Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:18

Müxalifətin icazəsiz toplaşdığı yeganə yer...


«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.
«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.
«Azərbaycanda bura yeganə yerdir ki, biz hakimiyyətin fəaliyyətini maneəsiz tənqid edə, siyasi baxışlarımızı ifadə edə bilirik. Ölkədə müxalifətin kütləvi toplantılarına imkan verilmədiyindən bura üzvlərimizlə ünsiyyət üçün əsas vasitələrdən biridir».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı «Facebook» sosial şəbəkəsi haqqında danışır. Şəbəkədə Gənclər Komitəsinin mindən çox üzvü var. Əbülfəz Qurbanlı deyir ki, partiyanın ofisi yoxdur, amma «Facebook» son vaxtlar üzvlər üçün qərargaha çevrilib:

«Komitənin qapalı qrupu var. Biz çox vaxt toplantılarımızı online keçiririk, müzakirələrimizi aparırıq».

İSA QƏMBƏRƏ «YAŞIL İŞIQ»

«Facebook»un «online chat» – söhbət bölməsində «Müsavat» partiyasının başqanı İsa Qəmbərin adının qarşısında çox vaxt yaşıl işıq yanır. Bu o deməkdir ki, İsa Qəmbər səhifədədir. Bir neçə aydır ki, «Facebook»a gələn partiya başqanı deyir ki, bu şəbəkə onunçün yeni ünsiyyət, paylaşma imkanları açır: «Mən bu üsulu başqa siyasətçilərə də məsləhət görərdim».

«Müsavat» Partiyası sonuncu dəfə Bakıda mitinqi üç il əvvəl keçirib.

Hakimiyyət şəhərin mərkəzində kütləvi aksiyalara qadağa qoyub, deyir ki, sakinlərin narahatlığı pozulur.

Zeynal Məmmədli
İngilisdilli mənbələr «sosial media» anlayışına belə tərif verirlər - Sosial media cəmiyyətin internet vasitəsilə ünsiyyətinə, informasiya mübadiləsinə xidmət edən, məhdudiyyətsiz, çatımlı vasitədir.

«ORADA İFADƏ AZADLIĞI VAR»

Media eksperti Zeynal Məmmədli deyir ki, Azərbaycan kimi ifadə azadlığı problemi olan ölkələrdə sosial medianın rolunun artması normaldır:

«Post-totalitar ölkələr üçün sosial şəbəkələrin rolu danılmazdır, belə şəbəkələr özünüifadə imkanı yaradır. Bu da o deməkdir ki, informasiya qapalı qalmayacaq, hakimiyyət nə qədər məhdudiyyət qoysa da müzakirələr aparılacaq».

«FACEBOOK»UN İLK AZƏRBAYCANLI SAKİNLƏRİ

İndi Azərbaycanda ən populyar sosial şəbəkə demək olar ki, «Facebook» dur. Bütün dünya üzrə 300 milyona yaxın istifadəçisi olan şəbəkədə Azərbaycandan nə qədər adam olduğunu demək çətindir. Hələ ki, «Facebook» özü AzadlıqRadiosunun bu haqda sorğusuna cavab verməyib. Bəzi mənbələrə görə, şəbəkədə 50 min azərbaycanlı var. Fransada yaşayan azərbaycanlı jurnalist, AN şəbəkəsinin həmtəsisçisi Elnur Məcidli deyir ki, o, «Facebook»dakı ilk azərbaycanlılardan olub:

«2005-ci ildə «Facebook»da Azərbaycandan cəmi bir neçə istifadəçi var idi, indi artım sürətlə gedir»
«2005-ci ildə «Facebook»da Azərbaycandan cəmi bir neçə istifadəçi var idi, indi artım sürətlə gedir».

«ONU «FACEBOOK»A GÖRƏ HƏBS ETDİLƏR»

Elnur Məcidlinin həmkarı - AN şəbəkəsinin başqa bir həmtəsisçisi bloqqer Emin Milli indi xuliqanlıq ittihamı ilə həbsdədir. Elnur Məcidli hesab edir ki, Emin Millinin həbsinin səbəblərindən biri də «Facebook»da hakimiyyəti tənqid edən materiallar olub:

«Bu, səbəblərdən biri ola bilər. Eminin «Facebook»da aktivliyi yüksək idi. O həm də ingilis dilində məlumatları yerləşdirirdi. Bu Azərbaycanda bir çox adamların xoşuna gəlməyə bilərdi».
Hakimiyyət isə Emin Millinin ictimai aktivliyinə görə həbs olunması versiyasını rədd edir.

SİYASİ MÜHACİRƏT

Tanınmış publisist Məmməd Süleymanov hesab edir ki, Azərbaycanda siyasi azadlıqlar pozulduğu üçün sosial şəbəkələr sanki alternativ rolu oynayır, siyasətçilər internetə mühacirət edirlər.

Amma Məmməd Süleymanov hesab edir ki, özünü virtualda ifadə etmək müvəqqəti xarakter daşıyır, bu, ancaq birinci mərhələ ola bilər.
Məmməd Süleymanov
Problemin həlli ancaq real həyatda mümkündür.

İNTERNET PREZİDENTİ

ABŞ-ın İndiana Universitetinin Jurnalistika fakültəsinin tələbəsi, hazırda sosial media üzrə elmi araşdırma üzərində işləyən Şəhla Sultanova deyir ki, ABŞ-da da sosial media getdikcə populyarlaşır, amma bu aktivləşməni Azərbaycanla müqayisə etmək olmaz:

«Azərbaycandan fərqli olaraq Amerikada sosial media siyasi məsələlərin müzakirəsi ilə yüklənməyib və qətiyyən reallıqda boşluğu doldurmağa yönəlməyib. Onlar sosial mediaya Azərbaycandakı kimi azadlıq axtarmaq üçün gəlmirlər. Sadəcə olaraq, bu, amerikalılar üçün ünsiyyət və müzakirələr üçün əlavə imkandır».

Şəhla Sultanova deyir ki, ABŞ-da siyasətçilər öz təbliğatlarını qurmaq üçün sosial mediadan istifadə edirlər:

Şəhla Sultanova
«Amerika tarixində üç prezident öz seçki kampaniyası metodları ilə yadda qalıb. Ruzvelt insanlara öz mesajını çatdırmaq üçün radiodan istifadə edib, Kennedi televiziyadan istifadəsinə görə məşhurdur. Obamanı isə «internet prezidenti» adlandırırlar. Obamanın sosial mediadan istifadəsi onun uğurunda mühüm rol oynadı».

Amma Azərbaycanda sosial şəbəkələr hamı üçün çatımlı deyil. Rabitə Nazirliyinin məlumatına görə, ölkədə 3,5 milyon İnternet istifadəçisi var, müstəqil ekspertlər bu rəqəmin iki dəfə az olduğunu deyirlər. Ümumiyyətlə isə rəsmi rəqəmə görə Azərbaycanda istifadəçilərin 90 faizə qədəri internetə «dial up» vasitəsilə qoşula bilir ki, bu da istifadə imkanlarını xeyli zəiflədir. Başqa bir problem isə İnternetin qiyməti ilə bağlıdır, Azərbaycanda İnternet Avropa ölkələri ilə müqayisədə bir neçə dəfə bahadır və keyfiyyəti aşağıdır.
XS
SM
MD
LG