Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:20

Heroini jurnalistin üstünə kim atıb?


Tədbirdə Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə nəzarət üzrə İctimai Komitənin üzvləri də iştirak ediblər
Tədbirdə Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə nəzarət üzrə İctimai Komitənin üzvləri də iştirak ediblər
Həbsdə olan jurnalist Eynulla Fətullayevin cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində üzərindən narkotik tapılması ilə bağlı dekabrın 31-də Söz Azadlığını Müdafiə Komitəsinin iclası keçirilib. Vəkil İsaxan Aşurov hüquq müdafiəçilərini və ictimaiyyət nümayəndələrini Eynulla Fətullayevə qarşı irəli sürülmüş ittihamla bağlı yol verilən prosedur pozuntular barədə məlumatlandırıb. Vəkilin sözlərinə görə, prosedur pozuntulardan biri dustağın üzərində axtarış aparılarkən və narkotik aşkar edilərkən bu barədə ailə üzvlərinin məlumatlandırılmaması olub. Belə ki, əgər jurnalistin atası cəzaçəkmə müəssisəsinə getməsəydi, oğlunun başına gələnlərdən xəbər tutmayacaqdı.

Tədbirdə iştirak edən jurnalistin atası Emin Fətullayev bildirib ki, hər çərşənbə günü saat 9.30-da Eynulla evə zəng vurur. Bu çərşənbə günü ailənin gözü yolda qalıb. Eynulla zəng vurmayıb. Narahat olan ata oğlundan xəbər tutmaq üçün cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinə yollanıb və baş verənlərdən də orada xəbər tutub. Bundan sonra dərhal Eynullanın vəkili İsaxan Aşurovla əlaqə saxlayıb.

İsaxan Aşurov deyir ki, axtarışdan sonra Eynulla Fətullayevi bir sutka karserdə alçaldıcı vəziyyətdə saxlayıblar. Vəkil bunu işgəncə faktı kimi qiymətləndirib. Onun sözlərinə görə, Eynulla Fətullayevin narkotikdən asılı olub-olmadığını yoxlamaq üçün ekspertiza keçirilməsini istəyib. O, tibbi ekspertdən sidik analizinin cəzaçəkmə müəssisəsində ekspertizasının mümkünlüyünü soruşub: «Həkim dedi, analiz edib 5 dəqiqəyə cavabını deyə bilərik. Ancaq sonra həkimi çağırdılar, bir azdan geri qayıdaraq dedi ki, testlər yanında deyil, buna görə də o test edə bilməyəcək».

Vəkilin sözlərinə görə, Eynulla Fətullayev ayaqqabısının içindən və gödəkcəsinin astarından narkotik tapılmasını təkzib etmir. Sadəcə, həmin narkotikin ona məxsus olmadığını və ayaqqabısına, gödəkcəsinin astarına kim tərəfindən qoyulduğunu bilmədiyini deyir.

Emin Fətullayev də hüquq müdafiəçilərinə və ictimaiyyət nümayəndələrinə bildirib ki, narkotik maddədən istifadə ittihamı onun ailəsinə yapışan ittiham deyil. O, istintaqı aparan orqanın rəhbəri Ramil Usubovla görüşmək istədiyini söyləyib. «Ona müraciət edirəm ki, onunla görüşüm. Çünki mən ona istintaq üçün maraqlı ola biləcək məlumatlar çatdıra bilərəm».

Emin Fətullayev «Eynullaya narkotiki kim keçirə bilər» – sualına da cavab axtarır: «Narkotiki Eynullaya onunla görüşən adamlar verə bilərdilər. Onunla da ancaq mən və vəkili görüşür. Anası ildə bir dəfə gedir. Bəlkə onunla görüşmüş AQO beynəlxalq müşahidəçilər qrupundan şübhələnirlər?»

Tədbirdə Ədliyyə Nazirliyi yanında penitensiar xidmətə nəzarət üzrə İctimai Komitənin üzvləri də iştirak ediblər. Onlar Eynulla Fətullayevin cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinin narkotiklərdən azad müəssisə kimi tanındığını bildiriblər. Onların sözlərinə görə, İctimai Komitə də məsələni araşdıracaq.

Tədbirdə iştirak edən politoloq İlqar Məmmədov bildirib ki, belə siyasi məsələnin arxasında prezidentdən başqa heç kəs dayana bilməz. Hazırda beynəlxalq ictimaiyyətə müraciət hazırlanır. Təklif olunur ki, müraciətdə Azərbaycanda jurnalistlərin həbsinə qərar verən və azad mediaya basqılarda birbaşa iştirak edən adamların Avropa ölkələrinə viza almaq hüququndan məhrum edilmələri məsələsi də qoyulsun. Müraciətin mətni yaxın günlərdə bütün iştirakçılar tərəfindən razılaşdırılacaq və Avropa təşkilatlarında iş günləri başlayanda yayılacaq.

Vəkil İsaxan Aşurov deyir ki, Eynulla Fətullayevlə pis rəftara görə məhkəməyə müraciət edəcəklər.

Jurnalist Eynulla Fətullayev həbsxanaya daxil olarkən onun narkotikdən asılılığı müəyyənləşibmi? AzadlıqRadiosunın bu sualına cavab verən Ədliyyə Nazirliyi yanında penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyir ki, onda bu barədə məlumat yoxdur.

«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
XS
SM
MD
LG