Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:07

Vilayət Quliyev: «İstərdim ki, belə konfranslar Azərbaycanda da keçirilsin»


Vilayət Quliyev
Vilayət Quliyev
Polşanın Varşava universitetində keçirilən Qreqol Peradze adına VIII Beynəlxalq Qafqazşünaslıq konfransı başa çatıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş konfrans barədə daha geniş bilgi almaq üçün Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevə telefon açdıq. Onunla atüstü müsahibəni həm dinləyə, həm oxuya bilərsiniz.

S.İ.: Vilayət bəy, lütfən, konfrans barədə bizi bilgiləndirin. Nə vaxtdan, kimin şərəfinə keçirilir?

V.Q.: 8-ci dəfədir keçirilir. 2001-ci ildən başlayıb. II Dünya Müharibəsindən əvvəl Varşava Universitetinin professoru olmuş gürcü alimi və din xadimi Qreqol Peradzenin xatirəsinə həsr olunub. Qreqol Peradze 20-ci illərdə Gürcüstandan gəlib. Burada məşhurlaşıb. Almanlar Varşavanı ələ keçirəndə, onu Osvensim ölüm düşərgəsinə salıblar. Orada da həlak olub. Q. Peradzenin Qafqazşünaslıqla bağlı böyük irsi qalıb. Varşava universiteti nəzdindəki Şərqi Avropa Tədqiqatları Mərkəzi 2001-ci ildə onun xatirəsinə illik Beynəlxalq Qafqazşünaslıq konfransı keçirməyi qərara alıb. VIII konfrans bu il baş tutdu.

S.İ.: Builki konfransı M.Ə.Rəsulzadəyə həsr etmək təşəbbüsü kimdən gəldi?

V.Q.: Konfrans son illər Qafqaz xalqlarının yetişdirdiyi görkəmli şəxsiyyətlərə həsr olunurdu. Əvvəlcə problemlərdən danışılırdı. Məsələn, Qafqaz Albaniyasının tədqiqi problemlərinə həsr olunan konfrans olmuşdu. Başqa bir il Qafqazdakı vəziyyət və Polşanın bu regiondakı mövqeyi məsələsi müzakirə olunmuşdu. Son illər konkret şəxsiyyətlər önə çıxdı. Varşava universiteti bu il M.Ə.Rəsulzadənin 125 illiyini, onun təxminən 5 il Varşavada yaşamasını, ictimai-siyasi fəaliyyətini, polyak mətbuatındakı çıxışlarını, «Prometey» hərəkatındakı aparıcı rolunu və s. nəzərə alaraq Qafqazşünaslıq konfransını ona həsr etmək qərarına gəldi.

S.İ.: Konfrans harada keçirildi?

V.Q.: Varşava universitetinin əsas akt zalında təntənəli açılş oldu. Mərasimə universitetin rektoru, aparıcı qafqazşünas alimlər, tarixçilər qatıldılar. İştirakçıların coğrafiyası kifayət qədər geniş idi. Azərbaycandan, Gürcüstandan, Türkiyədən, Almaniyadan, Fransadan, ABŞ-dan gələn alimlər vardı.

S.İ.: Kimlər çıxış etdilər?

V.Q.: İlk plenar iclasda tanınmış Azərbaycanşünas alim Kolumbiya universitetinin professoru Tadeuş Svyatoxovskinin çıxışı nəzərdə tutulmuşdu. Amma o xəstə olduğuna görə, Polşaya gələ bilməmişdi. Əvəzində, çıxışının mətni yayıldı.

Varşava universitetinin rektorunun açılış sözündən sonra, Azərbaycanın Polşadakı səfiri kimi mən təşəkkür nitqi ilə çıxış etdim. M.Ə.Rəsulzadənin XX əsr Azərbaycanının ictimai-siyasi fəaliyyətindəki roluna, dövlət quruculuğundakı xidmətlərinə toxundum. Şərqi Avropa Tədqiqatlar Mərkəzinin direktoru professor Yan Malitski «M.Ə.Rəsulzadə və Prometeizm hərəkatı» barədə məruzə ilə çıxış etdi. Zaur Qasımov adlı çox istedadlı gənc var - Mayns universitetində çalışır. O, M.Ə. Rəsulzadənin polyak mətbuatında çıxan yazıları ilə bağlı çıxış etdi.

Yaddaqalan çıxışların biri də, istedadlı gürcü alimi Parisdəki Şərqi Avropa Araşdırmaları Mərkəzinin əməkdaşı Georgi Mamuliaya məxsus idi. O, Məhəmməd Əmin bəyin Parisdəki fəaliyyəti ilə bağlı faktlarla, sənədlərlə zəngin olan çıxış etdi.
Azərbaycanlı doktorant Şəhla Qasımova Rəsulzadənin həyatının Polşa dövrü ilə bağlı dissertasiyasını tamamlayıb. Onun da çıxışı maraq doğurdu.

Nəsiman Yaqublu (Azərbaycan), Şəmsəddin Şimşək (Türkiyə) də danışdılar. Şəmsəddin Şimşək həm M.Ə.Rəsulzadənin, həm də Əhməd bəy Ağaoğlunun araşdırıcısıdır.

Konfrans iki gün davam etdi. 30-a qədər məruzə dinlənildi. Elmi prinsipiallıq, konstruktivlik şəraitində keçdi. Canlı müzakirələr, polemikalar aparıldı və bu doğrudan da, Azərbaycana marağın, xüsusən də, tariximizin çox önəmli bir dövrünün və siyasi mühacirətin fəaliyyətinə marağın kifayət qədər böyük olduğunu göstərdi.

S.İ.: Vilayət bəy, konfransdan çıxardığınız ən önəmli nəticə nə oldu?


V.Q.: Mən demək istəyirəm ki, belə konfranslar ölkəmizi, onun görkəmli şəxsiyyətlərini tanıtmaq baxımından çox önəmlidir. Söhbət yalnız M.Ə.Rəsulzadədən yox, onun təsvir etdiyi siyasi qüvvədən, onun qurucularından biri olduğu dövlətdən, onun qatıldığı ictimai-siyasi proseslərdən gedir. Bütün bunlar nəticə etibarilə Azərbaycan tarixinin müəyyən bir hissəsinin daha yaxşı tanınmasına, təbliğ edilməsinə xidmət edir. İstərdim ki, gələcəkdə bu tədbirə qatılan alimlərin iştirakı ilə Azərbaycanda da belə konfranslar keçirilsin. Çünki bu insanlar, xüsusilə, Avropadan gələn araşdırıcılar təmənnasız olaraq Azərbaycan xalqına, elminə xidmət etmək istəyirlər. Yaxşı olardı ki, respublikada onların xidmətlərini görsünlər, onların iştirakı ilə konfrans keçirsinlər. Yazdıqları əsərlər tanıdılsın, çap edilsin. Bu bizə həm ictimai-siyasi izolyasiyadan çıxmağa kömək etmiş olar, həm də Avropada bizim haqqımızda nə düşünüldüyünü əyani şəkildə görməyə yardımçı olar.
XS
SM
MD
LG