Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:00

Ramiz Mehdiyevin məqaləsinə reaksiyalar


Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin Azərbaycanın ictimai-siyasi həyatındakı bir sıra problemlərə dair son məqaləsi müxtəlif cür dəyərləndirilir.

«RAMİZ MÜƏLLİMİN İRADLARI TAMAMİLƏ ƏSASLIDIR»

Məsələn, politoloq Rasim Musabəyov deyir ki, Azərbaycanda elmin vəziyyəti bərbaddır:

Rasim Musabəyov
«Vaxtilə sovet dövründə toplanan potensialdan indiyədək texniki sahədə istifadə edirik. Ancaq belə getsə, biz bir mühəndis tapa bilməyəcəyik ki, kanalizasiyamızla məşğul olsun. Bu, bir çox insanlar üçün faciə ilə nəticələnəcək. Ona görə yox ki, elektrik enerjimiz çatmır, ona görə ki, onu xətlərə düzgün istismar etmək üçün insanlarımız olmayacaq».

Rasim Musabəyov bildirir ki, bu, təkcə elmin problemi deyil, eyni zamanda institutlarda çox aşağı səviyyədə aparılan hazırlıqdır:

«O ki qaldı ictimai elmlərə - hüquqşünaslar, siyasətşünaslar və s. - onlar sovet dövrünün ideologiyasının məhsuludur, onları yeni bir bünövrədə hazırlamaq lazımdır. Təəssüflər olsun ki, biz bu ictimai elmlərin yolundan kənara çıxması üçün nə kifayət səy göstərmişik, nə də nəticə əldə etmişik. Bu baxımdan Ramiz müəllimin iradları tamamilə əsaslıdır».

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, məqalə son dərəcə bəsit yazılıb. O bildirir ki, gözü məqalədəki «elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətləri müasir tələblərdən xeyli aşağıdır»
İsa Qəmbər
sözünə sataşan kimi yazıya marağı sıfıra enib:

«BU, ÇOX GÜLMƏLİDİR»

- Ramiz Mehdiyevin əksər yazıları aşağı keyfiyyətli kompreativ yazılardır. Savadlı adamlar bilir ki, «analitik» sözü də, «təhlil» sözü də eyni mənanı daşıyır. Bu təxminən suyun yaş olmasını demək kimi bir şeydir. Mehdiyev hakimiyyətin sadaladığı problemləri sadalayır, sonra da sözarası bu işlərdə özlərindən 16 il öncə hakimiyyətdə olan qüvvələri suçlamağa cəhd göstərir. Bu, çox gülməlidir. 16 il hakimiyyətdə olsalar da problemləri çözə bilmədiklərini etiraf edirlər. Yazıda xeyli ziddiyyətli məqamlar var. Özlərinin fəaliyyətlərini tərifləyirlər, sonra da yazırlar ki, Prezident Administrasiyasında işləməyə kadr tapa bilmirlər. Əgər Prezident Administrasiyasında işləməyə savadlı kadr tapa bilmirlərsə, demək təhsilin, elmin bügünkü səviyyəsinə görə kim günahkardır? Buna görə hakimiyyətin başında duran İlham Əliyev, Ramiz Mehdiyev məsuliyyət daşımır?

Müsavat başqanı deyir ki, bu tip məqalələri yersiz sayır. Hakimiyyət sadalanan problemləri çözməlidir.
Şahvələd Çobanoğlu
Bacarmırsa, yerini xalqın seçdiyi başqa hakimiyyətə verməlidir.

«RAMİZ MEHDİYEVDƏN SORUŞMAQ GƏRƏKDİR Kİ, BU ÖLKƏDƏ YAXŞI NƏSƏ VARMI?»

Köşə yazarı Şahvələd Çobanoğlu isə düşünür ki, Ramiz Mehdiyevin saydığı problemlər doğrudan da var. Ancaq bu, hamısı deyil:

- Ramiz Mehdiyevdən soruşmaq gərəkdir ki, bu ölkədə yaxşı nəsə varmı? Məgər onun sadaladıqları bu hakimiyyətin özünün yaratdığı problemlər, hakimiyyətin yürütdüyü siyasətin nəticələri deyil? Bir ölkədə yaxşı əsər yazılmaya da bilər, böyük riyazi kəşflər yaranmaya da bilər. Bəs ətrafı bürüyən rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı? Bunların məsuliyyəti kimin üzərindədir? Bunlar YAP hakimiyyətinin yanlış və ziyanlı idarəçiliyinin yaratdığı problemlər deyil? Azərbaycan bu hakimiyyətin siyasəti nəticəsində elə bir yerə gedir ki, balaca işıltılar, xəfif yaxşılıqlar belə sönmək üzrədir. Dünyada sınaqdan çıxmış, xalqları tərəqqiyə qovuşduran yolları qoyub, keçmişdə xalqları zillətə aparan yolları təbliğ eləməyin mənası nədir? Bu ölkədə bütün problemlərin ən böyüyü
Zəfər Quliyev
Ramiz Mehdiyevin də başçılıq etdiyi Azərbaycan hakimiyyətidir.

ŞƏXSİ İDDİALAR

Siyasi şərhçi Zəfər Quliyev isə düşünür ki, Ramiz Mehdiyev yenə də ötən dəfəki məqalələrində olduğu kimi, şəxsi iddialarını ortaya qoyub:

- O, özünü yazılarda hər şeydən xəbərdar və bütün problemlərin açarını bilirmiş kimi göstərməyə çalışır. Əslində isə bu insanın təfəkküründə ideoloji dəyərlər məzəli formada qarışıb. Həm sovet dönəminə məxsus idarəetmə metodları, həm demokratik dəyərlər, həm konservatizmlə liberalizm, həm sosializmlə kapitalizm onun fikirlərində qarışır. Sanki o, Şimali Koreya ilə Cənubi Koreyanın təcrübəsini sintez edib ortaya variant qoymaq istəyir. Ancaq sonluq çox uğursuz alınır.

Zəfər Quliyev deyir ki, Ramiz Mehdiyev hakimiyyət komandasına başçılıq etdiyindən onun bu xaotik dəst-xəttini Azərbaycan siyasətində asanlıqla görmək mümkündür.

RAMİZ MEHDİYEVİN TEZİSLƏRİ İLƏ BURADA TANIŞ OLA BİLƏRSİZ
XS
SM
MD
LG