Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:41

Rusiyada Stalinin 130 illik yubileyi qeyd olunur


Stalini Rusiya kommunistləri qəhrəman kimi anırlar, Moskva, 21 dekabr 2009
Stalini Rusiya kommunistləri qəhrəman kimi anırlar, Moskva, 21 dekabr 2009
30 illik hakimiyyəti dövründə milyonlarla insanın, ziyalının ölümünə səbəb olan Stalini bu gün Rusiya kommunistləri qəhrəman kimi anırlar. Onun yubileyi şərəfinə tədbirlər, nümayişlər təşkil eləməklə, medallar, mükafatlar verməklə.

Stalin tarixin yaddaşında milyonların ölümünə, sürgün edilməsinə səbəb olan repressiyaları ilə yadda qalsa da, bəzi ruslar üçün o hələ də populyardır. Rusiyada keçiilən son sorğuya görə, rusların 54 faizi onun yaxşı lider olduğunu düşünür, ancaq 8 faizi onun haqda pis sözlər deyir.

Ötən il keçirilən tele-sorğuda isə, Stalin bütün dövrlərin ən böyük rus xadimləri arasında üçüncü olmuşdu. Ancaq 13-cü əsrdə yaşayan Aleksandr Nevski və 20-ci əsrin əvvəlinin islahatçısı Pyotr Stolıpinə uduzaraq.

Çoxları Stalinə İkinci Dünya Müharibəsində Almaniyanı məğlub edən SSRİ-nin başındakı lider olduğu üçün hörmətlə yanaşır. 1945-ci il mayın 10-da Stalin həmin müharibədəki qələbəni elan eləmişdi.

«Yoldaşlar, Böyük Vətən Müharibəsi bizim tam qələbəmiz ilə başa çatıb. Avropada müharibə dövrü arxada qalıb, indi dinc inkişaf başlayır».

Stalin 130 il əvvəl, Qoridə, Gürcüstanda doğulub. İosif Cuqaşvili familiyasıyla. Uzun illər onun milli kimliyi barəsində müxtəlif iddialar, mübahisələr olub və bu günə kimi fərqli xəbərlər yayılmaqdadır. Ancaq, milliyətcə Gürcü də olsa, son illərin daha millətçi yönümlü Rusiya liderləri, xüsusən də Baş nazir Vladimir Putin Stalin üsul-idarəsini daha çox öyməsiylə tanınıb.

Bu halı isə Stalin repressiyalarının qurbanlarını unutmayan bir çoxları anormal sayır. Memorial insan haqları təşkilatından İrina Şerbakova:

«Məncə bu gün əslində heç nə etməyə ehtiyac yoxdur. Çünki, bu günün özəlliyi yoxdur. Bu günün Rusiyada xüsusi xatırlanması özü böyük problemdir və insanların beynindəki, cəmiyyətdəki fərqli fikirlərin xaosundan xəbər verir».

Vladimir Putinin varisi olan indiki prezident Dmitri Medvedev isə sələfindən fərqli olaraq ötən il Stalini qəhramanlıqlarına görə yox, repressiyaları ilə yada salmışdı.

Rusiya siyasi repressiya qurbanlarının xatirə günündə, öz videobloqaunda çıxış edən prezident demişdi ki, «Stalin repressiyaları Rusiya tarixindəki ən böyük faciələrdəndir. Və bu hadisələr göstərib ki, faciələr və insanlara əzab vermək yoluyla heç bir inkişafa, heç bir uğura nail olmaq mümkün deyil».

Bu il də Rusiya dövlət rəsmiləri Stalinin yubileyinin üzərindən sükutla keçirlər. Rusiya dövlət mediası bu günlə bağlı xüsusi buraxılışlar hazırlamır. Sadəcə, əsasən Kommunist partiyasının yubileylə bağlı ölkə boyu keçirdiyi tədbirlədən xəbər verirlər, vəssalam.
XS
SM
MD
LG