rüdəkənar kənd sakini Vüqar Hacızadəyə deyiblər ki, namizədliyindən imtina etsin. V.Hacızadə İrana viza ilə getmək istəyib, onu sərhəddən buraxmayıblar. Ona deyiblər ki, imza vərəqələrindən imtina edəndən sonra İrana buraxılacaq.

Müsavatın siyahısında olan Astara şəhər sakini Sücaət Mirzəyev də təzyiqlərə məruz qaldığını deyir. Onu icra hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi Ədalət Kazımov yanına çağırıb. S.Mirzəyev: «Məndən soruşdu ki, Müsavat partiyasının üzvüsən? Mən ona dedim ki, xeyir. Müsavatçılarla hərdən çay içirəm, həm də «Yeni Müsavat» qəzetini oxuyuram. Bir kağız götürüb yazdım ki, Müsavat partiyasının üzvü deyiləm. Kağızı ona verdim. İndi namizədlikdən imtina edirəm. Demişəm ki, məni Müsavatın siyahısından çıxartsınlar».

Nəcibəddin Məmmədovun dediklərinə görə, S.Mirzəyev televizor ustasıdır. Astara şəhərində emalatxanası var. Qorxur ki, emalatxana əlindən çıxsın.

Müsavatın siyahısında olan Astara şəhər sakini İsmayıl Bayramov da ilk gündən qohumların tənqidlərinə tuş gəlib. Yaxın qohumlarında biri, bələdiyyə işçisi ona deyib ki, imza vərəqələrindən imtina etməsə başı ağrıyar. Sonra o, Astara Rayon İcra Hakimiyyəti aparatına çağırılıb. Orada telefonla Astara rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Natiq İbadovla danışıb. N.İbadov da ona eyni sualları verib. Müsavatın siyahısından çıxmağı ona təklif edib.

İ.Bayramov: «N.İbadov mənə dedi ki, Müsavatın siyahısından çıxsan səni seçdirərik. Ya da namizədliyini bitərəf kimi ver. Onunla razılaşmadım. Sona kimi mübarizəmi davam etdirəcəyəm».

Rayon icra hakimiyyətinin Astara şəhəri üzrə nümayəndəsi Ədalət Kazımovla görüşdük. Baş verənlərə aydınlıq gətirilməsini xahiş etdik. Ə.Kazımov: «Siz orda olmusunuzmu? Olmamısınız. Deməli belə bir iş olmayıb».

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Natiq İbadov da deyilənlərin həqiqət olmadığını söylədi.

77 saylı Astara Dairə Seçki Komissiyasının sədri Hikmət Əkbərov onlara 6 şikayət ərizəsi daxil olduğunu söylədi. Onun dediyinə görə bu altı nəfər ərizələrində göstərirlər ki, onların xəbəri olmadan adları Müsavat partiyasının siyahısına yazılıb. Onlar namizədlikdən imtina ediblər.

H.Əkbərov: «Dairədən 270 nəfər imza vərəqələrini götürüb. Bunların 227 nəfərin namizədliyi qeydə alınıb. Məlumatlar müntəzəm olaraq Mərkəzi Seçki Komissiyasına ötürülür. Sizi nə maraqlandırırsa MSK-nın mətbuat xidmətinə müraciət edin».

Müsavat partiyasının rayon təşkilatın nümayəndəsi N.Məmmədovun sözlərinə görə təzyiq nəticəsində 3 nəfər namizədlikdən imtina edib. Lakin onlar DSK-ya ərizə verməyiblər. Sadəcə imza vərəqələrini doldurmayıblar. O deyir ki, rayonun tarixində müxalifət partiyalarından cəmi iki nəfəri bələdiyyə üzvü olub. Sonuncu bələdiyyə seçkisində isə Müsavatdan bir nəfər də olsun «maneələri» aşa bilməyib.

77 saylı Astara Dairə Seçki Komissiyasının katibi Gülhəsən Mirzəyev deyir ki, bələdiyyə seçkilərində hakim YAP-la yanaşı, Vətəndaş Həmrəyliyi və Böyük Quruluş partiyalarının da təmsilçiləri iştirak edəcəklər.
XS
SM
MD
LG