Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:12

«Susmaq qorxudan daha əzablıdır»


Hikmət Hacızadə
Hikmət Hacızadə
«FAR» İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi fəal və tanınmış politoloq Hikmət Hacızadə AzadlıqRadiosuna müsahibə verib. O, noyabrın 11-də 2 il azadlıqdan məhrum edilmiş oğlu Adnan Hacızadənin həbsinə və bir sıra başqa məsələlərə münasibət bildirb. Müsahibəni təqdim edirik:

- Hikmət bəy, uzun bir mübarizə yolu keçmisiniz. Oğlunuz Adnanın həbsinin sizin siyasi fəaliyyətlə hansısa bağlılığı varmı?


- Mənim durumumda olan normal insan düşünür ki, zərbə ala bilər. Mən tək deyiləm ki…Bu işin ailəmə zərər gətirə biləcəyini düşünmüşəm. O qədər adamı incidiblər, qohumlarına təzyiqlər göstəriblər. Adnanın həbsinə gəlincə isə, deyim ki, bu məsələdə mənim iştirakım 10 faizdir. Eminlə Adnanı öz düşüncələrinə, ictimai fəallıqlarına görə həbs ediblər.

«ONLAR DAHA SƏMİMİ İDİLƏR»

- SSRİ-nin süquta uğraması sizin gözlərinizin qarşısında baş verib. SSRİ və indiki Azərbaycan hakimiyyətinin mübarizə metodları arasında fərq nədədir?

- Birincisi, indi durum daha yumşaqdır. Ola bilər ki, bununla bəziləri razılaşmasın. Ancaq bu günü 70-ci illərin repressiya və sürgünləri ilə müqayisə etmək olmaz. Hətta 80-ci illərin başlanğıcında da çox böyük qəddarlıqlar edirdilər. Ancaq onlar daha səmimi idilər. Rejim açıq şəkildə bildirirdi ki, sizi antisovet düşüncə tərzinizə görə cəzalandırırıq. Azərbaycan hakimiyyəti isə siyasi rəqiblərini gah döydürür, gah ciblərinə silah, narkotik vasitələr atır, gah da başqa qalmaqallar törədir. Bir sözlə, teatr qururlar. Fərq bundadır. Məqsəd isə özgəfikirliliyin qarşısını almaq, insanları, tənqidi fikirləri susdurmaqdır.

«KİM Kİ, SUSA BİLMİR, O, DANIŞACAQ»

- «Monitor»un baş redaktoru Elmar Hüseynov öldürüləndən sonra müxalifətçi yazarlar bildirirdilər ki, onlarda daxili senzura əmələ gəlib. Sizcə, Adnanla Eminin həbsi Azərbaycanda fərqli düşünən gənclərə necə təsir göstərəcək?


- Adətən belə faktlardan sonra istənilən insanın içərisinə qorxu dolur. Mən özüm nə qədər belə dəhşətli böhtanlar, şərtlər görsəm də hər dəfə ürəyimə qorxu, soyuq dolub. Düşünmüşəm ki, artıq bu yoldan çəkilmək zamanıdır, mübarizənin mənası yoxdur. Ancaq bir müddət sonra o qorxu keçib. İnsanın təbiəti başqa mexanizmləri işə salır və sən susa bilmirsən, sənin susmağın sənə qorxudan daha çox əzab verir. Susmaq təhlükədən daha əzablı olur. O zaman insan yenidən danışmağa, işləməyə başlayır. Bu dəfə də elə olacaq. Ola bilər ki, kimsə çətinlik çəkəcək, qorxacaq, kənara çəkiləcək. Əksəriyyət isə mən inanıram ki, yenidən mübarizəni davam etdirəcək. Kim ki, susa bilmir, o, danışacaq.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG