Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:37

40 ilin müəllim qorxusu... (2-ci hissə)


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
Dekabrın 17-si Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın usanmaz araşdırıcısı Şirməmməd Hüseynovun 85 yaşı tamam olur.

AzadlıqRadiosunun «Can Bakı» proqramı yubiley günündə Şirməmməd müəllimi qonaq qarşılamaqdan qürur duyur, hamını bu söhbəti eşitməyə və oxumağa çağırır.

S.İ.: Şirməmməd müəllim, deyirsiniz ki, başımı aşağı salıb işləyirəm. Nə üzərində işləyirsiniz, sirr deyilsə?

İŞLƏDİKCƏ, YAŞ YADIMDAN ÇIXIR!

Ş.H.: Ən son Üzeyir bəyin kitabını buraxmışam. Mən kimləri çap etdirirəm? Məhəmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Əhməd bəy Ağayevi, Əli bəy Hüseynzadəni... O kişiləri ki, bizi millət kimi yaşadırlar. Bax, 2012-ci ildə Mirzə Fətəli Axundovun 200 illiyidir. Mən o yubileyə əməlli-başlı hazırlıq görürəm. Axundovu Sovetlərdə bizə allahsız kimi təqdim ediblər. Mənim yadımdadır, Moskva universitetində bir yoldaşımız Axundovdan dissertasiya müdafiə edirdi. Elmi şurada başladı ki, Çernışevski belə deyib, Belinski belə deyib, nə bilim kim belə deyib. Axırda Elmi Şuranın aparıcısı professor Qaqarin qayıtdı ki: «A sam Axundov şto skazal?». Rus deyir ey, bunu. Axundovu o cür təqdim etmək olar? Üstəlik, müstəqillik dövrünün cavanlarına? Qətiyyən, yox! Nə qədər görüləsi işlər var! Və yaxud, Üzeyir bəyin 125 illiyidir. İndiyədək 10 cild əvəzinə 4 cild buraxıblar. Publisistikasından nə qədər yeri ixtisar ediblər, redaktə ediblər, dili sadələşdiriblər. Üzeyir bəyin yazdıqlarının başına min oyun gətiriblər. Yəni mən onları qınamıram, senzura vardı, onlar məcbur idilər. Axı, üstündən 20 il keçib. Hərə öz dədə-babasının 8-10 cildini buraxdırır. Üzeyir bəyin övladı yoxdu, axı? Biz hamımız onun övladlarıyıq! Biz niyə buraxmayaq? Cavanlara niyə onu olduğu kimi təqdim etməyək? Üzeyir bəyin əsrlərinin 40%-i hələ işıq üzü görməyib. İndi birinci cild hazırdır. «Nəşrlərdən kənarda qoyulmuş mətbu əsərləri» - 1904-12-ci illər. Adı belədir. İkinci cildi də hazırlayıram. Mart ayına onu da verəcəyəm. Üzeyir bəyin yubileyinə onun əsərlərinin akademik nəşrinin birinci cildini də ortaya qoyacağam. Bilirsiniz, mən işlədikcə, yaş yadımdan çıxır.

S.İ.: Nə gözəl! Nə yaxşı ki, belədir.


Ş.H.: Vallah, hə!

S.İ.: Sizə mesajlar gəlib. Onları oxuyum, sonra yenə suallarım olacaq. Almaniyadan Nailə sizi bütün tələbələriniz adından təbrik edir. Və deyir ki, hər zaman müəllimlik adının sizin şəxsinizdə şərəfləndiyini görmüşük. Sizin düşüncələriniz mənə indi də qiymətlidir. İndiki tələbələrin 15-20 il öncəkilərdən fərqi nədədir? - deyə soruşur keçmiş tələbəniz Sizdən.

KEÇİD DÖVRÜ O VAXT BİTƏCƏK Kİ, YENİ NƏSİL YETİŞSİN!

Ş.H.: Bilirsinizmi, bu cavanlar həmişə baxırlar ki, yaşlılar özlərini necə aparırlar. Ailədə necədirlər, ictimaiyyət arasında necədirlər? Oğrunun, rüşvətxorun uşağı da, oğru, rüşvətxor olur. Əlbttə, istisnalar da var. Bir halda ki, biz keçid dövründə yaşayırıq, hərçənd bəziləri deyir keçid dövrü bitib. Keçid dövrü o vaxt qurtaracaq ki, yeni nəsil yetişsin! Söhbət təkcə iqtisadiyyatdan, siyasətdən getmir, söhbət nəsildən gedir. Ç.Aytmatov deyirdi ki, biz Avropanın demokratik ölkələri səviyyəsində vətəndaş yetişdirmək üçün gərək 4-5 nəsil dəyişə. Biz hamımız sovetlərdən qalan adamlarıq. Bizi idarə edənlər də həmçinin. İstər-istəməz, Sovet dövrünün təfəkkür tərzi, diktatura təfəkkürü var bizdə. Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin»də yazırdı ki, İngiltərədə bir kral var, filan yerdə bir kral var, amma Azərbaycanda 2324 padşah var. Çünki kim hansı vəzifədə oturursa, özünü padşah bilir. Özündən yuxarının quludur, aşağının ağası. Bu təfəkkür tərzi bizim başımızdan tez çıxmayacaq. Zorla çıxarmaq mümkün deyil. Bu gərək, təlqin oluna, tərbiyə oluna. İndi sağ olsunlar, ayılıblar ki, KİV (Əslində Kütləvi İnformasiya Vasitələri XX əsrdə qaldı, indi Kommunikasiya vasitəsidir, ünsiyyət vasitəsidir) gərək bu millətin ruhunu oxşasın, bu milləti formalaşdırsın, vətəndaş yetişdirsin. Vətəndaşı həm də müəllim tərbiyə etməlidir, ailə yetişdirməlidir. Hərə ailəsində vətəndaş yetişdirsə, daha nə söhbət olar ki? Bax, mənim iki qızım var. Biri sənətşünaslıq doktorudur, professordur. Gecə-gündüz işləyir. Seuldan tutmuş, Vyana, Qahirə - hər yanı dolaşır. Vyanada «Arşın mal alan» göstəriləndə, operettanı tanıtdı. Qahirədə «Min bir gecə» baletinin tamaşasından reportajlar apardı. Bizim ailə Üzüyirşünas ailədir. Qızımın ikisi də Üzeyir bəydən müdafiə ebiblər. Demək istədiyim odur ki, gərək ailədə də vətəndaş yetişsin. Nəvələrim də baxırlar ki, babaları nə işlə məşğuldur, ata-anası nə ilə məşğuldur. Görsələr ki, biz təmiz adamıq, haramla aramız yoxdur, heç kəsdən təmənnamız yoxdur, öz nəfsimizə hakimik, halallıqla qazandıqlarımızdan razıyıq, özü də bu cür böyüyəcək.

S.İ.: Şirməmməd müəllim, «Düzdeyən» imzalı bir dinləyicimiz yazır ki, Azərbaycan mətbuatının bu günə düşməsinin səbəbkarı siz və həmkarlarınızdır. O yazır ki, niyə indiyə kimi Sizlər bir dərslik ortaya qoymamısınız?


Ş.H.: Çox sağ olsun. Gərək adam tənqid də eşitsin. Bildin, nə deyirəm?

S.İ.: Bildim!


Ş.H.: Əvvəla deyim ki, Təhsil Naziri Misir Mərdanov çıxışlarının birində maraqlı bir şey demişdi ki, bizdə də təmiz, rüşvət almayan ali məktəblər var. O cümlədən, BDU-nun jurnalistika fakültəsi.

S.İ.: Onu bizim vaxtımızda da deyirdilər, indi də deyirlər.

BU CÜR HARAYDA, VURHAVURDA BİZ ONU TƏMİZ SAXLAMIŞIQ

Ş.H.: Onu özümüzün ən böyük uğuru hesab edirəm. Bu, bir. İkincisi, yəqin o adamın mənim yazdığım kitablardan xəbəri yoxdur. Son 5 ildə mən 7 kitab çıxarmışam. «Mətbu irsimizdən səhifələr», «Müstəqilliyin çətin yolu. Reallıqlar və düşüncələr», «Həqiqət və ədalət carçısı». M.Ə.Rəsulzadənin ikicildliyini ortaya qoymuşam. Mətbuat tarixinə dair 150 məqaləm var. Bunların hamısı kitaba salınıb. Bu kitablar dərs vəsaitidir. Qaldı dərsliyə, mətbuat tarixinə, nəzəriyyəyə və təcrübəyə aid iki kitab buraxmışıq – «Jurnalistika məsələləri. 1972-75-ci illərdə». Yeni ruhlu dərslik məsələsinə gəldikdə, evi tikmək üçün gərək bütün materialları yığasan ki, tikəsən. Ayrı-ayrı mətbuat orqanlarını əsaslı surətdə öyrənmədən, publisistləri bilmədən, materiallar toplamadan dərslik yazmaq olmaz. Bunları yığandan sonra o istədiyi dərslik hazır olacaq. Mətbuat tariximiz sovet dövründə elə işlənib ki, bəzən fikirləşirəm ki, işlənməsə ondan yaxşı idi. Məsələn, Üzeyir bəy yazır ki, Qarabağda bir urus ölsə, Peterburq ayağa durar. Görün, bunu necə çap ediblər: Qarabağda bir adam ölsə...A kişi, Qarabağda gündə 100 adam ölürdü, heç kəs də ayağa durmurdu... Bu cür əlgəzdirmələr olub ey. Elə əlgəzdirmələr olub ki, adamın ayağının altında yer titrəyir. Bunları düzəltmədən necə dərslik yazasan? Soruşuram səndən?

S.İ.: Elədir.

DƏRSLİKDƏ NƏ YAZASAN?

Ş.H.: 1920-ci ilə qədər Azərbaycan dilində 140-a yaxın mətbu orqanı çıxıb. Bu orqanlar öyrənilibmi ki, biz inqilabdan əvvəlki mətbuat tarixini yazaq? Mən Həsən bəy haqqında kitab yazmışam, film çəkmişəm. Həsən bəy haqqında «İrşad» qəzetində yazılanları ayrıca kitab şəklində buraxmışam. Bunlar dərs vəsaitidir, dərslik deyil. Amma məsələnin qoyuluşu düzdür. Bu dərsliyi yazmaq lazımdır. Bunun üçün də Azərbaycan mətbuatının tarixini, Azərbaycan jurnalistikasının tarixini və bu gününü öyrənən bir Mərkəz olmalıdır. Varmı? Yoxdur!

S.İ.: Eldar yazır ki, görünən dağa nə bələdçi? Sadəcə, o dağa baxıb yolumuzu tutmalıydıq. Eldar sizi Azərbaycanın ən böyük müəllimi, ağsaqqalı hesab edir. Allahyar müəllim sizi «əyilməz kişi» adlandırır. Məhərrəm də sizi təbrik edir. Və soruşur ki, bu iqtidar sizin tədqiq etdiyiniz Rəsulzadəni niyə insanların yaddaşından silmək istəyir?

Ş.H.: Hamıya təşəkkür edirəm. M.Ə.Rəsulzadə özü yazırdı ki, ölənləri xeyirxahlıqla yad etmək bizim əxlaq borcumuzdur. Bir yerdə də yazır ki, tarixi şəxsiyyətlərə qiymət vermək tarixin işidir. Ramiz Abutalıbov Moskvadan gəlib. Deyir, təkcə keçən il orada M.Ə.Rəsulzadə haqqında iki kitab çıxıb.

S.İ.: Biri də keçən ay çıxdı...

Ş.H.: Məhəmməd Əmin Rəsulzadə yaddan çıxmayıb. Zaman elədir ki, hər şey siyasətə qurban edilir. Bildin, nə deyirəm?

S.İ.: Bildim!

M.Ə.RƏSULZADƏNİN I-Cİ CİLDİNİ GÖNDƏRDİM HEYDƏR ƏLİYEVƏ

Ş.H.: Üstündə də yazdım ki, XX əsrin əvvəllərində bizə müstəqil dövlət yaradan Məhəmməd Əmin Rəsulzadənin əsərlərini Sizə təqdim edirəm. Arzum odur ki, əsrin sonunda Azərbaycan müstəqilliyini onun kimi aparmaq iqtidarında olan yeni bir M. Ə.Rəsulzadə yetişdirsin. Və ümidvaram ki, siz bu missiyanı yerinə yetirəcəksiniz. Hər dövrün öz tarixi şəxsiyyəti var. Bu bir. İkincisi, tarixi şəxsiyyətləri bir-biri ilə müqayisə etmək nöqsanlıdır. Məhəmməd Əmini heç kəs tarixdən silə bilməz! (Sükut)... Mən belə fikirləşirəm!

S.İ.: Rüfət adlı dinləyicimiz yazır ki, gör iqtidar Müsavatdan nə qədər qorxur ki, bələdiyyə seçkilərində seçki siyahılarında adını qısaldaraq MP yazır. Halbuki, nizamnamədə partiyanın qısaldılmış adı yoxdur...

Ş.H.: Mən seçki məsələləri ilə məşğul olmuram. Maraqlanmıram da. Bildin , nə deyirəm?

S.İ.: Bildim.

Ş.H.: Çünki bunlar keçici şeylərdir. Əsas məsələ, mühüm məsələ Azərbaycanda demokratiyanın - Cümhuriyyət dövrü demokratiyasının bərpasıdır. İnformasiya cəmiyyətində yaşayırıq. İstəsək də, istəməsək də, bu dünyada azadlıq da, demokratiya da zamanla öz yerini tutacaq. Tələsmək lazım deyil. Xəstə tələsməklə deyil. Armud dəyməyib...

S.İ.: Armud vaxtında yetişir...


Ş.H.: Hər şeydə nə isə axtarmaq lazım deyil. Qoy hər kəs namusla işləsin. Deyir, istəyirsən ki, küçə təmiz olsun, hərə öz evinin qabağını süpürsün. Hərə öz işinə namusla yanaşsa, qanunu gözləsə, demokratiyaya sadiq olsa, onda görün bu ölkə necə demokratik olur?! Hamıdan hər şey tələb etmək yarayan şey deyil. İşləmək lazımdır. Mən belə fikirləşirəm.

S.İ.: Şirməmməd müəllim, söhbətdən bir gün öncə saytımızda sizin yubileyinizlə bağlı anons yazmışdım. Deyirəm, Şirməmməd müəllim yayı Şəkidə, qışı Bakıda yaşasa da, hər zaman Bakıya can deyənlərdən olub. Düzmü yazmışam?


Ş.H.: Bəli, bəli..

S.İ.: «Can Bakı» proqramındasınız, axı... Necə rolu oldu Bakının həyatınızda?


Ş.H.: Bilirsinizmi, M.Ə.Rəsulzadə 1918-ci ildə istiqlal elan olunanda, Bakıda yox idi, İstanbuldaydı. Orada bir qəzetə müsahibə vermişdi. O vaxt Bakı uğrunda vuruş gedirdi. Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Bakıya tərəf gəlirdi. Hə, o müsahibədə Məhəmməd Əmin Bəy deyirdi ki, Bakısız Azərbaycan yoxdur. Berlin almanlar üçün, London ingilislər üçün, Paris fransızlar üçün, Vaşinqton amerikalılar üçün, Moskva ruslar üçün, İstanbul türklər üçün nədirsə, Bakı da Azərbaycan üçün odur. Bakı Azərbaycanın paytaxtı, ruhudur...

S.İ.: Əmin bəy deyən kimi, Bakısız Azərbaycan başsız bədəndir!


BAKISIZ VƏTƏN YOXDUR!

Ş.H.: Millətin düşünən beyni buradadır. Bakını sevmək Vətəni sevməkdir! Bakısız Vətən yoxdur! Necə ki, Qarabağsız Vətən yoxdur! Bəzən təəccüb edirəm, küçədə biri əlindəki papirosu yerə tullayır. Yəqin o bu torpağı Vətən hesab etmir. Vətən hesab etsə, bilsə ki, torpaq ana Vətəndir, o anasının üstündə yeriyir, ora zəhər atmaz. Əgər uşaq atasında bu hərəkəti görürsə, o da torpaqda Vətən anlayışı görməyəcək. Elə biləcək, Vətən ancaq evin içidir, küçədəki torpaq Vətən deyil. Bunlar hamısı tərbiyə olunmalıdır. Çox təəssüf ki, KİV-lər bununla məşğul olmurlar. Günün çox hissəsini avara söhbətlərlə keçirirlər. Axırda rəhbərlik də məcbur oldu desin ki, ay kişi, belə olmaz!

S.İ.: Vaxtımız bitir, Şirməmməd müəllim. Son, bəlkə də şəxsi sual: Tale elə gətirdi ki, mənim tələbəlik dövrüm Sizin fakültənin dekanı olduğunuz illərə düşdü. Siz həm də mənə dərs dediniz. Bir etirafda bulunummu? Tələbəlik dövründə həmişə Sizdən çəkinmişəm, hətta qorxmuşam. Çox sərt, amansız bir dekan kimi qalmısınız yaddaşımda. Bu hiss 40 ildir ki, keçməyib. Hər dəfə Sizdən müsahibə alanda təzələnir...


Ş.H.: Sizə bir şey deyim, məndən qorxurdular, çünki qanundan qorxurdular. Əgər bir adam düzgün adamdırsa, nizam-intizama tabe olursa, vətəndaş kimi qanuna əməl edirsə, o niyə qorxmalıdır ki? Qanunu pozmağa meyllidirsə, o qorxmalıdır. Amma heç kəs deyə bilməz ki, Şirməmməd Hüseynov yeri gələndə onun mənafeyini müdafiə etməyib! Əsas budur, ey! (Gülüşmə)

S.İ.: Şirməmməd müəllim, təşəkkür edirəm. Bizə bu qədər vaxt ayırdınız. Bir daha AzadlıqRadiosunun adından Sizi təbrik edirəm. Sonda proqramımız adından da istəyirəm bir Can Bakı söyləyəsiniz...


Ş.H.: Onsuz da Bakı bizim canımız, varlığımızdır. Adam çox istədiyi adam haqqında fəxarətli sözlər deyə bilmir. Biz bu məmləkətin, bu ölkənin, bu şəhərin vətəndaşlarıyıq. Bundan böyük ad ola bilməz!

S.İ.: Sağ olun.

MÜSAHİBƏNİN 1-Cİ HİSSƏSİ
XS
SM
MD
LG