Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:53

Keçmiş «OMON»çular niyə azadlığa buraxılmırlar?


Səfa Poladov və Arif Kazımov
Səfa Poladov və Arif Kazımov
«17 nəfərlik pilot siyahı olub, Avropa Şurası Azərbaycanda ilk olaraq bu 17 nəfəri siyasi məhbus kimi tanıyıb. Onlardan da 3-ü – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur. Elçin Qazax «OMON»un komandiri, Səfa ilə Arif isə sıravi əsgərlər, polislər olublar. Həmin siyahıda İsgəndər Həmidov, Surət Hüseynov, Əlikram Hümbətov və bir çoxlarının adları olub, onların hamısı azadlıqdadır, həmin siyahıdan yalnız bu adamlar qalib».

Arif Kazımov və Səfa Poladovun hüquqlarını təmsil edən Həbibə Abdulla AzadlıqRadiosuna belə deyir. O bildirir ki, keçmiş «OMON»çularla (Xüsusi Təyinatlı Polis Dəstəsi) eyni vaxtda həbs olunanların çoxu azadlıqdadır.

«HƏBSDƏ 9 «OMON»ÇU QALIB»

Ancaq siyasi məhbus hesab edilən bu şəxslər 13 ildən çoxdur həbsdə yatır. Avropa Şurası «OMON»çuların azadlığa buraxılması ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət edib. Həbibə Abdullanın sözlərinə görə, «OMON»çular Şura tərəfindən tanınan Azərbaycanın ilk siyasi məhbuslarındandır.

İnsan Hüquqları Müdafiə Təşkilatları Federasiyasına daxil olan hüquq müdafiəçisi Leyla Yunus 1995-ci ilin mart hadisələri zamanı həbs olunan «OMON»çuların əksəriyyətinin azadlığa çıxdığını deyir. Federasiyanın məlumatına görə, həbsdə 9 «OMON»çu qalmaqdadır:

Leyla Yunus: «Adı siyasi məhbus siyahısında olanlardan çoxu işlərini Avropa Məhkəməsinə kimi aparıblar. Əlbəttə, Azərbaycan iqtidarı yaxşı başa düşürdü ki, tələb olacaq ki, onları buraxsınlar. Ona görə onları əvvəlcədən buraxıblar. Burada Avropa Məhkəməsinin müraciəti əsas rol oynayıb».

«OMON»çularla bağlı 2004-cü ildə təkrar məhkəmə keçirilsə də, onlar haqda qanunsuz silahlı birləşmələrdə iştirak, dövlətə xəyanət ittihamları dəyişdirilməyib.

«YAXIN VAXTLARDA ƏFV FƏRMANI VERİLƏ BİLƏR»

Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, yaxın vaxtlarda əfv fərmanı verilə bilər. Belə olacağı təqdirdə güman etmək olar ki, Arif Kazımov və Səfa Poladov da azadlığa çıxsın:

Çingiz Qənizadə: «Namaz qılırlar, özlərini nümunəvi aparırlar, heç bir qruplaşmaya qoşulmayıblar. Bu, onların tamamilə islah olunduqlarını göstərir».

«QƏRB İNSAN HAQLARI MƏSƏLƏSİNDƏN ÖLKƏLƏRƏ TƏZYİQ VASİTƏSİ KİMİ İSTİFADƏ EDİR»

Ancaq «OMON»çuların da aid edildiyi siyasi məhbus termini ilə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov razılaşmır. O, ölkədə bu sahədə problemin olduğunu inkar etməsə də deyir ki, Qərb insan haqları məsələsindən ölkələrə təzyiq vasitəsi kimi istifadə edir:

Səməd Seyidov: «Xeyli insanlar azadlığa buraxılıb. O cümlədən Avropa Şurasının siyahısında olanlar. Bu onu göstərir ki, biz əməkdaşlıq etməyə, konstruktiv olmağa hazır olmuşuq və olacağıq. Ancaq heç bir Avropa Şurasının, yaxud hər hansı baş təşkilatın təhdidi ilə, təzyiqi ilə, təklifi ilə bu məsələlər edilmir».

Arif Kazımov və Səfa Poladovun hüquqlarının təmsilçisi Həbibə Abdullanın fikrincə isə, «OMON»çuların hələ də həbsdə qalması müəmmalıdır. O da ümid edir ki, sonuncu «OMON»çular 2010-cu ilə kimi prezidentin əfvi ilə azadlığa buraxılacaq.

ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında deyilirdi ki, Azərbaycan məhbəslərində 60-a yaxın siyasi məhbus saxlanır. Hər halda hüquq müdafiəçiləri bildirirlər ki, Avropa Şurasına qəbul olunarkən Azərbaycanda 716 siyasi məhbus olub, həmin siyahıdan hazırda 27 nəfər həbsdədir.
XS
SM
MD
LG