Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

Müsəlman qadını öldürənə ən ağır cəza verildi


Aleks Vinsin məhkəməsi, 10 noyabr 2009
Aleks Vinsin məhkəməsi, 10 noyabr 2009
Bir anlıq təsəvvür edin ki, anasınız, uşağınızı oyun meydançasına aparmısınız. Orda uşaq yelləncəyində oturan gəncdən xahiş edirsiz ki, mümkündürsə dursun, uşaqlar yellənmək istəyir.

Bunun qarşılığında o kişi sizin üstünüzə qışqırır. Başınızdakı hicaba işarə vuraraq, sizi islamist, terrorçu və fahişə adlandırır.

Bu əhvalat Almaniyada, Drezden şəhərində uşağını oynamağa çıxaran misirli Mərvə əl-Şirbinin başına gəlib.

Mərvə polisə şikayət edib. Polis bu təhqirlərə yol verən 28 yaşlı Aleksandr Vinsi 780 avro cərimə edib.

Amma əhvalat bununla bitmir.

Vinsə verilən bu cəzanı az görən əl-Şirbini və əri məhkəməyə müraciət edirlər. İyulun 31-dəki məhkəmədə Aleksandr Vins zala gətirdiyi 18 sm uzunluğundakı mətbəx bıçağını çıxarıb qadına qəfildən hücum edir və 16 dəfə onu bıçaqlayır. Bətnində üçaylıq körpəsiylə hamilə olan əl-Şirbini həlak olur.

Türkiyədə etiraz aksiyası
Vins xanımını müdafiə etmək istəyən əl-Şirbininin ərini – Əlvi Okazı da bıçaqlayır. Üstəlik, polis hücum edən şəxsin əl-Şirbinin əri olduğunu düşünüb, hücum edəni yox, misirli qadının ərini ayağından vurur. Əlvi Okazın aldığı yaralardan nə vaxtsa başqasının köməyi olmadan gəzə bilib-bilməyəcəyi sual altındadır.

Misir, İran və bir çox ölkələrdə bu hadisəni eşidən minlərlə müsəlman Almaniya səfirlikləri qarşısında etiraz aksiyaları keçirir. İranda Vinsin ölümünə fitva verilir. Almaniya kansleri Angela Merkel Misir prezidenti Hüsnü Mübarəkə başsağlığı verir, amma ictimaiyyət üçün açıqlama vermir.

Aleksandr Vins məhkəmə zalına qara maska və eynəkdə gəlir, xaricilərə nifrət etdiyini və peşmançılıq hissi keçirmədiyini deyir. Baxmayaraq ki, Vins elə özü də Almaniyaya gəlmədir. Əsl adı Aleksandr Yeqoroviç Nelsin olan Vins Rusiyada, Permdə doğulub, Qazaxıstanda anasıyla yaşayıb. Almaniyaya 2003-cü ildə, əl-Şirbinidən cəmi bir il əvvəl gəlib.

Prosesin sonunda, noyabrın 9-da prokuror müttəhimə ən ağır cəza – ömürlük həbs cəzası tələb edib.

Ancaq Rusiya Baş Prokurorluğundan gələn məktubda Aleksandr Vinsin şizofreniyadan əziyyət çəkdiyi bildirilir. Müdafiə tərəfi bu üzdən Vinsin qətli törədərkən anlaqlı olmadığını iddia edir, cəzasının yüngülləşdirilməsini istəyib. Ancaq məhkəmə noyabrın 11-də bu vəsatətləri qəbul etməyib və Vinsə ömürlük həbs cəzası verib.
XS
SM
MD
LG