Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:10

Türkiyənin Vaşinqtondakı səfiri niyə istefa verib?


Nabi Şənsoy
Baş nazir Ərdoğanın ABŞ-a rəsmi səfərinin başa çatmasından sonra Türkiyənin Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Nabi Şənsoy vəzifəsindən istefa verib.

Siyasət və diplomatiya şərhçiləri səfirin Xarici İşlər naziri Ahmet Davutoğlunun Obama-Ərdoğan görüşündə iştirakına icazə verilməməsinə reaksiya göstərərək istefa verdiyini desələr də, hökumətə yaxın radikal islamçı «Vakit» qəzetinin Ankara təmsilçisi Sərdar Arsevən Vaşinqton kulislərində dolaşan başqa bir iddianı gündəliyə gətirib.

Arsevənə görə, Şənsoyun istefasının arxasında Maliyyə Nazirliyi müfəttişlərinin «Doğan» media holdinqinə verdiyi 3.5 milyard dollarlıq cəzanın ABŞ tərəfindən sərt tənqid edilməsi və səfirin buna lazımi dərəcədə reaksiya göstərməməsi durur.

Sərdar Arsevən «Vakit» qəzetində Türkiyənin Vaşinqtondakı səfirinin istefasını bu şəkildə izah edib:

«Türkiyənin Vaşinqton səfiri Nabi Şənsoyun vəzifə müddəti dekabrda qurtarırdı. Şənsoy, pensiya vaxtının gələcəyi 2010-cu ilin may ayına qədər vəzifəsində qalacaqdı. Ancaq kulislərdə ciddilik qazanan iddiaya görə, «Doğan» qrupunun qara təbliğatı ilə bağlı olaraq lazımi işləri görməyən, hətta bu qara təbliğata dəstək verən Nabi Şənsoy, vaxtından 6 ay əvvəl kreslosunu tərk etmək məcburiyyətində qaldı».

Siyasi müşahidəçilər Nabi Şənsoyun ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasından siyasətə girmək üçün vaxtından əvvəl diplomatik vəzifəsindən ayrıldığını da istisna etmirlər.

Nabi Şənsoy Türkiyənin Vaşinqtonda fövqəladə və səlahiyyətli səfiri təyin edilənə qədər Dehli və Moskvada səfir işləmişdi.
XS
SM
MD
LG